AZ EN RU

Beynəlxalq media sistemində mövcud olan diffamasiya anlayışının Azərbaycan mediası və qanunvericiliyində da tətbiq olunması məqsədəuyğundur

    Müasir dövrdə media-vətəndaş münasibətləri kifayət qədər mürəkkəb və çoxşaxəlidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə informasiya zənginliyi yaratmaqla, demokratik proseslərə və insan haqlarının bərqərar olmasına təkan verməklə yanaşı, bəzən insanların özəl maraqlarına müdaxilə edir, onların cəmiyyətdəki mövqeyinə ziyan vurur. Bütün ölkələrdə dövlət öz vətəndaşlarını kütləvi informasiya vasitələrinin haqsız hücumlarından qorumağa çalışır, yəni onların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzuna xələl gətirilməsinə imkan vermir. Şəxsin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən qeyri-dəqiq informasiyaların yayılması, şərləmə, böhtan atma diffamasiya sayılır.

    Diffamasiya – beynəlxalq hüquqi termindir. “Defamatio” sözündən yaranıb və “ləkələmək” deməkdir. Bu termin latın mənşəlidir. Diffamasiya anlayışının Qədim Romada yarandığına dair fikirlər olsa da, bu terminə Roma hüququ dərsliklərində rast gəlinmir. “Diffamasiya” anlayışı bir çox ölkələrin qanunvericiliyində var. 
    Beynəlxalq standartlara görə hər hansı məlumatın diffamasiya kimi qiymətləndirilməsi üçün o: yalan olmalı; mülahizə deyil, faktiki mahiyyət daşımalı; real zərər vurmalı və aid olduğu şəxsin nüfuzuna qarşı yönəlməlidir, yəni kütləvi nümayiş etdirilməli, yayılmalıdır. 
    KİV-də diffamasiya hüquq pozuntusudur və mediaya qarşı şikayətlərin, məhkəmə iddialarının əksəriyyəti məhz belə hallarla əlaqədardır. Bununla belə hökumətlərin diffamasiya haqqında qanunlar əsasında tənqidçi jurnalistləri ağır cəzalandırmaq cəhdlərinin qarşısını almaq üçün beynəlxalq təşkilatlar (BMT, Avropa İttifaqı, Avropa Şurası və sair) bütün dövlətləri onu dekriminallaşdırmağa çağırır. Beynəlxalq təşkilatlar tərəfindən diffamasiya qanunvericiliyinə dair bir sıra standartlar işlənib hazırlanmışdır. Həmin normativ-hüquqi aktlara uyğun olaraq söz və mətbuat azadlığına heç bir xələl gətirmədən şərəf və ləyaqətin yetərincə qorunmasına nail olmaq olur. Artıq bir çox ölkələrin qanunvericiliyində diffamasiya cinayət əməli deyil, mülki və ya inzibati pozuntu hesab edilir.
    ` Diffamasiya ilə bağlı mühüm nəzəri və praktiki araşdırmalar aparan media üzrə beynəlxalq qurum – “19-cu Maddə” (Article 19) təşkilatının mövqeyinə görə ən yaxşı diffamasiya qanunları o qanunlar hesab edilir ki, onlar fərdin reputasiyası (şərəf, ləyaqət və nüfuz) ilə fikri ifadə azadlığı arasında müvafiq balansyaratma funksiyasını yerinə yetirmiş olsun. Yəni bu qanunların əsas məqsədi insanları onların reputasiyasına zərər vuran yalan fikirlərdən müdafiə etməkdir. 
    Yayılma formasından asılı olaraq bəzi ölkələrin qanunvericiliklərində iki cür: şifahi (şaiyə, şər, dedi-qodu, qeybət) və yazılı (böhtan və təhqir) diffamasiya fərqləndirilir. Beynəlxalq Jurnalistlər Federasiyasının mənbələrindəki araşdırmalarda da diffamasiya iki növdə: böhtan (libel), yəni yazılı və digər formada ifadə olunan bəyanat, şər (slander) isə şifahi və ya jest formasında ifadə olunan bəyanat kimi qeyd olunmuşdur. Qeyd edək ki, belə bölgü şərti xarakter daşıyır və işin konkret halından asılı olaraq əməl, məsələn, böhtan həm yazılı, həm də şifahi formada özünü büruzə verə bilər. 
