AZ EN RU

Beş min ilin bir əsri... Muxtariyyət yaşın mübarək, doğma Naxçıvanım!

Ulu Öndər Heydər Əliyev: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq".

    Ulu Öndərin 100 illiyinin müxtəlif silsilə tədbirlərlə, böyük təmtəraq, coşqu və görkəmli dövlət xadiminə sevgi və ehtiramla qeyd edildiyi ötən ilin son günlərinin birində şad bir xəbər eşitdik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyеvin imzaladığı “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamı naxçıvanlılara, hər bir naxçıvansevərə dövlət başçısının Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni il bayramına təbriki, qədim yurd yerinə, onun yurdsevər, torpaq, Vətən qədri bilən insanlarına növbəti qayğısının ifadəsidir. Sərəncamda oxuyuruq: “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.
    Bir qədər yaxın keçmişə ekskurs edərək yaşadığımız dövrün son iyirmi ilinə nəzər salsaq, ölkə Prezidenti cənab İlham Əliyevin Naxçıvanla bağlı gördüyü işlərin həcminin və coğrafiyasının genişliyini görərik. Onun ölkəmizə rəhbərliyi dövründə 15 dəfə Naxçıvana səfər etməsi, hər səfərində bu qədim yurd yerində əsl bayram sevincinin yaşanması, yeni və möhtəşəm obyektlərin istifadəyə verilməsi isə günümüzün reallığı, Naxçıvanın tarixinə yeni səhifələrin yazılmasıdır.
    O da vurğulanmalıdır ki, bir qədər əvvəl, daha dəqiq desək, ölkə Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi hər bir naxçıvanlıda necə ruh yüksəkliyi yaratmışdırsa, növbəti Sərəncam naxçıvanlılara göstərilən qayğının davamlı olduğunu göstərdi. Bu mühüm əhəmiyyətli dövlət sənədində yeni prioritetlər müəyyənləşdirilib. Dövlət Pro­qramının qəbulundan ötən qısa müddət ərzində muxtar respublikada aparılan islahatlar, həmin islahatların məntiqi nəticələri, həyata keçirilən quruculuq tədbirləri və görülən işlər barədə ətraflı danışmaq olar. Lakin bu məsələlərlə bağlı qəzetimizin səhifələrində gündəlik olaraq yazılar dərc edildiyi üçün oxucuların vaxtını almaq istəmirik, həm də görünən dağa nə bələdçi? 
    Bir faktı xüsusilə qeyd etməliyik ki, dahi rəhbər Heydər Əliyevin “bir millət, iki dövlət” adlandırdığı Azərbaycan və Türkiyə əlaqələrinin inkişafı Naxçıvanı da öz qoynuna alıb. Ötən ilin sentyabr ayında məhz Naxçıvanda hər iki ölkə rəhbərinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasiminin keçirilməsi, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nun imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılması, Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak etmələri dünya siyasət aləminin müzakirə predmetinə çevrilib. 
    Növbəti Sərəncam bir ziyalı, bir naxçıvanlı kimi mənə bu qədim diyarda muxtariyyətin möhkəmləndirilməsi, muxtar respublikanın yubileylərinin keçirilməsi ilə bağlı görkəmli dövlət xadimi Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirləri xatırlatdı. Sərəncamda da deyilir: “Naxçıvanın davamlı inkişafında Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur”. Və bunu da mütləq xatırlamağa ehtiyac duyuruq: Ölkə başçısı bu addımı ilə Ulu Öndərin siyasətinə sadiqliyini bir daha sübut etdi. Ulu Öndər Heydər Əliyev deyirdi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Naxçıvanın böyük dövlətçilik tarixi və bu tarixin, ümumilikdə, Azərbaycanın dövlətçilik tarixi olduğunu ən yüksək tribunalardan qürurla bəyan edən Ulu Öndərin bu qədim yurd yeri haqqındakı arzularını da ata vəsiyyətini yerinə yetirməkdən qürur duyan cənab İlham Əliyev yüksək səviyyədə həyata keçirir.
