AZ EN RU

Beynəlxalq Mühasiblər Günü qeyd edilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və 10  noyabr-Beynəlxalq Mühasiblər Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı əsasında  Maliyyə Nazirliyinin iclas zalında Beynəlxalq Mühasiblər günü qeyd edilib.

Tədbirdə muxtar respublikanın büdcə və kommersiya təşkilatlarında çalışan baş mühasiblər və maliyyə direktorları, peşəkar mühasib sertifikatı əldə edən, təqaüddə olan mühasiblər və  ali məktəbin Mühasibat uçotu ixtisasında təhsil alan tələbələr iştirak edib.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, Vətən müharibəsi şəhidlərinin və Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Mehriban İmanova Ulu Öndər Heydər Əliyevin ölkənin iqtisadi inkişafında olan müstəsna xidmətlərini vurğulayaraq,  mühasibat uçotunun və mühasib peşəsinin vacibliyini qeyd edib. Bildirilib ki, ölkə iqtisadiyyatında ən vacib məqam əlavə dəyər yaratmaqdır ki, bu işin dayağı mühasibatlıq sayılır. Mühasib peşəsi bütün zamanlarda tələbat və hörmət duyulan xüsusi peşə olub və sağlam maliyyə uçotu sistemi biznesin qan damarı hesab olunur. Müxtəlif ölkələrdə milli mühasiblər gününün qeyd olunmasına baxmayaraq 2008-ci ildən etibarən YUNESKO tərəfindən irəli sürülən ideyaya əsasən 10 noyabr Mühasib Günü beynəlxalq bayram kimi qeyd olunur. Mehriban İmanova Beynəlxalq Mühasiblər Günü”  münasibətilə  bütün mühasibləri təbrik edib,  onlara iş fəaliyyətlərində uğurlar arzulayıb.

Proqrama uyğun olaraq Mərkəzin əməkdaşı Aytən Mənsumzadə “Mühasibat uçotunun tarixi inkişafı və gələcəyi” mövzusunda slaydlar vasitəsilə təqdimat nümayiş etdirib. Təqdimat zamanı mühasibat uçotunun tarixi gil tabletlərdən elektron tabletlərə qədər inkişafı, mühasibatlığın texnologiyaya uyğunlaşması, mühasiblərin peşə bacarıqları və digər peşələr arasında tutduğu yer statistik göstəricilər vasitəsilə iştirakçıların diqqətinə çatdırılıb.

          Türkiyə Respublikasından onlayın olaraq tədbirə qoşulan  peşəkar mühasib  İsmayıl Tekbaş “XXI əsrdə mühasibatlığın yeni mərhələsi: kosmos mühasibatlığı” mövzusunda çıxış edərək kosmik iqtisadiyyatın mühasibat elminə, peşəsinə təsiri və kosmos mühasibatlığının vacib məqamları haqqında geniş məlumat verib.

Sonda mühasibat uçotunun tədrisi sahəsində əməyi yüksək qiymətləndirilən təlimçilər, xəzinə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiyinə görə və  mühasibat uçotu üzrə baza nəzəri biliklərin qiymətləndirilməsində əldə etdiyi nailiyyətə görə mühasiblər plaket, sertifikatlarla  təltif edilib, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar hədiyyə verilib.

 

Nəşr edilib : 07.11.2023 18:11