AZ EN RU

Beynəlxalq Müəllimlər Günü qeyd edilib

    Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 5 oktyabr –Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. 

    Tədbirdə  Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək ölkəmizdə olduğu kimi muxtar respublikada da Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilməsindən, həmin tədbirlərdə təhsil işçilərinin də fəal iştirakından danışıb.

    Müasir dövrün tələblərindən, ölkəmizdə həyata keçirilən təhsil strategiyasından bəhs edən Samir Seyidəhmədli bildirib ki, təhsil sisteminin başlıca vəzifələrindən biri də ölkənin modernləşdirilməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla da Azərbaycan Respublikasının beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdir. Azərbaycan Respublikasının təhsilin inkişafı üzrə dövlət strategiyasında 5 strateji istiqamətdən biri də təhsil sahəsində insan resurslarının müasirləşdirilməsidir. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən təhsilin məzmununun səmərəli mənimsənilməsini bacaran səriştəli təhsilverənlərin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsini, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsini cəmləşdirir.
    Çıxışda son illərdə müəllimin nüfuzunun, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən bəhs olunub. Vurğulanıb ki, 2018-ci ildən etibarən Naxçıvan Muxtar Respublikasında müəllimlərin işə qəbulu prosesi  müsabiqə yolu ilə aparılır. Növbəti ildən etibarən bu prosesə ölkədəki yanaşma tətbiq olunacaq. Müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 2014-cü ildən etibarən ümumi təhsil müəssisələrində çalışanların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb, işə qəbul prosesi təkmilləşdirilib, müəllimlərin əməyinin stimullaşdırılması məqsədilə davamlı tədbirlər həyata keçirilib. 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz, dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Həmçinin ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşlarına təhsilalanların sayına, təhsilverənlərin maaşlarına isə sertifikatlaşdırmanın nəticəsinə görə aylıq əlavələr edilib.
    Qeyd olunub ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da təhsilin keyfiyyətinin artırılması məqsədilə vacib məsələlər yer alıb. Hazırda bu məsələlərin icrası istiqamətində addımlar atılır və əminliklə demək olar ki, qarşıdakı 4 il ərzində müəllimlərin sosial rifahı, bu peşənin nüfuzunun artırılması yönündə çoxşaxəli işlərin həyata keçirilməsinin şahidi olacağıq. Tarixi torpaqlarımızın bütövlüyünün qorunması istiqamətində dövlət başçısının rəhbərliyi ilə atılan hər bir addımda, hər bir tədbirin icrasında məhz müəllimlərin zəhməti hesabına yetişən övladların da rolu olduğunu vurğulayan səlahiyyətli nümayəndənin müavini Samir Seyidəhmədli 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 
    Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrinin icraçısı Ovni Muradov çıxışında bildirib ki, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı, tədrisin yüksək səviyyədə təşkili üçün yaradılan müasir təhsil infrastrukturu, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin təhsilə tətbiqi, müəllim nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlər müəllim əməyinin bəhrəsini artırıb, təhsildə uğurlu nəticələr əldə olunub. Muxtar respublikada keyfiyyətli tədris mühitində öz sənətini sevən kifayət qədər peşəkar müəllimlər formalaşıb. Bunların sırasında 1600-dən artıq gəncin olması onları bir araya gətirəcək birliyin yaradılmasına zərurət yaradıb. 2021-ci ildə yaradılan “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” gənc müəllimlər arasında əməkdaşlığı, təcrübə mübadiləsini daha da inkişaf etdirib, gənc müəllimlərin fəallığını artırıb, onların peşəkar və fərdi inkişaflarına öz töhfəsini verib. 
    Tədbirdə Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Məlahət Rüstəmova və Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin gənc müəllimi Nigar Quliyeva pedaqoji fəaliyyətin əhəmiyyətindən danışıb, təhsilə, müəllim əməyinə verilən yüksək qiymətə görə minnətdarlıq ediblər.
    Sonra təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən müəllimlərə Fəxri fərman və gül dəstəsi təqdim olunub, bədii kompozisiya nümayiş edirilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 05.10.2023 21:22