AZ EN RU

Bəstəkarlar təşkilatında görüş

    Sənətkarlığın kamillik zirvəsində olan Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan SSR Xalq artisti, professor Tofiq Bakıxanovun 90 illik yubileyi münasibətilə Naxçıvan Bəstəkarlar Təşkilatında tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Yaşar Xəlilov Naxçıvan Bəstəkarlar Təşkilatının da fəxri üzvü olan bəstəkarı yubiley münasibətilə təbrik edib. 
    Sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova bildirib ki, milli musiqimizin və bəstəkarlıq sənətinin inkişafında müstəsna rolu olan Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edən bəstəkar, mahir ifaçılıq imkanlarına malik skripkaçı, milli musiqiçi kadrların yetişməsində əməyi olan gözəl pedaqoq, musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik məqalələrin müəllifi, musiqimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadim kimi tanınmışdır. 
    Tofiq Bakıxanov sənət taleyində mühüm rol oynamış dahi bəstəkar və musiqişünas, Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin xeyir-duası ilə musiqi sənətinə gəlmiş və məhz onun məsləhəti ilə skripka alətini seçmişdir. O, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin ənənələrinin davamçısına və təbliğatçısına çevrilməklə Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalının laureatı olur. 
    Tədbirdə gənc bəstəkarlar qarşısında çıxış edərək onlara öz tövsiyələrini verən Tofiq Bakıxanov qeyd etmişdir ki, Qara Qarayevdən musiqinin incəliklərini öyrənmiş, bəstəkarlığın necə çətin və şərəfli bir sənət olduğunu dərindən duymuşdur. Bütün bunlar onun Azərbaycan bəstəkarlıq məktəbinin qabaqcıl nümayəndəsi kimi ad-san qazanmasına gətirib çıxarmışdır. 
    Sonda bəstəkarın bəstələrinin sədaları altında keçirilən 90 illik yubiley tədbirində film izlənilmişdir. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 03.02.2022 20:53