AZ EN RU

Beynəlxalq Rəsm Festivalının iştirakçıları: Naxçıvan milli-mənəvi dəyərlərimizin yaşadıldığı, yüksək incəsənəti ilə dünyada tanınan diyardır

    “Naxçıvan-Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalının iştirakçıları təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüblər.
    Ağaəli İbrahimov –  Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı: – Naxçıvana tez-tez gəlirəm. Çox gözəl diyardır, təmiz şəhərdir. Dahi şəxsiyyət Heydər Əliyevin yubileyinə həsr olunan festivala maraq böyükdür. Ulu Öndər bütün sənət adamlarının, həmçinin rəssamların yaxın dostu idi.  Böyük dövlət xadimi deyirdi ki, mən rəssam olmaq istəyirdim. Elə bu ifadə onun rəssamlıq sahəsinə sevgisindən, bu sənətin adamlarına böyük qayğısından və hörmətindən irəli gəlirdi.  Ümummilli Lider Heydər Əliyev rəssamlıq sahəsinin inkişafı, rəssamların fəaliyyəti üçün gözəl şərait yaratdı. Bakıda, eləcə də bu qədim diyarda rəssamlar üçün xüsusi bina və emalatxanalar tikilib istifadəyə verildi, rəssamlarımız müəyyən fəxri adlara, dövlət mükafatlarına layiq görüldü, onların yaradıcı imkanlarının artırılması, sosial vəziyyətlərinin yaxşılaşdırılması daim diqqətdə saxlanıldı. Bu gün dünyanın bir çox yerlərində  bizim sənət adamlarının heykəlləri qoyulub. Sənətə, sənətkara böyük dəyər verən görkəmli dövlət xadiminin doğulduğu diyarda belə festivalların təşkili təqdirəlayiqdir. Xalqlararası dostluğun, mədəniyyətin inkişafında onun böyük əhəmiyyəti vardır. Bu gün Naxçıvanda, sözün əsl mənasında, böyük bir bayramdır, incəsənət bayramı,  dostluq bayramı, yaradıcı bayram. Ulu Öndər deyirdi ki, yaradıcı insanlar qeyri-adi insanlardır. Yaradıcı insan digər insanlar üçün də bir ilham qaynağıdır. Bizim yaradıcı insanlarımız bu gün Prezident cənab İlham Əliyevin müzəffərliyindən, şəhidlərin, qazilərin qəhrəmanlığından, onların xalqımıza bəxş etdikləri böyük Zəfərdən ilham alaraq öz fəaliyyətlərini davam etdirirlər. Bu festivalın əhəmiyyəti bir də ondadır ki,  gənclərimiz tariximizi, bu tarixi yaradanları yaxşı bilsinlər, öyrənsinlər və rəssamların əsərlərində bu tarixin izləri hər zaman qorunub, yaşadılsın.
    Müsahibimiz Bakı şəhərindən gələn Azərbaycan Respublikasının Əməkdar rəssamı İnna Kostinadır. O həm də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında kafedra müdiri vəzifəsində çalışır. İnna xanım qeyd etdi ki, üçüncü dəfədir, Naxçıvana böyük məmnunluqla gəlir. Təşkil olunmuş festival dünyada rəssamlığın inkişafına dəyərli töhfə olacaq. Naxçıvana sevgisinin böyük olduğunu deyən müsahibimiz hər dəfə bu diyara gələndə fərqli hisslər keçirdiyini söylədi. Latviya, Rusiya, Finlandiya və başqa ölkələrdən olan dostları ilə festival çərçivəsində Naxçıvanda görüşdüyünü, yeni işlər sərgiləyəcəklərini, festival təşkilatçılarına, xüsusilə də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə dəvət üçün minnətdarlığını bildirdi. 
    Türkiyəli rəssam Məhmət Sağ Naxçıvana ikinci dəfədir, qonaq gəldiyini dedi. Müsahibimiz budəfəki gəlişində Naxçıvanın onu daha xoş təəssüratlarla qarşıladığını bildirdi: – Naxçıvan günü-gündən gözəlləşib, inkişaf edir və bu da, təbii ki, bizim diqqətimizdən yayınmır. Qədim Naxçıvan insanları ilə birgə mədəniyyət sərgiləyən bir şəhərdir. Hər kəs burada sanki sənətin, mədəniyyətin inkişafı üçün can atır. Bunlarla yanaşı, qonaqpərvərlik, insanların isti münasibəti bizi çox xoşbəxt edir. Bu da xüsusən sənətə verilən bir dəyərin göstəricisidir. Sənət isə dəyər gördüyü yerdə ucalır və hər dəfə Naxçıvanda bunun  şahidi oluruq. Bizə rəssamlara isə bu cür  xoş münasibətin qarşılığında daha gözəl rəsmlər çəkmək, onları sərgiləmək düşür. 
    Lela Geleishvili – Gürcüstanın, Tbilisi şəhərindən gəlmişəm. Tbilisi Dövlət Universitetinin professoruyam. Birinci dəfədir, Naxçıvanda festivalda iştirak edirəm. Öz bacarıqlarımızı sərgiləmək, gözəl sənət əsərləri yaratmaq üçün burada gözəl şərait vardır. Mən hər zaman Naxçıvanı  izləyirəm və sevirəm. Naxçıvan qədim tarixi, abidələri, təbiət mənzərələri ilə bizə böyük ilham verir. Xüsusilə Heydər Əliyev Muzeyində Azərbaycanın qurucusu haqqında maraqlı, bilmədiyimiz məlumatlar əldə etdik. Xalqlarımız arasındakı dostluq münasibətlərinin təməli məhz bu dahi şəxsiyyət tərəfindən qoyulub. Gəzdiyimiz muzeylər, Batabat kimi istirahət yerləri onu göstərir ki,  Naxçıvan turizm məkanı kimi də cəlbedicidir. Burada gözəl dostlar qazandıq, digər rəssamlarla fikir mübadiləsi apardıq. Festival təşkilatçılarına belə şəraiti yaratdıqlarına görə minnətdaram. 
    Rəssam Anar Hüseynzadə dedi: – Təəssüf edirəm ki, 42 yaşım olmasına baxmayaraq,  Naxçıvan şəhərinə ilk dəfədir, gəlirəm. Bu şəhər Azərbaycanın ən gözəl guşələrindən biridir. Təyyarədən enən zaman burada olduğum üçün sevinc hissləri keçirdim. Şəhərdə olan təmizlik, gözəl hava, ağacların əhatəsində olan yaşıllıq məni cəlb etdi. Eyni zamanda Naxçıvanın mineral sularının dadına doymaq olmur. Əminəm ki,  Naxçıvana növbəti səfərim Zəngəzur dəhlizi vasitəsilə olacaq.
      Qeyd edək ki, Azərbaycan Respublikasının Naxçıvan Rəssamlar Birliyi tərəfindən təşkil olunan “Naxçıvan – Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalında Azərbaycandan,  eləcə də Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Bolqarıstan, Rusiya, Finlandiya, Latviya  kimi xarici ölkələrdən 58 rəssam iştirak edir.

Güntac ŞAHMƏMMƏDLİ 
Aidə İBRAHİMOVA
 Bülbül QULİYEVA

Nəşr edilib : 30.05.2023 15:00