AZ EN RU

Beynəlxalq elmi konfrans keçirilib

    Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə “Müasir mərhələdə müəllim hazırlığının aktual məsələləri: uğurlar və çağırışlar” mövzusunda əyani və videobağlantı formatında beynəlxalq elmi konfrans keçirilib. 
    Konfransın keçirilməsində əsas məqsəd pedaqoji kadr hazırlığı sahəsində yerli və xarici ölkələrdə fəaliyyət göstərən tədqiqatçıların əldə etdikləri təcrübələri paylaşmaq, müəllim hazırlığı sahəsində son yeniliklərdən xəbərdar olmaq və bu sahədə aparılan işləri günün tələbləri səviyyəsində təkmilləşdirməkdir.
    Konfransın açılış mərasimində Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev və Rusiya Cənub Universitetinin rektoru İmran Əkbərov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, bu gün müəllim hazırlığının qarşısında duran ən mühüm məsələlərdən biri onların elmi-təcrübə biliklərinin, həm də emosional intellektlərinin formalaşdırılması, müasir müəllimin yeni çağrışlara cavab verəcək səriştələrə yiyələnməsinin təmin olunmasıdır. Bu mənada, müəllim hazırlığının əsaslarını özündə ehtiva edən belə beynəlxalq konfransların keçirilməsi, ölkəmizdə və xarici ölkələrdə bu sahədə aparılan tədqiqatların və təcrübələrin paylaşılması ölkəmizdə və beynəlxalq aləmdə təhsil sahəsində aparılan uğurlu islahatlara, pedaqoji kadrların ixtisasartırması və təkmilləşməsinə xüsusi töhfələr verir. 
      Plenar müzakirələrdə Naxçıvan Müəllimlər İnstitutunun professoru İsmayıl Əliyev, dosenti Çapay Quliyev müasir dövrdə pedaqoji kadr hazırlığının aktual problemlərindən bəhs ediblər. Makedoniya Beynəlxalq Balkan Universitetinin professoru Ana Kechan və Rusiya Cənub Universitetinin professoru Boris Martınov onlayn formatda məruzələrlə çıxış ediblər. Məruzəçilər müəllim hazırlığının müxtəlif aspektlərinə toxunaraq bu sahədə aparılan tədqiqatların əhəmiyyətini və gələcək perspektivlərini şərh ediblər.
    Konfransa müxtəlif ölkələrdən, ümumilikdə, 200- dən artıq məqalə və tezis daxil olub. Konfrans 2 gün müddətində 18 bölmədə öz işini davam etdirib. Bölmələrdə “Müasir dövrdə pedaqoji kadrların hazırlığı sahəsində dövlət siyasətinin əsas istiqamətləri və perspektivlər”, “Müəllimlik ixtisasları üzrə təhsil proqramları keyfiyyətli kadr hazırlığının əsas amili kimi”, “Müəllim hazırlığında keyfiyyət və onun təminatı məsələləri: reallıqlar və çağırışlar”, “Təhsildə və təhsil üçün elmi tədqiqatlar: nəzəriyyədən təcrübəyə”, “Müəllim hazırlığında fənlərin tədrisi metodikası: ənənələr və müasir yanaşmalar”, “Ali pedaqoji təhsildə yeni tendensiyalar: təcrübə və çağırışlar” və digər mövzularında müzakirələr aparılıb. 

Naxçıvan Müəllimlər İnstitutunun 
mətbuat və ictimaiyyətlə 
əlaqələr xidməti

Nəşr edilib : 16.12.2022 20:18