AZ EN RU

Bələdiyyə torpaqlarının idarə olunmasına dair seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birgə Kəngərli rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələblərimövzusunda  seminar keçirilib.        

Seminarda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov “Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələrinin mülkiyyətə və icarəyə ayrılmasının qaydaları” barədə ətraflı çıxış edib. Mövzu ilə bağlı qanunvericilikdən irəli gələn əsas məqamları diqqətə çatdırıb. Bildirib ki, bələdiyyələr mülkiyyətlərində olan torpaq sahələrinin istifadə vəziyyətini təhlil etməli, torpaq sahələri mülkiyyətə ayrılarkən qanunvericiliyin tələblərinə ciddi əməl etməli və bu istiqamətdə həyata keçirilən tədbirlər və nəticələr barədə yerli əhaliyə vaxtaşırı məlumat verməlidirlər.

Sonra Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Kəngərli Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının mövzu ilə  bağlı çıxışları dinlənilib.  

Tədbir qarşılıqlı diskusiya şəklində davam edib, bələdiyyə sədrlərinə “Bələdiyyə mülkiyyətində olan torpaqların ayrılması ilə bağlı sənədlərin hazırlanmasına dair” metodiki vəsait və “Metodik sənədlər toplusu” təqdim edilib.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.08.2023 15:37