AZ EN RU

Bərəkət təknəsi dəyirmanlar

    Muxtar respublikada insanların qədimdən bəri taxılçılıqla məşğul olması bu ərazidə dəyirmanların da geniş yayılmasına səbəb olub. Qədim dəyirmanların bir çoxunun günümüzədək gəlib çıxması, dəyirman daşlarının və digər maddi nümunələrin aşkarlanması bunu təsdiq edir. Elmin, texnikanın inkişaf etdiyi müasir dövrümüzdə çox böyük istehsal gücünə malik olan avtomatlaşdırılmış dəyirmanlar işi xeyli asanlaşdırıb. Bununla belə diyarımızda su dəyirmanlarından bu gün də istifadə olunur, onlar bərpa edilərək işlək vəziyyətə gətirilir. 
    Son illər muxtar respublikada taxıl ehtiyatı anbarlarının yaradılması, yeni un dəyirmanlarının istifadəyə verilməsi torpaq mülkiyyətçilərinin taxıl istehsalına marağını daha da artırıb. Belə un dəyirmanlarından biri də Şərur şəhərində yerləşən “Aqrotexservis” Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Dostluq” un dəyirmanıdır. 
    Dəyirmanın təcrübəli işçilərindən Vüsal Quliyev bizimlə söhbət zamanı dedi ki, muxtar respublikamızda əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər, atılan addımlar hamımızı sevindirir. Sahibkarlıq fəaliyyətinə belə geniş meydan verilməsi də bu tədbirlərin bir hissəsidir. Öyrəndik ki, sahibkar Adil Məmmədova məxsus dəyirman 2000-ci ildə onlara verilən güzəştli kredit dəstəyi hesabına öz işini qurub. İki-üç nəfərlə fəaliyyətə başlayan müəssisədə hazırda 6-ya yaxın işçi çalışır. Burada işçilərə normal iş şəraiti yaradılıb, onlar xüsusi geyim formaları və servis xidməti ilə təmin olunublar. Müəssisədə müxtəlif çeşiddə yüksəkkeyfiyyətli məhsul istehsal etmək məqsədilə Almaniyanın bu sahə üzrə qabaqcıl təcrübəyə malik firmalarının istehsalı olan müasir tехnоlоji аvаdаnlıqlаr alınıb quraşdırılıb. Gün ərzində 5 ton məhsul istehsal etmək gücündə olan dəyirman tək şərurluların deyil, qonşu Sədərək və Kəngərli rayonları sakinlərinin də una olan tələbatının ödənilməsində böyük rol oynayır. 
    Burada ikən istehsal prosesi ilə tanış olduq: – Buğda əvvəlcə beton çəlləyə tökülür, buğdaələyən maşına keçir. Taxıl təmizlənir və məhsul yuyulmaq üçün digər maşına ötürülür. Həmin avadanlıq buğdanı yuyur və qurudur. Yuyulmuş buğda 1-2 saat dincə qoyulur. Sonrakı prosesdə buğdanın üst hissəsi, yəni qabığı soyulur və oradan əsas aparata, döyən avadanlığa ötürülür. Buğda döyülüb un halına salınandan sonra ələyə keçir. Ələk vasitəsilə məhsul birinci növ una, eləcə də kəpəyə ayrılır. Sonra kisələrə doldurulub ağzı tikilərək sifarişçiyə verilir. 
    Alıcı Müzəffər Kərimovla həmsöhbət olduq. O, üyüdülən unun keyfiyyətindən ağızdolusu danışdı, müəssisənin fəaliyyətindən, xidmətin səviyyəsindən razılığını bildirdi. 
    Müəssisə ilə tanışlıqdan gəldiyimiz qənaət bu oldu ki, bu gün muxtar respublika iqtisadiyyatında özəl sektor xüsusi yerə və rola malikdir. Təbii ki, bu sektorun inkişafında yerli məhsul istehsalı mühüm rol oynayır. Dövlət tərəfindən sahibkarlığın inkişafına verilən dəstək, həyata keçirilən iqtisadi islahatlar sahibkarlıq təsərrüfatlarının ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyektlərdən biri olaraq çıxış etməsinə möhkəm bazis yaradır və bundan sonra da yaradacaqdır. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 24.08.2022 19:37