AZ EN RU

Beynəlxalq Ana Dili Günü qeyd edilib

    AMEA Naxçıvan Bölməsində 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə “Dilimiz milli sərvətimizdir” mövzusunda elmi konfrans keçirilib.
    Konfransı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik əvvəlcə Beynəlxalq Ana Dili Gününün təsis edilməsi, bu günün tarixi barədə məlumat verib. Vurğulanıb ki, 21 fevral 1952-ci ildə Banqladeşdə öz ana dilinin rəsmi dil kimi tanınması uğrunda mübarizə aparan 4 nəfər tələbə öldürülmüş, bu qanlı hadisədən 47 il sonra Banqladeş səfirinin təşəbbüsü ilə həmin gün UNESCO tərəfindən Beynəlxalq Ana Dili Günü elan edilmişdir.
    Çıxışı zamanı ana dilindən istifadənin vacibliyini qeyd edən İsmayıl Hacıyev deyib ki, dilimizin hərtərəfli inkişafı onun qorunması istiqamətində aparılan uğurlu dövlət siyasətinin nəticəsidir. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və başqa mühüm fərman və sərəncamların imzalanması, “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ana dilimizin inkişafına böyük qayğının təzahürüdür.
    Vurğulanıb ki, ana dilimizi dərindən mənimsəmək və onu qorumaq bu dildə danışan hər bir azərbaycanlının borcudur.
    Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Ali Baş Komandanın zəfər üslubu”, Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva “Cənubi Azərbaycanda ana dili məsələləri”, Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl “Heydər Əliyev və dil məsələləri” mövzularında məruzə ediblər.
    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

***

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının  mədəniyyət nazirinin müavini Həsən Kərimov tarixin sərt sınaqlarından üzüağ çıxan Azərbaycan dilinin inkişafının, rəsmi dövlət dili elan olunmasının, beynəlxalq münasibətlər sisteminə yol tapmasının  məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Vurğulanıb ki, ölkəmiz öz tarixi müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi həyatında dövlətin rəsmi dili kimi müstəsna rol oynayıb. 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk milli Konstitusiyamızda Azərbaycan dili dövlət dili olaraq qəbul edilib. Qeyd olunub ki, doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşan ölkə başçısı cənab İlham Əliyev tərəfindən dövlət dil siyasəti uğurla davam etdirilir.
    Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev “Ən böyük milli dəyərimiz – ana dilimiz” mövzusunda çıxışında vurğulayıb ki, xalqımızın böyük ədəbi şəxsiyyətləri, şair və yazıçıları ana dilimizin saflığı uğrunda mübarizə aparıb, bu dildə gözəl sənət nümunələri yaratmaqla yaşamasına, unudulmamasına şərait yaradıblar. 
    Müasir dövrün aktual çağırışları və ana dilimizin saflığının qorunması prioritetlərindən danışan AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov Azərbaycan dilinin keçdiyi tarixi inkişaf mərhələləri haqqında məlumat verib. 
    Tədbirin sonunda kitab sərgisinə baxış keçirilib.

***

    Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda videoçarx nümayiş olunub. Universitetin rektoru, dosent  Elbrus İsayev çıxış edərək 21 fevral – Beynəlxalq Ana Dili Gününün tarixindən söz açıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, bu gün Naxçıvanda dövlət dilimizin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir. 
    Filologiya üzrə fəlsəfə doktorları, dosentlər Xanəli Kərimli və Arifə Zeynalova çıxışlarında bildiriblər ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş ana dilinin təbliğinə və tədqiqinə yüksək dövlət qayğısı bu gün də öz bəhrələrini verməkdədir.  
    Sonda tələbələrin bədii qiraəti olub.

***

     Naxçıvan Müəllimlər İnstitutunda keçirilən konfransda ilk olaraq Ümummilli Lider Heydər Əliyevin ana dilimiz haqqında fikirlərini əks etdirən sənədli filmə baxış olub. İnstitutun rektoru Azad Novruzov çıxış edərək Ulu Öndərin ana dilimizə, xalqımızın milli sərvəti kimi göstərdiyi diqqətdən, onun zənginləşməsi və inkişafı istiqamətində gördüyü işlərdən danışıb.
    İnstitutun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fəxriyyə Cəfərova “Ana dilli hər bir xalqın milli kimliyidir”, kafedranın baş müəllimi Təranə Qəbulova “Ana dilimiz bizim söz xəzinəmizdir” mövzularında çıxış ediblər.
    Sonda tələbələr ana dilimiz haqqında şeirlər qiraət ediblər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 21.02.2023 21:00