AZ EN RU

Bərəmum bioloji fəal məhsuldur

    Bu gün təbii qida məhsulu istehsal edən sahələrin inkişaf etdirilməsi aktual məsələlərdən biridir. Belə sahələrdən biri də arıçılıqdır. Naxçıvan Muxtar Respublikası ərazisində 71 mindən çox arı ailəsi var. Naxçıvanın əlverişli təbii-coğrafi iqlim şəraiti və bitki örtüyünün müxtəlifliyi arıçılığın normal inkişafını təmin edir. 
    Arıcılıqda istehsal olunan məhsulların hamısı insan oqranizmi üçün faydalıdır. Arılar müxtəlif bitki və ağac çiçəklərindən qida maddələri toplayır və onları orqanizmində yenidən işləyərək qiymətli məhsullara (bal, mum, bərəmum (vərəmum), arı südü və sair) çevirirlər. Mum sənayesinin 40-dan artıq sahəsi məlumdur. Müasir dövrdə metallurgiyada, radiotexnikada, aviasiyada, kimya sənayesində və sair sahələrdə mum əvəzedilməz xammaldır. Bu xammaldan təbabətdə müxtəlif məlhəmlərin, plastrların hazırlanmasında, ətriyyat sənayesində isə mumdakı efir yağlarından geniş istifadə olunur.
    Bitki və heyvan mənşəli məhsul olmaqla bərəmumun elmi adı propolisdir. El arasında “arı yapışqanı”, “bərəmum”, “vərəmum” və ya “güllük” adlanır. Arılar bitki və ağaclardan topladığı yapışqan və qatran maddələrini bədənlərindəki fermentlərlə dəyişdirərək bərəmum hazırlayırlar. Arılar pətəkdəki çatları, dar deşikləri bərəmum ilə suvayırlar. Bu da arı ailəsini rütubətdən, soyuqdan və ya istidən, həmçinin bəzi zərərvericilərdən qoruyur.
    Bərəmum sabit kimyəvi tərkibə malik deyil. Pətəkdəki bərəmumun miqdarı arıların cinsindən, coğrafi və iqlim şəraitindən, pətəyin dizaynından, təbiətdəki xammalın miqdarından, arı ailələrinin gücündən və vəziyyətindən asılıdır. Bir arı ailəsindən 10 ilə 300 qram arasında bərəmum toplamaq mümkündür. Bərəmumun may ayının sonundan avqustun sonuna qədər toplanması tövsiyə olunur. Arılar iyulun ikinci yarısında və avqustun ilk yarısında daha çox bərəmum istehsal edirlər. Arıçılar bərəmumu çərçivələrin asqılarından, izolyasiya ətəklərindən, gediş-gəliş deşiklərindən və pətəklərdəki müxtəlif yarıqlardan müəyyən kəsici alətlə qoparırlar. 
    Bərəmumun tərkibi insan orqanizminin bütün üzvlərinin normal işləməsi və daxili orqanlar üçün zəruri sayılan 800-dən çox maddə ilə təmsil olunan bənzərsiz təbii məhsuldur. Tərkibində fitonsidlər, spirtlər, qlükozidlər, polisaxaridlər, taninlər, aromatik turşuların efirləri və flavonoidlər var. Bərəmumda mikroelement şəklində manqan, sink, barium, titan, mis, qalay, nikel, kobalt, vanadium, xrom, qurğuşun, kalsium, fosfor, kalium, kükürd, natrium, dəmir, maqnezium, molibden, alüminium, silisium, civə, selen, zirkonium, flüor və stibium var. Coğrafi şəraitdən asılı olaraq bərəmum tünd-yaşıl, qəhvəyi, qonur, boz və tünd-sarı rəngdə olur. Acı dada və kəskin qatran qoxusuna malikdir. Soyutduqda tədricən sərtləşir və kövrək kütləyə çevrilir. Bərəmumun ərimə temperaturu 80-100°C arasında dəyişir. 23°C temperaturda efirdə təxminən 66 faiz, 34°C-də, təxminən, 80 faiz, etil spirtində temperaturdan asılı olaraq 50 ilə 70 faiz arasında, suda 7 ilə 11 faiz arasında, asetonda 20 ilə 40 faiz arasında həll olur. Daha yaxşı həllolma efir və etanol, xloroform və etanol, toluol və etanol qarışıqlarında baş verir. Bərəmumun tərkibində, təxminən, 55 faiz qatran və balzam, 10 faiz efir yağı, 30 faiz mum və 5 faiz tozcuq var. Onun kimyəvi tərkibi toplandığı yerdən və bitki növündən asılı olaraq dəyişir.
