AZ EN RU

“Beynəlxalq bioloji müxtəliflik günü” ilə bağlı elmi-praktik konfrans keçirilib

 “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 (Conference of the Parties; Tərəflərin Konfransı) çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə “Beynəlxalq bioloji müxtəliflik günü” ilə bağlı elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Xanlar Mustafayev ölkəmizdə, o cümlədən muxtar respublikada  dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi ekoloji tarazlığın qorunması və təbiətin mühafizəsi məqsədilə həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Qeyd olunub ki, ölkə başçısının Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamı ölkədə ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına mühüm töhfə verəcək.
 Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini  Elxan Nəcəfov elmi-praktik konfransın aktuallığından, təhsil müəssisələrində ekoloji biliklərin geniş təbliğindən,  həmçinin təhsilalanların vətəndaş kimi formalaşmasında və inkişafında bu kimi məsələlərin vacibliyindən danışıb, gənclərdə ekoloji dünyagörüşün formalaşdırılmasında təhsilin  əhəmiyyətini qeyd edib. Bildirilib ki, ekoloji tarazılığın və biomüxtəlifliyin qorunması hər bir vətəndaşın mənəvi borcudur. 
 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin baş məsləhətçisi Sahil Əlizadə “Bioloji müxtəlifliyin qorunmasında ekoloji kimyanın əhəmiyyəti” mövzusunda məruzəsində dünyada və ölkəmizdə iqlim dəyişikliyinə səbəb olan amillərdən danışıb, ekoloji kimyanın bu amillərin yaranma səbəblərini, təsirlərini, bəşəriyyətə vurduğu ziyanları və həlli yollarını öyrəndiyini qeyd edib. Bildirilib ki, biomüxtəlifliyə təsir edən əsas amil iqlim dəyişikliyi olduğu üçün onunla mübarizə məqsədilə ekoloji maarifləndirmə gücləndirilməli, təhsilalanlarda ekoloji tərbiyənin formalaşdırılması üçün təhsil müəssisələrinində bu sahəyə diqqət daha da artırılmalıdır.
 Sonda mövzu ətrafında iştirakçıların sualları dinlənilib və cavablandırılıb

Nəşr edilib : 23.05.2024 20:05