AZ EN RU

Bələdiyyə işçiləri üçün maarifləndirici seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin birgə təşkilatçılığı  ilə Babək rayonu üzrə fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə “Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsidə qanunvericiliyin tələbləri” mövzusunda seminar keçirilib.

Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Muşfiq Məmmədsoy  keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb, torpaqlardan, o cümlədən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə edilməsinin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi kiçik ədliyyə müşaviri Xəyal Eyvazov, Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov, Daşınmaz  Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Torpaq ehtiyatlarından istifadə, geodeziya və xəritəçəkmə işləri sektorunun müdiri Oqtay Məmmədov və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əməkdaşı Nicat Vəliyev mövzu ilə bağlı çıxış ediblər.

Məruzəçilər tərəfindən “Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsini tənzimləyən qanunvericiliyin tələbləri”, “Torpaq sahələri üzərində hüquqların dövlət  qeydiyyatı”, “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı hərracların keçirilməsi” və “Bələdiyyə aktlarının hazırlanması və qəbul edilməsi ilə bağlı qanunvericiliyin tələbləri”  barədə ətraflı məlumat verilib.

Bildirilib ki, qanunvericiliyə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə alqı-satqı qaydasında verilir. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla qanunla müəyyən olunmuş  hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir. Bələdiyyə mülkiyyətində olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi bələdiyyənin qərarı ilə həyata keçirilir. Vurğulanıb ki, bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir.

     Sonda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Seminarda bələdiyyə sədrlərinə “Metodik sənədlər toplusu” metodiki vəsait təqdim edilib.

        Naxçıvan Muxtar Respublikası

    Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.03.2023 16:39