AZ EN RU

“Beynəlxalq İpək Yolu və Naxçıvan” adlı beynəlxalq elmi konfrans keçirilib

    “Naxçıvan” Universitetində “Beynəlxalq İpək Yolu və Naxçıvan” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransda AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət, İqdır, Atatürk, Milli Savunma, Ərzincan Binali Yıldırım, Biləcik Şeyh Ədəbali universitetlərinin akademik heyət üzvləri və alimlər iştirak ediblər.
    Əvvəlcə konfrans iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyub, görkəmli dövlət xadiminin adını daşıyan muzeyə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

    Konfransı “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva açaraq qonaqları salamlayıb, bu mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi edəcəklərindən əminliyini bildirib. Konfransın mövzusunun aktuallığını vurğulayan rektor qeyd edib ki, Böyük İpək Yolu əsrlərboyu Şərq ilə Qərb ölkələrinin iqtisadi, ticarət və mədəni əlaqələrin inkişafında misilsiz rol oynayıb. Bu yol Çini Orta Asiya vasitəsilə Yaxın Şərq, Qara dəniz, Xəzər dənizi və Aralıq dənizi ilə birləşdirən karvan yolu olub, əhəmiyyəti yalnız beynəlxalq ticarətlə məhdudlaşmır. Bu yolla Şərqdən Qərbə və əksinə hərəkət edən ticarət karvanlarının Azərbaycanda ticarətin, sənətkarlığın, elmin, təhsilin, mədəniyyətin inkişafına təsiri inkarolunmaz faktdır. Belə ki, Böyük İpək Yolu vasitəsilə müxtəlif ticarət malları ilə birlikdə elmi və ədəbi əsərlər də aparılır, başqa ölkələrdə yayılırdı. Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri məhz bu yolla digər ölkələrdə yayılıb, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkir oğlu Naxçıvaninin yaradıcılığından bu yolla bölgəyə gələn sənətkarlar xəbər tutub, öz yaradıcılıqlarında bu abidələrin təsirindən bəhrələniblər.
    Rektor tarixi İpək Yolunun bərpası təşəbbüsünün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıraraq bildirib ki, strateji cəhətdən əhəmiyyətli olan bu layihənin həyata keçirilməsində ən fəal tərəf Azərbaycan olub. Belə ki, ulu öndərin “Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransın keçirilməsi haqqında” imzaladığı 1998-ci il 7 iyun tarixli Sərəncamı Azərbaycanın dünya birliyi ölkələri ilə inteqrasiyasının gücləndirilməsində müstəsna rol oynayıb. 
    Plenar iclasda İqdır Universitetinin rektoru professor Məhmət Hakkı Alma, Biləcik Şeyh Ədəbali Universitetinin rektoru professor Bəydəmir Şükrü, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, Milli Savunma Universitetinin professoru İbrahim Əthəm Atnur, AMEA Bakıxanov adına Tarix İnstitutunun Elmi işlər üzrə direktor müavini, dosent Tofiq Nəcəfli, Ərzurum Atatürk Üniversitetinin professoru Kərəm Karabulut məruzə ətrafında çıxış ediblər. Çıxışlarda Naxçıvanın Böyük İpək Yolu üzərində yerləşən mühüm geosiyasi, strateji və coğrafi məntəqə kimi rolundan, Qars-İqdır-Naxçıvan dəmir yolunun önəmindən, eləcə də 44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin iradəsi nəticəsində açılması planlaşdırılan Zəngəzur dəhlizinin əhəmiyyətindən, Tarixi İpək Yolunun bərpasının Azərbaycana iqtisadi faydasından və perspektivlərindən də bəhs olunub.
    Qeyd edilib ki, Beynəlxalq İpək Yolu ticarətin inkişafına xidmət etməklə yanaşı, həm də bir sıra ölkələr və xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb. Böyük İpək Yolu adlanan və tarixən ölkələr və xalqlar arasında iqtisadi, ticarət və mədəni əlaqələrin həyata keçirilməsində müstəsna əhəmiyyəti olan bu yolun keçdiyi əsas ərazilərdən biri Şərqlə Qərb arasında mühüm məntəqə sayılan və Azərbaycanın qədim zamanlardan inkişaf etmiş mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən olan Naxçıvan ərazisidir. Naxçıvanın əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyatları, şəhərin əsrlər boyunca ölkənin həyatında mühüm rol oynaması ona yenidən inkişaf üçün zəmin yaratmışdır. Yaxın Şərqin ticarət mərkəzləri ilə Cənubi Qafqazı, Orta Asiyanı və Uzaq Şərq ölkələrini əlqələndirən əsas karvan yollarından biri Naxçıvan ərazisindən keçmişdir. Naxçıvan bölgəsi nəinki Azərbaycan, eləcə də Cənubi Qafqaz üçün çox mühüm coğrafi-starteji mövqedə yerləşən ərazidir. Bunu vaxtilə bu ərazidən keçən beynəlxalq ticarət yollarının aktiv fəaliyyəti ilə daha aydın izah etmək olar. Təsadüfi deyil ki, Şərqin ən qədim şəhər mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhərinin yaranmasının başlıca amilləri yerli coğrafi, iqtisadi və mədəni zəminlə əlaqədar olmuşdur. 
    Diqqətə çatdırılıb ki, Azərbaycanla heç bir quru sərhədi qalmayan Naxçıvan üçün Yeni İpək Yolunun ən böyük töhfəsi Bakı-Tbilisi-Qars-Naxçıvan dəmir yolu xətti layihəsidir. Bu layihənin gerçəkləşdirilməsi bu ərazinin uzun illərdən bəri yaşadığı blokada asılılığından müəyyən dərəcədə çıxmasına şərait yaratmaqla, Yeni İpək Yolunun bərpasında uğurlu addım kimi qiymətləndirilməlidir. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan regionda beynəlxalq logistika, eyni zamanda Türk dünyasını birləşdirəcək mühüm tranzit mərkəzinə çevriləcək.
    Beynəlxalq elmi konfrans “Naxçıvan” Universitetinin rektorunun çıxış edən konfrans iştirakçılarına təqdim etdiyi xatirə hədiyyələrinin təqdimatından sonra bədii hissə ilə davam edib.
    Konfrans 22-23 noyabr tarixlərdə bölmə iclasları üzrə davam edəcək. Bölmə iclaslarında “İkinci Qarabağ müharibəsi, yeni geosiyasi reallıqlar və Naxçıvan məsələsi”, “Tarixi İpək Yolu və Azərbaycanın iqtisadi regionları”, “Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının investisiya təminatında İpək Yolunun təsir effektləri”, “Naxçıvanın İpək Yolu ticarətindəki tarixi yeri və önəmi”, “Zəngəzur dəhlizi, İpək Yolu: maraq, mənafe və ziddiyyətlər”, “Zəngəzur dəhlizinin açılması və İpək Yolunun bərpası aqrar sektorun inkişaf amili kimi”, “Böyük İpək Yolunun Azərbaycanın etnomədəni həyatında rolu” və digər mövzularda məruzələr dinlənilərək müzakirələr aparılacaq.

Gülcamal TAHİROVA

Nəşr edilib : 22.11.2022 20:14