AZ EN RU

Beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçıları Zəngilan məscidində olublar

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçıları Zəngilan məscidində olublar.

Burada qonaqlara məscidlə bağlı məlumat verilib.

Qeyd edək ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illərdə Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən tövlə kimi istifadə olunub. İşğal altındakı ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində də bərpa-tikinti işləri başlanılıb. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasını qiymətləndirib, binanın konservasiyası və bərpasına, o cümlədən bu ərazidə yeni məscidin tikilməsinə qərar verilib.

Zəngilanda inşa olunan məscidin təməli Prezident İlham Əliyev tərəfindən 2021-ci il aprelin 26-da qoyulub.

Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə naqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.

İşğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin ərazisində isə açıq səma altında sərgi yaradılıb. Sərgi Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrimizə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirir. Burada işğalın ən ağır fəsadlarından biri kimi bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsinə dair faktlar yer alıb.

Nəşr edilib : 30.05.2024 17:54