AZ EN RU

Beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası Naxçıvanın tarixi ilə bağlı uğurlu nəticələr əldə etmişdir

    Tarix və mədəniyyət abidələrinin araşdırılmasına dövlət qayğısı gündən-günə artmaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tarix və mədəniyyət abidələrinin öyrənilməsi ilə bağlı arxeoloji ekspedisiyaları davam etdirməkdədir. AMEA Naxçıvan Bölməsi və ABŞ-ın Pensilvaniya Universitetinin birgə təşkil etdiyi arxeoloji ekspedisiya 2006-cı ildən Naxçıvanda arxeoloji tədqiqatlar aparmaqdadır. İndiyədək dünya arxeologiyasında bir çox elmi yeniliyə imza atan ekspedisiya may ayının 24-dən Sədərək rayonunda, qədim Kültəpə yaşayış yerində AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Pensilvaniya Universitetinin professoru Lauren Ristvetin rəhbərliyi ilə tədqiqatlara başlamışdır. Tədqiqatlar zamanı uğurlu nəticələr əldə edilmiş, şəhər strukturunun, o cümlədən ictimai binaların qalıqları, dəyərli keramika nümunələri, insanların təsərrüfat həyatını əks etdirən maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Aşkar edilmiş arxeoloji materiallar Naxçıvanın eramızdan əvvəl IX-VII əsrlərə aid tarixinin, həmçinin Azərbaycanın qərb bölgələrində və Naxçıvanda məskunlaşan Etiuni tayfalarının yadellilərə qarşı mübarizəsinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 31.05.2022 21:16