AZ EN RU

Beynəlxalq iqtisadi əlaqələr genişlənir

    “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun  (AZPROMO) təşkilatçılığı ilə 7-9 fevral tarixlərdə İran İslam Respublikasının Tehran şəhərində “İran Plast” sərgisi keçirilib.
    Sərginin təşkil edilməsində məqsəd iri sahibkarların, sənaye müəssisələrinin bir-birini tanıması, məhsul mübadiləsi və qarşılıqlı əlaqələr qurmaq olub. 25 ölkədən 200-ə yaxın şirkətin iştirak etdiyi sərgidə  “Cahan Sənaye Kompleksi” Açıq Səhmdar Cəmiyyətinin Plastik Məmulatları Zavodunun nümayəndələri iştirak ediblər. Üç gün davam edən sərgidə “Magna” plastik məmulatları məhsullarının çeşidləri, növləri, keyfiyyət göstəriciləri, ixracatı və bazarda tutduğu mövqeyi haqqında ətraflı məlumatlar verilib. Həmçinin ilkin görüşlər keçirilib, xüsusi təkliflər irəli sürülüb. 
    Qeyd edək ki, ölkəmizdən kənarda belə tədbirlərin keçirilməsi qarşılıqlı münasibətlərin yaranmasına və iqtisadi əlaqələrin inkişafına müsbət təsir edir.

*       *         *

    Azərbaycan Sahibkarlar Konfederasiyasının və “Business Consulting” şirkətinin təşkilati dəstəyi ilə Yaponiyanın “TET International Development” şirkətinin Bakı ofisinin prezidenti Taro Savada və vitse-prezidenti Munechika Tanio tərəfindən Yaponiyada iyun ayında keçiriləcək “JAPAN FOOD-2022” sərgisində Azərbaycan şirkətlərinin iştirakı ilə bağlı təqdimat-məlumatlandırma sessiyası keçirilib. Sessiyada Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının nümayəndələri də iştirak ediblər.
    30-a yaxın şirkət nümayəndəsi və sahibkar­ın iştirak etdiyi tədbirdə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı və “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri təmsil olunublar. 
    Sessiyada Yaponiyanın “TET International Development” şirkətinin təmsilçiləri ixrac potensiallı yerli qida məhsullarının Yaponiya bazarına ixracı və satışı ilə bağlı davamlı şəkildə Azərbaycan sahibkarlarına və şirkətlərinə dəstək göstərilməsində maraqlı olduqlarını bildiriblər. Tədbirdə yerli sahibkarlar tərəfindən istehsal olunan qida məhsullarının Yaponiyaya ixracı ilə bağlı suallar cavablandırılıb.
    Qeyd edək ki, Yaponiya şirkətinin təmsilçisi Taro Savada Naxçıvanda istehsal olunan qida məhsullarının keyfiyyətini xüsusilə vurğulayıb. 

“Cahan Holdinq” Kommersiya 
Şirkətlər İttifaqının mətbuat xidməti

Nəşr edilib : 17.02.2022 20:32