AZ EN RU

Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilib

Şahbuz Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılğı ilə 12 Avqust- Beynəlxalq Gənclər Günü münasibətilə Vətən müharibəsində böyük şücaət göstərmiş qazilər və müharibə veteranları ilə gənclərin görüşü keçirilib. Görüşdə əvvəlcə ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsən Abbasov və Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Hüseynli çıxış edərək keçirilən görüşün gənclərin vətənpərvərlik tərbiyəsində və qəhrəman hərbçilərimizi daha yaxından tanıması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın güc birliyi sayəsində əldə olunub. Muxtar respublikada şəhidlərin xatirəsinə yüksək ehtiram, qazilərimizə göstərilən xüsusi dövlət qayğısı əsas başlanğıc meyarıdır. Vurğulanıb ki, qazanılan tarixi qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qələbəsidir, xalqımızın şanlı tarixidir. Vətən müharibəsi iştirakçıları torpaqlarımızın azad olunmasında pay sahibi olmağın onlar üçün əvəzsiz duyğu olduğunu qeyd edərək bildiriblər ki, çətin bir yol olmasına baxmayaraq, hər bir döyüşçü bu yolun sonunda ordumuzun zəfər qazanacağına əmin idi. Müzəffər Ali Baş Komandanın yenilməz diplomatiyası, qəti iradəsi, dövlət-xalq-ordu birliyi və Vətənə olan dərin məhəbbət ordumuzu bu savaşın qalibi etdi. Görüş çay süfrəsi arxasında qazilər və gənclər arasında keçən səmimi söhbətlə davam edib. Qəhrəman hərbçilərimiz keçdikləri şərəfli döyüş yolu, Vətən müharibəsi dövründəki xatirələrini gənclərlə paylaşıblar. Qeyd edək ki, görüşdə Vətən müharibəsi qaziləri – Mirkənan Kərimov və İsa Yavərsoylu iştirak ediblər.

Nəşr edilib : 12.08.2023 22:34