AZ EN RU

Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının üzvləri Azərbaycanda seçkilərə hazırlıq prosesi barədə məlumatlandırılıb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 6-da Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının sədri Viktor Seliverstovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov ölkəmizdə 6,5 milyona qədər seçicinin qeydə alındığını, onların 6537 məntəqədə səs verəcəyini bildirib. O, həmçinin 1000 məntəqədə veb-kameraların quraşdırıldığını və bunun bütün ölkə ərazisini əhatə etdiyini vurğulayıb.

İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə seçkilərin keçiriləcəyini qonaqların diqqətinə çatdıran M.Pənahov qeyd edib ki, seçicilər həmin ərazilərdə yaradılmış 26 məntəqədə səs verəcəklər. Bildirib ki, Xocalı, Xankəndi, Şuşa və digər ərazilərdə səsvermə üçün bütün imkanlar yaradılıb.

Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının sədri Viktor Seliverstov prezident seçkilərinin ciddi və məsuliyyətli proses olduğunu diqqətə çatdıraraq deyib: “Mən Moldovada, Qazaxıstanda, Qırğızıstanda seçkiləri müşahidə etmişəm. Bizim məqsədimiz seçkilərin şəffaf keçrilməsində ölkənizə dəstək olmaqdır”, - deyə o qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 06.02.2024 11:58