AZ EN RU

Bərpa olunan enerji mənbələrindən istifadə Naxçıvanın ekoloji mühitinə öz töhfəsini verəcək

    Hazırda dünyada gündən-günə artan enerji tələbatının təmin olunmasında, eləcə də iqlim dəyişikliklərinin qarşısının alınmasında daha az enerjidən istifadə edilməsi prioritet istiqamət kimi müəyyənləşib. Bu səbəbdən qlobal dünyada “yaşıl iqtisadiyyat” kimi öz təsdiqini tapan, insan rifahını və sosial ədaləti təmin edən, eyni zamanda ətraf mühit risklərini kəskin şəkildə azaldan iqtisadiyyatın inkişafı ön plana çıxır ki, bu da, əsasən, alternativ və bərpa olunan enerji mənbələrindən istifadədə özünü göstərir. Təsadüfi deyil ki, hazırda dünyada alternativ enerji mənbələrindən enerji istehsalına yatırımlar sürətlə artır. Bunun nəticəsində belə enerjinin qlobal istehsalı 2021-ci ildə 10 faiz, növbəti beş ildə isə 50 faiz artaraq 2025-ci ildə qlobal elektrik enerjisi istehsalının 33 faizini təşkil edəcəyi gözlənilir. Mütəxəssislərin hesablamalarına görə, ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpa olunan enerji mənbələrinin payına düşəcək. Ən çox artım isə günəş və külək enerjisi istehsalında, müvafiq olaraq 60 və 30 faiz qeydə alınacaq.

    Sevindirici haldır ki, bu gün ölkəmizdə də bərpa olunan enerji mənbələrindən istifadəyə dövlət səviyyəsində məqsədyönlü yanaşma mövcuddur. Bu həm də onunla əlaqəlidir ki, respublikamızın bərpa olunan zəngin enerji potensialı var. Hesablamalara görə, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27000 meqavat, o cümlədən külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23000 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. 
    Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da zəngin bərpa olunan enerji mənbələrinə malikdir. Son illərdə bu cür mənbələrdən istifadəyə davamlı investisiyalar yatırılır, yeni elektrik stansiyaları istifadəyə verilir, mövcud stansiyaların istehsal həcmi artırılır. Xüsusilə muxtar respublikada günəşli günlərin sayının çox olması yeni Günəş elektrik stansiyalarının qurulmasına əlverişli şərait yaradır. Məsələn, ilk dəfə olaraq 2015-ci ildə Babək rayonunda 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması, həmçinin 2019-cu ildə Kəngərli rayonunun Qabıllı kəndi ərazisində 2 meqavat, 2020-ci ildə isə 3 meqavat, 2021-ci ildə Şərur rayonunda 5 meqavat gücündə Günəş Elektrik stansiyalarının istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatında mühüm rol oynayıb. Görülən işlərin nəticəsidir ki, ötən il muxtar respublikanın elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 11,42 faizi  təkcə Günəş elektrik stansiyalarında istehsal edilib. 
    Muxtar respublikada həyata keçirilən uğurlu enerji siyasətinin nəticəsidir ki, son bir neçə ildə regionda külək enerjisindən istifadənin rentabelliyi üçün də mühüm işlər görülüb. Mütəxəssis qiymətləndirmələrinə görə, küləyin sürəti 3-4 metr saniyə olduğu halda elektrik enerjisinin əldə edilməsi mümkündür. Muxtar respublikada ən potensial küləkli ərazinin mövcud olduğu bölgə Culfa rayonudur. Təsadüfi deyil ki, ötən dövrdə aparılan sınaq-layihə işlərinin nəticəsi olaraq burada külək enerjisindən istifadənin mümkünlüyü təsdiq edilib. Alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq Culfa rayonunda Külək Elektrik Stansiyası qurulub. Bu il oktyabrın 31-də istifadəyə verilən stansiyada hər birinin gücü 30 kilovat olan 10 külək turbini quraşdırılıb və bu turbinlər əkinəyararsız ərazidə yerləşdirilib. Burada istehsal olunacaq elektrik enerjisinin ötürülməsi və idarə edilməsi üçün 10/0,4 kilovoltluq 400 kilovolt-amper gücündə transformator da qoyulub. Ən əhəmiyyətlisi isə yeni istifadəyə verilən Culfa Külək Elektrik Stansiyası gələcəkdə bu ərazidə daha böyük layihələrin həyata keçirilməsinə, enerji idarəetməsində müasir yanaşmalara əsaslanan texnologiyaların hazırlanmasına və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsində faydalı olacaqdır. Hətta stansiyanın açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  növbəti külək elektrik stansiyasının tikintisi barədə də tapşırıqlar verib.
    Göründüyü kimi, son illərdə muxtar respublikada bərpa olunan enerji mənbələrindən istifadəyə böyük diqqət göstərilir. Bu isə gələcəkdə bu cür mənbələrdən səmərəli istifadəni aktuallaşdırmaqla yanaşı, qədim diyarın ekoloji vəziyyətinə də müsbət təsir göstərəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi:  “İndi Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 25.11.2022 22:03