AZ EN RU

Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbirlər keçirilib

    Naxçıvan Muxtar Respublikası  Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin birgə Tədbirlər Planına uyğun olaraq muxtar respublikanın şəhər və rayonlarında Vətən müharibəsi iştirakçıları ilə görüşlər təşkil olunub. Tədbirdə mayor Təbriz Zeynalov, baş leytenantlar –  Fərdi Cəlilov, Əli Əlisoy, Şakir Babayev, Əmrah Məmmədov, leytenant Ceyhun Davudov, Cövdət Əliyev və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Əyyub Sadixov iştirak ediblər. 
    Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nazirliyin əməkdaşı Valeh Mahmudov, Gənclər Fondunun əməkdaşı Fatimə Yusifli və Gənclər Birliyinin sədr müavini Elvin Əliyev çıxış edərək tədbirin keçirilmə məqsədi barədə danışıblar. Tədbir zamanı müharibə iştirakçılarına təşəkkürnamələr təqdim edilib. Hərbçilərimiz öz döyüş xatirələrini iştirakçılarla bölüşüb, gəncləri maraqlandıran sualları cavablandırıblar. 

***

    Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin birgə Tədbirlər Planına uyğun olaraq Beynəlxalq Gənclər Gününə həsr olunmuş daha bir idman birinciliyi keçirilib. Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində reallaşan yarış üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafəni əhatə edib. Birincilik 2006-2008-ci illər təvəllüdlü 20 idmançı iştirakı ilə keçirilib. Nəticələrə əsasən Camir Məmmədov birinciliyin qalibi olub. Anar Həsənov ikinciliyə nail olub. Elməddin Süleymanov ilə Elman Qəhrəmanlı üçüncülüklə kifayətləniblər. Birincilikdə ilk üç yeri tutan idmançılar 12 avqust tarixdə Beynəlxalq Gənclər Günü ilə bağlı keçiriləcək yekun tədbirdə mükafatlandırılacaqlar. 

***

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi tərəfindən sağlamlıq imkanları məhdud gənclər arasında rəsm müsabiqəsi təşkil edilib. Beynəlxalq Gənclər Gününə həsr olunan tədbir Möminə xatın türbəsinin ətrafında reallaşıb. İştirakçılar sərbəst mövzuda öz yaradıcı düşüncələrini kağız və kətan üzərinə köçürüblər. Sonda həmin rəsm nümunələrinin sərgisi təşkil olunub. Münsiflər heyəti tərəfindən qiymətləndirmə aparılaraq simvolik üçlük müəyyənləşdirilib. 

    “Görüş yeri” kafesində keçirilən mükafatlandırma mərasimində müsabiqəni ilk üç yerdə tamamlayan iştirakçılara diplom, digərlərinə isə fəal iştiraka görə fəxri fərmanlar təqdim olunub. Bütün iştirakçılar hədiyyələrlə mükafatlandırılıb, onlar çay süfrəsi ətrafında təəssüratlarını bölüşüblər. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.08.2022 19:46