AZ EN RU

Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib

    Mayın 18-də Mədəniyyət və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Beynəlxalq Muzeylər Günü və “Tariximizi qoruyaq və yaşadaq” aksiyasının yekunu ilə bağlı tədbir keçirilmişdir.
    Tədbiri Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov açaraq qeyd etmişdir ki, YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının 1977-ci ildə qəbul etdiyi qərara əsasən 18 may bütün dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir.
    Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq yaradılır, Azərbaycan tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında əksini tapır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muzeylərimiz müasir tələblər səviyyəsində yenidən qurulmuş, bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Bildirilmişdir ki, muxtar respublikada muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları ilə yanaşı, muxtar respublika vətəndaşları, xüsusilə ümumtəhsil məktəblərinin müəllim və şagirdləri yaxından iştirak edirlər. 

    Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, tariximizin öyrədilməsi ilə bağlı müxtəlif səpkili tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də 2019-cu ildən ümumtəhsil məktəblərində keçirilən “Tariximizi qoruyaq və yaşadaq!” aksiyasıdır. Bu il də davam etdirilən aksiya çərçivəsində müəllim və şagirdlərimiz tərəfindən qədim maddi mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda toplanmış tarixi və bədii əhəmiyyət daşıyan 225 eksponat toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, daş əmək alətləri, pul nümunələri və digər məmulatlar toplanaraq bir araya gətirilib.
    Çıxış edənlər muxtar respublikada muzey işinin inkişafına, muzeylərin fəaliyyətinə göstərilən böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından minnətdarlıqlarını bildirmişlər.
    Digər çıxışlardan sonra “Tariximizi qoruyaq və yaşadaq!” devizi altında keçirilən aksiyada fəal iştirak edənlər mükafatlandırılmış, hədiyyə olunan eksponatlardan ibarət sərgiyə və muzeyin ekspozisiyasına baxış keçirilmişdir.
    Tədbirin sonunda toplanmış eksponatlardan ibarət sərgiyə baxış olub, həmin eksponatlar Təhsil Nazirliyi tərəfindən Mədəniyyət Nazir­liyinə hədiyyə edilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 18.05.2022 19:39