AZ EN RU

Belarus və Azərbaycan zamanın sınağından çıxmış etibarlı dostlardır

Son günlər dünya siyasətində baş verən və bir-birinin tamamilə əksi olan hadisələr göstərir ki, hər yerində həyat qaynayan bu gözəl planetimizin bütün xalqlarının sülh içində bərabər yaşaya bilməsi üçün ağıl, istək və qarşılıqlı etimad qədər dəyərli heç nə yoxdur. Ölkələr arasındakı tarixi dostluq onların liderləri timsalında daha da möhkəmləndikdə bu hər bir insana öz həyatını xoşbəxt yaşaması üçün ən gözəl şanslar qazandırır. Üç bir yanımzdakı qanlı müharibələrə baxmayaraq, ölkəmizə öz dostluq və qardaşlıq əllərini uzadan dünya liderlərinin Azərbaycandan verdiyi mesajlar, bəlkə də, bu qarışıq dönəmdə dünyanın ehtiyacı olduğu ən səmimi ismarıclardır. 
Bu mənada, mayın 16-da Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfəri çərçivəsində aparılan görüşlər zamanı hər iki ölkənin dövlət başçılarının səsləndirdiyi fikirlər, hökumətlərarası əməkdaşlıq çərçivəsində bağlanan yeni müqavilələr 30 ildən artıq bir müddətdə bir-biri ilə sıx dostluq edən və son 20 ildə daha da möhkəmlənən əlaqələrin yeni mərhələsindən xəbər verir. Belarus dövlət başçısının Azərbaycan Respublikasına baş tutmuş son dövlət səfəri, burada keçirilən geniştərkibli görüşlər zamanı əldə olunmuş razılaşmalar iki ölkənin zəngin dostluq əlaqələrindən qaynaqlanan tarixi təcrübənin indi nə qədər əhəmiyyətli olduğunu bir daha ifadə edir. Hansı ki sovet hakimyyəti dağıldıqdan sonra MDB məkanında yaşanan təcrübələr heç də həmişə ürəkaçan olmayıb müxtəlif qiyamlar, dövlət çevrilişləri cəhdləri və üzdəniraq separatçılıqlarla dolu olmuşdur. Qərb dairələrinin soyuq müharibə illərində SSRİ-yə qarşı yığılıb qalmış neqativ münasibətləri nəticəsində bu ərazilərdə siyasi sabitliyi qarışdırmaq əməlləri və daha sonra dırnaqarası vasitəçi səyləri vəziyyəti daha da ağırlaşdırmış, bütün bölgəmiz ümumi inkişafdan geri düşmüşdür. 
Erməni separatizmini qızışdırıb 30 il ərzində Azərbaycan torpaqlarının işğalına səbəb olmuş belə dairələr bədnam “ATƏT-in Minsk qrupu” adı altında hələ bir də utanmadan Ermənistanın Azərbaycana qarşı təcavüzünü unutdurmağa və münaqişəni işğalçının xeyrinə həll etməyə çalışmışdı. Bu qrupdakı ABŞ, Fransa və Rusiya üçlüsünün on illər uzunu həyata keçirdiyi bu mənfur siyasətə son qoyan və torpaqlarını düşməndən azad edən müzəffər Azərbaycan Ordusunun və onun Ali Baş Komandanının qətiyyəti bir daha göstərdi ki, kənar imperialist qüvvələr olmasa, nəinki Cənubi Qafqazda, dünyanın bütün bölgələrindəki ölkələr sülh içində yaşamağa qadirdirlər. Elə Belarus dövlət başçısının da Azərbaycana son səfəri zamanı parlaq qələbəmiz münasibətilə ifadə etdiyi səmimi sözlər, Qarabağın yenidən inşası məsələsində ölkəmizlə həmrəy olması və ölkəsinin hər sahədə bizimlə daha geniş əməkdaşlığa hazır olması barədə səsləndirdiyi fikirlər də illər boyu, həm də atalardan gələn dostluğun həmişə etibarlı olmasını, coğrafiyadan asılı olmayaraq, eyni dili başa düşən xalqların iqtisadi və mədəni əlaqələri üçün heç bir əngəl olmadığını bir daha nümayiş etdirdi. 
Azərbaycan və Belarus keçmiş ittifaqın üzvləri kimi həmişə bir-birinə yaxın olmuş dövlətlərdəndir. Müstəqillik illərində dövlət başçıları səviyyəsində keçirilmiş çoxsaylı təmaslar isə Bakı-Minsk körpüsündə bütün sütunları daha da sağlamlaşdırmış, nəticədə, ATƏT-in Minsk qrupundan fərqli olaraq rəsmi Minskin daim Bakının yanında olmasını təmin etmişdir. Ölkələrimiz arasında hərbi sahədəki əməkdaşlıqdan tutmuş turizm əlaqələrinin genişləndirilməsinə qədər bütün sahələrdəki əlaqələr strateji səviyyəyədək yüksəlmişdir. Belarus dövlət başçısının Bakıda Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarlarını dərin ehtiramla yad etməsi və Şəhidlər xiyabanını ziyarət etməsi bu dostluğun qardaşlıq səviyyəsində də bir təcəssümüdür. İki ölkənin şəhərləri arasında qardaşlaşma əlaqələrinin yaradılması və Aleksandr Lukaşenkonun  Prezident cənab İlham Əliyevlə birgə Füzuliyə və Şuşaya gələrək buradakı reallıqlarla tanış olması isə dost ölkənin Qarabağın yenidən inşasında təkcə sözdə deyil, əməldə də Azərbaycanın yanında olduğunu və dövlətimizin bu çətin vəzifəni bacaracağına əminliyini ifadə edirdi. 
Bəli, Belarus dövlət başçısının onu həmişə narahat edən ölkəsinin yaxın sərhədlərindəki qanlı Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlərə baxmayaraq, Cənubi Qafqazın lider ölkəsinə dövlət səfəri zamanı bu bölgənin sabitliyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin üzərinə düşən missiyanın ağırlığını ifadə etməsi olduqca mühüm hadisə kimi yadda qalacaq. 
Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə verilmiş dövlət ziyafətindəki mədəniyyət dili ilə dünyaya verilən mesajlar isə dünyada sülhü istəməyən bütün qüvvələr üçün bir başqa dərs idi. Ziyafət zamanı orkestr səhnəsinin fonunda nümayiş etdilən rəsmlərdəki Belarus mənzərələri ilə yanaşı, Naxçıvan və Qarabağa da virtual səyahət etmək imkan qazanan qonaqlar sənətin, musiqinin dili ilə də ölkəmizin bütövlüyünün və xalqımızın mədəniyyətinin və qonaqpərvərliyinin bir daha şahidi oldular. Ziyafətdə təqdim olunan konsert proqramı zamanı insanın ruhunu dincəldən musiqi əsərlərini ifa edən mahir sənətçilərimizin sondakı “Cənnətim Qarabağ” və “Azərbaycan” mahnılarını səsləndirdiyi zaman üzlərindəki xoşbəxtliyi də görməyə dəyərdi. 

Əli Cabbarov

Nəşr edilib : 18.05.2024 21:12