AZ EN RU

Bələdiyyə orqanlarına metodik köməklik göstərilir

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika ərazisində fəaliyyət göstərən bələdiyyə orqanlarına metodik köməkliyin göstərilməsi sahəsində işlər davam etdirilir. Bu məqsədlə bələdiyyə sədrləri və üzvlərinin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil olunur, onlara metodik köməkliklər göstərilir və zəruri metodik vəsaitlərlə təmin edilirlər. 
    Bu sahədə görülən işlərin davamı olaraq bələdiyyələrlə iş mərkəzinin əməkdaşlarının iştirakı ilə növbəti görüşlər ay ərzində Kəngərli və Sədərək rayonları üzrə fəaliyyət göstərən bələdiyyə orqanlarında təşkil edilmişdir. Görüşlər zamanı həmin rayonlar üzrə fəaliyyət göstərən bələdiyyələrin kargüzarlıq sənədlərinə baxış keçirilmiş, bələdiyyə sədrləri və üzvlərini maraqlandıran suallara aydınlıq gətirilmiş və onlara metodik köməklik göstərilmişdir. Eyni zamanda bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərə icarəyə verilməsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydaları və proseduru, torpaqların icarəyə verilməsi zamanı bağlanılan müqavilə, həmin müqavilələrin tərtibi qaydaları, yerli vergilər, ödənişlər və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin əhəmiyyəti diqqətə çatdırılmış, işlərin günün tələbi səviyyəsində qurulması üçün səylərin davam etdirilməsinin vacibliyi vurğulanmışdır.
    Bələdiyyə mülkiyyətində olan torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsi ilə bağlı tərəflər arasında bağlanan müqavilələrin, bələdiyyə qərarlarının qanunvericiliyə uyğun tərtib olunması ilə bağlı nümunələr təqdim edilərək işlənilməsi izah olunmuşdur. Diqqətə çatdırılmışdır ki, bələdiyyə mülkiyyətindəki torpaqların icarəyə verilməsi yalnız bələdiyyə qərarı əsasında aparılmalı, vətəndaşların ərizələri alınmalı və müəyyən edilmiş icarə haqqı ödənildikdən sonra tərəflər arasında icarə müqaviləsi bağlanılmalıdır.
    Bələdiyyə sədrlərinə və qulluqçularına büdcə vəsaitinin xərclənməsi ilə bağlı bələdiyyə qərarının tərtib olunması sahəsində tövsiyələr verilmiş, nümunə qərarlar tərtib edilmiş, gələcəkdə maliyyə vəsaitlərinin xərclənməsi zamanı neqativ hallara yol verilməməsi üçün onlarla maarifləndirici söhbətlər aparılmışdır.

 Naxçıvan Muxtar Respublikası
 Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.12.2022 20:29