AZ EN RU

Bəhruz Kəngərli Muzeyində interaktiv dərs keçirilib

Bəhruz Kəngərli Muzeyində görkəmli rəssamın anadan olmasının 131-ci ildönümü münasibətilə “Bəhruz Kəngərli-131” mövzusunda interaktiv dərs keçirilib. Dərsi muzeyin baş fond mühafizi-elmi işçisi Zümrüd Əhmədova aparıb.

Qeyd olunub ki, Bəhruz Kəngərli 1892-ci il yanvarın 22-də Şirəli bəy Kəngərlinin ailəsində dünyaya göz açmışdır. Məhsuldar yaradıcılığı, sənətkar uzaqgörənliyi ilə sənət inciləri yaradan rəssam adını Azərbaycan sənət tarixinə yaza bilmişdir. Realist dəzgah boyakarlığının təşəkkülü, ilk sərginin açılması, ilk avtoportret janrında əsərin çəkilməsi, mənzərə janrının müstəqil janr kimi formalaşması Bəhruz Kəngərlinin adı ilə bağlıdır. Bəhruz Kəngərli boyakarlığın və qrafikanın müxtəlif sahələrində özünü sınamış və rəng müxtəlifliyi ilə diqqəti cəlb edən olduqca uğurlu əsərlər ərsəyə gətirməyə nail olmuşdur. Bəhruz Kəngərli həm də teatr rəssamlığı sahəsində böyük müvəfəqiyyətlər qazanmışdır. Rəssam doğma yurdunun tərənnümçüsünə çevrilmiş və əbədi olaraq xalq sevgisini qazanmışdır.

İnteraktiv dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, Bəhruz Kəngərli Muzeyi 22 may 2001-ci ildə yaradılıb. Muzeyin 2002-ci il iyunun 18-də açılışı olmuşdur. Ulu öndər Heydər Əliyev muzeyin açılış mərasimində iştirak etmiş, nitq söyləmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 aprel 2012-ci ildə “Bəhruz Kəngərlinin  120 illik yubileyi haqqında” Sərəncam imzalamışdır.

Rəssamın Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olan zəngin irsi bu gün xalqımızın milli sərvəti kimi gələcək nəsillər üçün qorunub saxlanılır. 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.01.2023 10:18