    BMT, Avropa Şurası, ATƏT və başqa beynəlxalq təşkilatlar Cinayət Məcəlləsində diffamasiyaya görə məsuliyyətə cəlb olunma maddələrinin mövcudluğunun təhlükəli olduğunu dəfələrlə vurğulamış və belə qanunların ləğvinə çağırmışlar. ATƏT-in Parlament Assambleyası rəsmi şəxslərin, dövlətin və hakimiyyət orqanlarının diffamasiyasına yol verən jurnalistlərin cinayət məsuliyyətinə cəlb edilməsini yolverilməz hesab edir. Bəzi ölkələrdə məhkəmə orqanlarının yüksək cərimə məbləği tətbiq etməsi informasiyanın sərbəst yayımına mənfi təsir göstərir. Əslində, başqa və “az üzücü”, amma kifayət qədər təsirli üsullardan, o cümlədən məhkəmə qərarı əsasında təkzib verilməsindən, üzrxahlıq edilməsindən istifadə edilə bilər.
    Diffamasiya haqqında ilk qanun 17-ci əsrdə İngiltərədə meydana gəlmişdir. Sonra isə, xüsusilə böhtanla bağlı ABŞ-da 1735-ci ildə Jon Piter Zengerin məhkəmə işində “New York Weekly” jurnalında dərc olunmuş məqalədə Nyu-Yorkun qubernatoru ilə bağlı yazılmış faktlar həqiqəti əks etdirdiyindən Zenger diffamasiyaya görə təqsirli bilinməmişdir. 
     ABŞ-da diffamasiya haqqında qanunun kökləri ingilis hüququna dayanır. 1964-cü ilə qədər ABŞ və Böyük Britaniyada diffamasiya qanunu çox oxşar idi. ABŞ qanunvericiliyinə görə dövlət məmurları və ictimai xadimlər ünvanlarına deyilən tənqidi qeydlərə və iradlara dözümlə yanaşmalıdırlar. Hətta mülki iddialar üzrə sadə vətəndaşlar vəzifəli şəxslərlə müqayisədə bir sıra üstünlüklərə malikdir. Böhtanla bağlı iş üzrə, əgər iş ictimai məsələlərə aiddirsə, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. ABŞ Ali Məhkəməsi qərar çıxarmışdır ki, böhtan yalnız iki halda cinayət əməli hesab oluna bilər: həmin fikir cinayət məzmunu daşıdığı halda və yüksək ehtimalla, asayişin pozulacağı təhlükəsi yarandığı halda.
    Almaniyada “diffamasiya” termini birbaşa qanunda yoxdur. Doktrinada rast gəlmək olar ki, Almaniyada diffamasiya həm də həqiqətə uyğun böhtan xarakterli məlumatların yayılması, hətta təhqir də adlanır. Almaniyada təhqirin tərkibi ayrıdır. Burada şəxs haqqında onun reputasiyasını ləkələyən, bilə-bilə yalan məlumatların yayılmasına görə məsuliyyət nəzərdə tutulur. Eyni zamanda Cinayət Məcəlləsində fərqli bir tərkib var – 186-cı maddə, zərərli dedi-qodu deməkdir. Bu tərkib şəxsin nüfuzuna xələl gətirən faktın yayılması halında, bu faktın doğruluğu sübuta yetirilmədikdə cəza nəzərdə tutur. Aydındır ki, bu iki cinayət arasındakı fərq bir şəxs haqqında yalan faktlar yaymaq üçün bəd niyyətin olub-olmamasındadır. Almaniya qanunvericiliyində diffamasiya daha çox tanınmış doktrinal termindir. 
    Fransa qanunvericiliyində diffamasiya fiziki və ya hüquqi şəxsin şərəf və ya reputasiyasını ləkələyən hər hansı bəyanat və ya fakt ifadəsidir. Diffamasiya Cinayət Məcəlləsində də var. Faktların şəxsin şəxsi həyatına aid olduğu hallar istisna olmaqla yayılan məlumatın doğruluğu təqsirləndirilən şəxs tərəfindən cəzadan yayınmaq üçün sübuta yetirilə bilər. Diffamasiya doktrinal mənbələrə görə, həm cinayət, həm də mülki hüquq pozuntusudur. Beləliklə, Fransa qanunvericiliyinin həqiqətə uyğun böhtana görə məsuliyyət nəzərdə tutduğunu iddia etmək olar, lakin hazırda (Qanundakı dəyişikliklərə görə) belə hallar yalnız şəxsin şəxsi həyatına müdaxilə ilə bağlı cinayətlər və ya hüquq pozuntuları ilə məhdudlaşır. Bu isə bir çox hüquq sistemlərində diffamasiya ilə bağlı olmayan ayrıca cinayət kimi tanınır.
