AZ EN RU

“Beynəlxalq Poeziya Günü” qeyd olunub

    Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov bildirib ki, 1999-cu ildə YUNESKO-nun 30-cu iclasında 21 mart tarixi Beynəlxalq Poeziya Günü elan olunmuşdur. Azərbaycanda isə Beynəlxalq Poeziya Günü 2007-ci ildən etibarən qeyd olunur. 
    Vurğulanıb ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda poeziya sənətinin inkişafına böyük qayğı göstərilir, Naxçıvanda yaşayıb-yaradan şair və yazıçıların əməyi yüksək qiymətləndirilir. Qədim diyarımızda görkəmli şairlərin yubileyləri dövlət səviyyəsində qeyd olunur, onların ev-muzeyləri yaradılır. Hər il böyük romantik şairimiz Hüseyn Cavidin anadan olduğu gün Naxçıvanda Hüseyn Cavid Poeziya Günü keçirilir. Şair və yazıçılarımız orden və medallara, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, Prezident mükafatına layiq görülürlər. 
    Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”nda Azərbaycan və dünya ədəbiyyatının da klassik poeziya nümunələri vardır. Bu Sərəncam mütaliə ilə bərabər, gözəl poeziya nümunələrinin təbliği üçün də geniş imkanlar açır. Həsən Kərimov  muxtar respublikada mədəniyyətin və incəsənətin inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
    Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev “Dünyanın söz sənəti günü”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Poeziya: fikirlərlə bəzədilən söz  sarayı” mövzularında çıxış ediblər.
    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları milli və dünya ədəbiyyatından şeirləri bədii qiraət edib. Sonra muzeyin ekspozisiyasına baxış olub.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 18.03.2022 20:39