AZ EN RU

Bələdiyyə orqanlarına metodik köməklik göstərilib

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika ərazisində fəaliyyət göstərən bələdiyyə orqanlarına metodik köməkliyin göstərilməsi davam etdirilib.
    Cari ilin əvvəlindən başlayaraq ötən 5 ay ərzində nazirliyin əməkdaşları  Naxçıvan şəhəri, Babək, Kəngərli, Culfa, Ordubad və Sədərək rayonlarında fəaliyyət göstərən bələdiyyələrin kargüzarlıq sənədlərinə baxış keçirib. Bələdiyyə orqanlarında qeydiyyat jurnallarının işlənilmə qaydaları izah edilib, lazımi sənəd nümunələri ilə təmin olunublar. Bələdiyyə üzvləri və sədrləri ilə keçirilən görüşlərdə qanunvericiliyin tələbləri izah edilib, onlara bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunması tövsiyə edilib. Bələdiyyə sədrlərinə “Metodik sənədlər toplusu” və “Dövlət büdcəsindən yerli büdcələrə maliyyə vəsaitinin (dotasiya və subvensiyanın) ayrılmasına və istifadəsinə dair” metodik vəsaitlər təqdim olunub.
    Görüşlərdə bildirilib ki, muxtar respublikada bütün bələdiyyələr üçün yaxşı iş şəraiti yaradılıb, yeni inzibati mərkəzlərdə bələdiyyə orqanları üçün xidməti otaqlar ayrılıb, lazımi təchizatla təmin ediliblər. Eyni zamanda bələdiyyə qurumlarına kommunal təyinatlı nəqliyyat vasitələri və xidməti minik avtomobilləri, təmizlik qutuları təqdim edilib. Bunun müqabilində də bələdiyyələr işlərinə məsuliyyətlə yanaşmalı, kargüzarlıq sənədlərini vaxtında işləməli, qəbul olunan bələdiyyə qərarlarında qanunvericiliyin tələbləri gözlənilməlidir. 
    Hazırda Şərur rayonu üzrə  fəaliyyət göstərən bələdiyyə orqanlarına metodik köməkliyin göstərilməsinə başlanılıb.

 Naxçıvan Muxtar Respublikası 
Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.06.2022 19:28