AZ EN RU

Bələdiyyə orqanlarında maarifləndirici tədbirlər davam etdirilir

Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Bələdiyyə fəaliyyətində şəffaflığın təmin edilməsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi” mövzusunda növbəti tədbir keçirilib. Şərur Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində keçirilən tədbirdə rayon üzrə fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları iştirak edib.

Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sahib Qurbanov açaraq mövzununun əhəmiyyətini və aktuallığını diqqətə çatdırıb. Keçirilən tədbirin Bələdiyyə üzvlərinin və qulluqçularının korrupsiyaya qarşı mübarizə ilə bağlı məlumatlılığının artırılmasına əhəmiyyətli təsir etdiyini vurğulayıb.

Tədbirdə nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov çıxış edərək bildirib ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasına müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən ardıcıl tədbirlər görülür. Diqqətə çatdırılıb ki, Milli Fəaliyyət Planında müəyyən edilmiş tapşırıqlar yerli özünüidarəetmənin bir sıra aktual problemlərinin həllinə, yerli büdcə gəlirlərindən istifadə sahəsində şəffaflığın və hesabatlılığın artırılmasına, bələdiyyə torpaqlarının idarə edilməsi sahəsində innovativ üsulların tətbiq olunmasına, bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılmasına yönəlmişdir.

Sonra Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi Təbriz Eyvazlı “Bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda çıxış edib. O, çıxışında “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” və “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş əsas məqamlardan bəhs edib. Bildirib ki, bütün dövlət orqanları ilə yanaşı, yerli özünüidarəetmə orqanları və vəzifəli şəxslər də səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirir və bu sahədə məsuliyyət daşıyırlar.  Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.

Sonda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 23.05.2024 16:56