    Azərbaycanda isə “Diffamasiya haqqında” qanun layihələri bir təşəbbüs kimi 2005, 2011 və 2013-cü illərdə hazırlanıb, onların ətrafında geniş ictimai müzakirələr təşkil olunub. Qanun layihəsinin müzakirəsi 15 ildən artıq davam etsə də, bu günə qədər yekun nəticə əldə edilməyib, qanun layihəsi qəbul olunmayıb. Buna əsas səbəb Azərbaycan qanunvericiliyində bəzi maddələrin əks olunmasıdır. Belə ki, beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının media mütəxəssislərinin qənaətinə görə, təhqirə və böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmalıdır. Ancaq Azərbaycan tərəfi bu təkliflərlə razılaşmır. Qeyd olunur ki, hər kəsin hüquqları konstitusion şəkildə qorunur və Cinayət Məcəlləsindəki həmin maddələrin çıxarılmasına da ehtiyac yoxdur. Çünki jurnalistləri indiki halda ayrıca kateqoriya kimi götürüb təhqirə və böhtana görə cinayət məsuliyyətini aradan qaldırmaq bir sıra sui-istifadə hallarına yol aça, digər kateqoriya insanların hüquqlarının pozulmasına gətirib çıxara bilər. Misal üçün, kimlərsə peşəsindən sui-istifadə edərək insanları təhqir edib, hansısa cərimə ilə canlarını qurtara biləcəklərini düşünə bilərlər.
    Avropalı mütəxəssislər isə belə bir fikir irəli sürürlər ki, “Diffamasiya haqqında” qanun qəbul olunmalı, jurnalist yazdığına görə məsuliyyət daşımalı, lakin həbs olunmalı deyil. Bundan başqa, Avropa Şurası yalnız diffamasiyaya görə cinayət cəzasının ləğvinin tərəfdarı deyil, həm də mülki qanunvericilik çərçivəsində məqbul cəzaların müəyyən edilməsinə tərəfdardır. Məhz bu və digər arqument­lərin ortaya çıxması uzun zamandır, Azərbaycanda “Diffamasiya haqqında” Qanunun qəbulunu ləngidir.
    Bir sıra mütəxəssislər isə diffamasiya qanunlarının istisna hallarda tətbiq edilməli olduğunu söyləyirlər. Onların fikrincə, “Yüksək vəzifəli şəxslər tənqidə daha dözümlü olmalıdırlar. Açıq siyasi məsələlərin müzakirəsinə heç bir məhdudiyyət qoyulmamalıdır. Jurnalistlər və media isə insanların hüquq və reputasiyalarına münasibətdə hədləri keçməməli, jurnalistikanın etik qaydalarına riayət etməlidirlər. Hər bir media və KİV sahəsi öz-özünü senzuradan keçirməli və xəbəri düzgün işıqlandıraraq diffamasiya hallarına şərait yaratmamalıdır.
    Dünyanın heç bir yerində internet qanunla məhdudlaşdırılmır. Yəni internet haqqında xüsusi qanun yoxdur. Tənzimləmə var, məsələn, etik tənzimləmə mümkündür. Hər bir internet istifadəçisinin etik öhdəlikləri olmalıdır. Yəni, böhtan atmaq olmaz, təhqir olmaz, dövlət hakimiyyətini zorla yıxmağa çağırış olmaz və sair. Qanunla qadağan olunan bir çox şeylər var ki, onlara əməl edilməlidir. Sosial şəbəkələrdə hər an, hər zaman tənqid var. Ola bilər ki, dəqiqləşdirilməmiş məlumatlar da var. Peşəkar media ondan ötrüdür ki, o məlumatları cəmiyyətə faydalı şəkildə çatdıra bilsin. 
    Azərbaycanda diffamasiyanın dekriminallaşdırılması ilə bağlı əsas məsələlərdən biri media peşəkarlığının, media savadlılığının zəif olmasıdır. Biz cəmiyyəti savadlandırmalıyıq. Media savadlılığı, media təhsili olmalıdır ki, insanlar saxta xəbərlə gerçək xəbəri bir-birindən ayırsın. 
    Ümumiyyətlə, diffamasiya problemi xarici ölkələrdə də kifayət qədər qarışıq problemdir. Amma bu getdikcə sistemləşir, nizama düşür. Dünyanın bir sıra qabaqcıl ölkələrində mövcud prosedur, uğurla tətbiq olunur və müsbət təsirini göstərir. Cəmiyyət senzurasız mətbuata uyğunlaşdığı kimi diffamasiyanın dekriminallaşdırılmasına da adaptasiya olunur.

Şəhla ŞİRƏLİYEVA
Naxçıvan Dövlət Universitetinin
 Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, dosent

Nəşr edilib : 20.07.2023 20:48