    Beşminillik şəhərsalma mədəniyyətinə malik olan Naxçıvan ölkə Prezidenti cənab İlham Əliyevin davamlı qayğısı sayəsində son illərdə keçdiyi sürətli inkişaf yolu ilə, doğrudan da, dövlətçiliyin beşiyi olduğunu sübut edib. Bu gün müstəqillik kimi böyük bir nemətin daha da əbədi olması prinsipi naxçıvanlıların həyat idealına çevrilib. Bir ucu sərhəd bölgəsi Sədərək, bir ucu bağlar diyarı Ordubad, dağlar qoynunda füsunkarlıq rəmzi olan Şahbuz, digər bölgələrimiz bu gün inkişaf və tərəqqinin yeni müstəvisindədir. Rayon mərkəzləri ilə yanaşı, ucqar dağ kəndləri, sərhəd və ən kiçik yaşayış məntəqələri qəsəbə timsalı olmaqla müasirləşən bütün yaşayış məntəqələri bugünkü Naxçıvanın sosial-iqtisadi inkişafın göstəriciləridir.
    Ancaq görülən bu işlərin blokada şəraitin­də yaşayan bir məmləkətdə reallaşması heç də asan məsələ deyil. Və bütün bunların təməlində dövlət başçısı cənab İlham Əliyevin doğma Azərbaycanımızın ayrılmaz guşəsi olan Naxçıvana bağlılığı, sevgi və məhəbbəti, insan amilinə, yurd amilinə böyük diqqət dayanır. 
    Bu qədim diyara hər gəlişində ölkə Prezidenti burada həyata keçirdiyi siyasətin bəhrələrini görür. Görür ki, hər gün, hər saat dəyişən Naxçıvan başdan-ayağa, sözün həqiqi mənasında, hər sahədə yeni quruculuq donundadır. Gündən-günə sayı artan məktəb, səhiyyə, mədəniyyət ocaqlarının yeni binaları, salınan yeni yaşayış massivləri, yeni emal və istehsal müəssisələrinin həyata vəsiqə alması, insanların məşğulluq probleminin həllinə nail olunması, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi, beynəlxalq konfransların, idman yarışlarının keçirildiyi ünvan kimi Naxçıvanın bugünkü mənzərəsi Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlarıdır.
    “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax bu inkişafda təcəssüm etdirir”, – deyən cənab İlham Əliyevin 2022-ci ilin dekabr ayında Naxçıvanda yeni idarəetmə institutu yaratması isə ölkə başçısının Şərqin qapısına daha bir qayğısının təzahürüdür. 
    Bəhs edilən Sərəncamda da vurğulanır ki, bu gün muxtar respublikada Dövlət proqramları və infrastruktur layihələri müvəffəqiyyətlə həllini tapır; bu qədim diyar ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə öz töhfəsini verir. Naxçıvanın beynəlxalq miqyaslı mötəbər tədbirlərin keçirildiyi məkana çevrilməsi hər bir naxçıvanlıya qürur hissi yaşadır. Sevindiricidir ki, ölkəmizin ətraf mühitinin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika “yaşıl enerji zonası” elan olunub.
    Gəlinən nəticə isə odur ki, dövlətçiliyimizin intişar, taleyüklü məsələlərin öz həllini tapdığı Naxçıvanla bağlı ölkə başçısının bu Sərəncamı min illərdir ki, xalqımızın nəsildən-nəslə ötürə-ötürə ən böyük ata-baba əmanəti kimi yaşatdığı şərəfli tariximizə son illərdə vurulmuş zərbəni 44 gün 23 saat ərzində sağaldan, qürurumuzun Xankəndi zirvəsini, ərazi bütövlüyümüzün Qarabağ böyüklüyünü özümüzə qaytaran, Azərbaycançılıq ideologiyasının böyük dəyər daşıdığını, bu dəyərin hər bir azərbaycanlı üçün müqəddəs məktəb olduğunu dünyaya göstərən cənab İlham Əliyevin Ulu Öndərin vaxtilə dediyi: “Çox məmnunam ki, Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvan durur” qənaətinə böyük diqqətin növbəti ifadəsidir. 
    Muxtar respublikanın 100 yaşını qeyd etdiyimiz ərəfədə daha bir tarixi günü yaşadıq. Daha doğrusu, bu tarixi öz siyasi iradəmizlə, dövlətçiliyimizə və liderimizə olan sevgimizlə bir daha nümayiş etdirdik. Düşünürəm ki, müstəqil Azərbaycanın tarixində ən yaddaqalan səsvermə prosesi təşkil olundu. Qalib ölkə­nin  qalib xalqı kimi “Zəfərlərə davam”, – dedik. Karvan biz, yolumuz isə uzundur. Biz cənab Ali Baş Komandanın rəhbərliyi altında Zəngəzur dəhlizini açacaq, Naxçıvanımızı  Azərbaycana birləşdirəcəyik. Bu yolda uğur olsun, MUXTAR RESPUBLİKAM!!! Güclü Liderlə yeni uğurlara doğru, yolun açıq olsun, Azərbaycan!

Sara ƏZİMOVA
“Şərq qapısı” qəzetinin  baş redaktoru

Nəşr edilib : 09.02.2024 22:20