AZ EN RU

Beynəlxalq konfransda Azərbaycanın miqrasiya siyasətinindən bəhs edilib

Fevralın 20-də VIII Sankt-Peterburq Əmək Forumu çərçivəsində “MDB-yə üzv dövlətlərin ümumi miqrasiya məkanı konsepsiyası: ümumi prinsiplər və milli maraqlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan haqları daimi komissiyasının sədri Nizami Səfərov beynəlxalq konfransda onlayn formatda iştirak edib.

Milli Məclisin deputatı miqrasiya proseslərinin tənzimlənməsi məsələsinin ölkənin inkişafı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, Azərbaycanda miqrasiya siyasətinin formalaşdırılması, həyata keçirilməsi, ölkəmizdə miqrasiya proseslərinin mövcud vəziyyəti, bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb. Deputat ölkəmizdə Dövlət Miqrasiya Xidmətinin səmərəli fəaliyyət göstərdiyini, miqrasiya qanunvericiliyinin beynəlxalq hüququn normalarına uyğunluğunun təmin edilməsi üçün miqrasiya sahəsində ölkənin qanunvericilik bazasının təkmilləşdirildiyini qeyd edib.

Sonra konfransda iştirak edən MDB-yə üzv ölkələrin parlament nümayəndələri, aidiyyəti qurumların təmsilçiləri, sahə mütəxəssisləri miqrasiyaya aid müxtəlif mövzularda məruzələr təqdim ediblər.

Tədbirin sonunda konfransın yekun tövsiyələri qəbul olunub.

Nəşr edilib : 20.02.2024 18:40