AZ EN RU

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı tədbirlər keçirilib

    Dünən Möminə xatın türbəsinin qarşısında 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilmişdir.
    Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirmişdir ki, 1982-ci ildən etibarən YUNESKO-nun Abidələrin Mühafizəsi Məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Vurğulanmışdır ki, son illər qədim diyarımızda 70-dən artıq abidəyə ikinci həyat verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2006-cı ildə “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2013-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 2015-ci ildə “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında”, 2016-cı ildə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” imzaladığı sərəncamlar tariximizin və mədəni irsimizin öyrənilməsi, təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və qayğısı ilə Qarabağlar Türbə Kompleksi, Yengicə və Şaxtaxtı kəndlərində  Şərq hamamları, Nehrəm İmamzadəsi, Naxçıvan şəhərində İmamzadə Kompleksi, Qazançı körpüsü, Yusif Küseyir oğlu türbəsi əsaslı şəkildə bərpa edilmişdir.
    AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Abidələr tarixi kimliyimizdir” mövzusunda çıxış etmişdir.
    Çıxışlardan sonra tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikası ərazisində olan abidələrə aid çap məhsulları, rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxmış, Möminə xatın türbəsi, türbədə nümayiş olunan eksponatlarla tanış olmuşlar.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin 
mətbuat xidməti

***

    AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasında abidələrin tədqiqi tarixi” mövzusunda tədbir keçirilib.

    18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik bu əlamətdar günün təsis tarixinə nəzər salıb, muxtar respublikada mədəni irsin qorunması istiqamətində görülən işlərdən söz açıb. Akademik Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamının icrası istiqamətində görülən işlərdən bəhs edib. 
    AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov tədbirdə “Qədim dövr tariximizin öyrənilməsində Naxçıvan abidələrinin əhəmiyyəti” mövzusunda məruzə edib.
    Məruzədə Naxçıvan Muxtar Respublikası ərazisindəki tarixi abidələrin yerləşmə arealından, qədim tariximizi özündə əks etdirən abidələrdə aparılan arxeoloji ekspedisiyalardan bəhs olunub. 
    Mövzu ilə bağlı müzakirə aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

****

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə Açıq Səma Altında Muzey Kompleksində “Naxçıvan orta əsr memarlıq abidələri və Əcəmi Naxçivani” adlı tədbir keçirilib.

    Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev tədbiri açaraq qeyd etmişdir ki, Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan diyarı qədim və orta əsrlər zamanı yaradılmış müxtəlif təyinatlı tarix-mədəniyyət abidələri ilə çox zəngindir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasında dövlətin birbaşa diqqəti və qayğısı ilə həyata keçirilən tədbirlər, həmçinin təşkil edilmiş yerli və xarici arxeoloji ekspedisiyalar nəticəsində muxtar respublika ərazisində  yeni tarixi abidələr aşkar edilərək tədqiq olunmuşdur. 
    Tədbirdə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru  Nəzakət Əsədova çıxış edərək qeyd etmişdir ki, tarixdə həyatı və gördüyü işlər gələcək nəsillər üçün örnək olan Kəngərlilər sülaləsinin özünəməxsus yeri vardır. Naxçıvan xanlarının iqamətgahında “Xan sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 4 fevral tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi adlandırılmışdır. 
    Tədbirdə  AMEA  Naxçıvan  Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev  Naxçıvanın daha bir möhtəşəm abidəsi  memar Əcəminin şah əsəri olan Möminə xatın türbəsi haqqında ətraflı məlumat verib.    
    Sonda muzey kompleksinin bələdçisi Jalə Mirzəyeva tədbir iştirakçılarına muzey ekpozisiyası haqqında  məlumat vermişdir. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 18.04.2022 20:53