AZ EN RU

Beynəlxalq Gənclər Günü qeyd olunub

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunan tədbir keçirilib.
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı bildirib ki, ölkəmizdə və eləcə də muxtar respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasətinin, bu sahədə görülən məqsədyönlü işlərin, gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, gənc nəslin nümayəndələri cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Bugünkü gənclik daha dinamik, müasir, bilikli və dünyagörüşlüdür. İstər fiziki, istərsə də zehni cəhətdən sağlam gənclik modeli formalaşdırılıb. Qürurla deyə bilərik ki, müasir gənclərimiz ümummilli lider Heydər Əliyevdən bizə miras qalan Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək fəaliyyətini məhz ali prinsiplər üzərində qururlar. Biz bir daha şahid olduq ki, gənclərimiz istər döyüş meydanında, istərsə də idman arenalarında və sosial şəbəkələrdə düşmənin layiqli cavabını verirlər. 

    Nazir vurğulayıb ki, Beynəlxalq Gənclər Günü muxtar respublikamızda ənənəvi və geniş şəkildə qeyd edilir. Bu münasibətlə müxtəlif tədbirlər təşkil olunur, muxtar respublikanın ictimai-siyasi həyatında və idmanda uğur qazanan gənclərin fəaliyyəti dövlətimiz tərəfindən mükafatlandırılır. Məqsəd onları daha da həvəsləndirmək və motivasiya etməkdir. Əminliklə demək olar ki, gənclərimiz bundan sonrakı dövrdə də bilik, bacarıq və istedadları ilə hər zaman fərqlənəcək, ölkəmizin inkişafına öz töhfələrini verəcəklər.
    Çıxışının sonunda Ramil Hacı muxtar respublika gəncləri üçün yaradılan şəraitə və göstərilən qayğıya görə gənclər adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.
    Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev gəncləri təbrik edib, onlara göstərilən yüksək etimadı layiqincə doğruldacaqlarına əminliyini   bildirib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Ötən illər ərzində ölkəmiz böyük inkişaf yolu keçib, güclü dövlətə çevrilib. Ən mühüm hadisə isə 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsidir. 
    Vurğulanıb ki, bu gün dövlət gənc­lər siyasətinin muxtar respublikada Ali Məclisin Sədri tərəfindən məqsədyönlü şəkildə davam və inkişaf etdirilməsi gənclərin qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində fəallıqlarını xeyli artırıb. Son illər gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həll edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq Dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi bu istiqamətdə atılan mühüm addımlardandır.
    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov çıxış edərək vurğulayıb ki, dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğı nəticəsində bu gün onlar muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edir, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilir, xidmətləri qiymətləndirilir. Eyni zamanda gənc­lərin milli ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır, gənclərin aparıcı qüvvəyə çevrilməsi və onların sosial-iqtisadi problemlərinin həllinin təmin edilməsi məqsədilə bir sıra fərman və sərəncamlar imzalanır. Ali Məclisin Sədri gənclərin innovativ düşüncəli və bilikli yetişməsinə önəm verdiyi kimi, onların ictimai proseslərdə fəal iştirakına da diqqət ayırır. Bütün bunlar isə elmli, savadlı, yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə hesablanmış addımlardır.
    Çıxışlardan sonra tədbirin bədii hissəsinə start verilib. Gənc musiqiçilərin ifasında bir-birindən gözəl musiqi nömrələri, Beynəlxalq Gənclər Günü ilə əlaqədar gənclər tərəfindən hazırlanan flashmob və aparılan videoçəkiliş qonaqlar tərəfindən alqışlarla qarşılanıb. 
    Ardınca muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən, eyni zamanda 12 avqust – Beynəlxalq Gənclər Günü ilə əlaqədar keçirilən tədbirlərin qalibləri mükafatlandırılıb. 
    Tədbir konsert  proqramı ilə davam edib.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 12.08.2022 20:12