    Bərəmumun bioloji aktiv xüsusiyyətləri onun tərkibində olan müvafiq üzvi və mineral maddələrin tərkibindən asılıdır. Şəfa xüsusiyyətləri (antioksidan, antibakterial, antivirusal və sair) kumarinlər, artipellin C, diterpenlər, liqnanlar, ferul və xinon turşuları ilə əlaqələndirilir. Əsas bioloji aktiv maddələr flavonoidlər, benzoy, kofein və digər fenol turşuları, həmçinin fenol turşusunun esterləridir. Bundan başqa, bərəmumda az miqdarda vitaminlər və amin turşuları olur. Bunların miqdarı da coğrafi şəraitdən asılı olaraq dəyişir. Məsələn, muxtar respublikanın Şərur, Culfa və Babək rayonları ərazilərindən toplanmış bərəmum nümunələrində qudron, kofein və benzoy turşuları, az miqdarda fenila­lanin aşkar edilmişdir. Şahbuz və Ordubad rayonlarınun dağlıq ərazilərindən toplanmış bərəmum nümunələri isə yuxarıda qeyd olunan komponentlərlə yanaşı, makro və mikroelementlər, həmçinin suda həll olan vitaminlərlə (C, B3 və B6) zəngindir. Ümumiyyətlə, bitki örtüyü ilə zəngin olan ərazilərdə arı ailələrindən toplanmış bərəmumun tərkibi daha faydalıdır. Belə bərəmumun rəngi boz və tünd-sarıya çalır. Asfalt yollara yaxın ərazilərdə olan arı ailələrindəki bərəmumun tərkibində qudron çox olduğu üçün qara və tünd-qəhvəyi rəngdə olur. 
    Lap qədim zamanlardan xalq təbabətində bərəmumdan müxtəlif xəstəliklərin və yaraların müalicəsində geniş istifadə olunmuşdur. Bərəmum biogen stimulyator kimi təsir göstərən və qiymətli dərman xüsusiyyətlərinə malik olan bioloji aktiv maddələr kompleksidir. Müasir tibdə bərəmum və onun bioloji aktiv komponentləri bir çox xəstəliklərin müalicəsində təsirli vasitə kimi tətbiq edilir. 
    Bərəmumdan dermatoloji və ginekoloji problemlərin, neyrodegenerativ xəstəliklərin müalicəsində, yaraların, yanıqların və xoraların yaxşılaşdırılmasında effektiv şəkildə istifadə olunur. Bərəmum bir çox antibiotikdən üstündür, antibakterial, antivirusal xassələrə malikdir. Müəyyən edilmişdir ki, bərəmum çəkilmiş səthə düşən bütün növ mikrob, bakteriya və viruslar tez bir zamanda məhv olur. Zəhərlərin, ağır metalların duzlarının bədəndən çıxmasını təmin edir, immunitet sistemini gücləndirir. Orqanoleptik xüsusiyyətləri və antimikrob aktivliyi ilə fərqlənir. Bununla yanaşı, bərəmum bədənin əlverişsiz ətraf mühit amillərinə qarşı müqavimətini artırır. Bərəmumdan müxtəlif xəstəlikləri müalicə edərkən çeynənə və dəriyə sürtülə, su və spitrdə məhlulları (emulsiyalar) şəklində istifadə oluna bilər. Dəri xəstəliklərinin müalicəsində bərəmum məlhəmlərindən istifadə daha yaxşı nəticələr verir. Bunun üçün bərəmum heyvan və ya bitki yağı, vazelin və südlə qarışdırılır. Bu məlhəmlər dəridəki ləkələri, yara və çatları tez bir zamanda aradan qaldırır. 
    Mədə, bağırsaq və boğaz ağrısı xəstəliklərində bərəmumun su və spirtdə ekstraktlarından istifadə olunması daha yaxşı nəticələr verir. Bu ekstraktları hazırlayarkən suyun və spirtin temperaturu 50°C-dən aşağı olmalıdır. Çünki bərəmumun tərkibində olan bioloji aktiv maddələr yüksək temperaturda parçalanır. Bərəmumun sulu məhlulunda qatılıq 1,7 ilə 2,1 faiz arasında dəyişir. Bir sıra xəstəliklərin müalicəsində bərəmumun spirtdə ekstraktından və şamlarından istifadə olunması daha yaxşı nəticələr verir. Stomatologiyada diş və damaq xəstəliklərinin müalicəsində bərəmum əvəzedilməz dərmandır. Müəyyən edilmişdir ki, bərəmum ekstraktlarından istifadə edən şəkər xəstələri özlərini daha yaxşı hiss edir və müəyyən vaxtdan sonra şəkər dərmanları qəbul etməyə ehtiyac qalmır. Bərəmum ekstraktları orqanizmi normal fəaliyyət üçün zəruri olan maddələrlə zənginləşdirir və orqanların normal həyat fəaliyyətini təmin edir.

Qorxmaz HÜSEYNOV
AMEA Naxçıvan Bölməsi 
Təbii Ehtiyatlar İnstitutunun dosenti

Nəşr edilib : 14.11.2022 19:47