AZ EN RU

Bədii gimnastika üzrə beynəlxalq turnir keçirilir

    Naxçıvan Şəhər İlham Əliyev adına Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri keçirilir.
    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gimnastika Federasiyası və Naxçıvan Muxtar Respublikası Gənlcər və İdman Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə keçirilən gimnastika üzrə beynəlxalq turnirdə Qazaxıstan və Azərbaycan komandalarının, ümumilikdə, 300-dən çox idmançısı mübarizə aparır. İki gün davam edəcək turnirdə iştirak edən 20 klubun üzvləri kiçiklər (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il) və gənclər (2008-2010-cu il) üzrə yaş kateqoriyasında öz məharətlərini nümayiş etdirəcəklər.
    Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının bədii gimnastika bölməsinin baş məşqçisi Humay Qafarovanın rəhbərliyi ilə yarışda iştirak edəcək “Naxçıvan” komandasının tərkibi Təranə Əlizadə, Mədinə Novruzlu, Nilufər Kərimli, Damla İsgəndərli, Dəniz Əliyeva, İlay Sangur, Dəniz Həsənova, Səma Ələkbərli, Damla Əliyeva, Aydan Hüseynli, Fidan Hüseynli və Mehriban Quliyevadan ibarətdir.
    Əvvəlcə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Mariana Vasileva, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, nazir səlahiyyətlərini müvəqqəti icra edən Məcid Seyidov və təşkilatçı qurumların nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. 
    Turnirin açılış mərasimindən öncə Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş etdirilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Turnirdə iştirak edən komandaların keçidi olub.
    Keçirilən turnirdə günün birinci və ikinci yarısında mükafatlandırma mərasimləri keçirilib. Bunu nəzərə alıb ilk günü uğurla başa vuran idmançıların  fikirlərini öyrəndik.

    Bakı şəhərindən gələn 8 yaşlı Özel Mira ilk gündə turnirin qalibi olub: “Su İdman Sarayında artıq bir neçə ildir ki, gimnastika ilə məşğul oluram. Tez-tez beynəlxalq yarışlarda iştirak edir və qələbələr qazanıram. Son olaraq ölkə daxilində keçirilən turnirdə də qalib gəldim. Sevinirəm ki, bu gün də Naxçıvanda keçirilən turnirin birincisi oldum. Digər komanda yoldaşlarıma da uğurlar arzulayıram”.

    Bakı şəhər “Ocaq Sport Klubu”nu təmsil edən 8 yaşlı Nilay Pünhanlı da qaliblər sırasında olub. O artıq 4 ildir ki, bu idman növü ilə məşğuldur: “Gimnastikanı ailəm və müəllimlərimin köməyi ilə daha yaxşı öyrənməyə çalışıram. Sevdiyim bu idman növü mənə yarışlarda müxtəlif qalibiyyətlər qazandırır. Bu gün də birinci yerin qalibləri sırasındayam. Buna görə məşqçilərim Vəfa xanım, Aysel xanım və Humay xanıma minnətdarlığımı bildirirəm”.     

    “Ocaq Sport Klubu”nun digər bir qalibi isə 6 yaşlı Asya Mahmudzadədir. Naxçıvanda qazandığı qələbə isə onun beynəlxalq turnirdə ilk nailiyyətidir: “Bu gün qazandığım birincilik mənim ilk uğurumdur. İstəyirəm gələcəkdə iştirak etdiyim digər beynəlxalq turnirlərdə də belə böyük qələbələr qazanım”.

    Səkkiz yaşlı Emilya Bəxtiyarlı da Naxçıvanda fəxri kürsüyə çıxan idmançılardan biridir: “Anamın ən böyük arzusu mənim gimnast olmağım idi. Mən də anamın arzusunu reallaşdırmaq yolunda addımlayıram. Bu gün burada qazandığım qələbə məni çox sevindirdi. Bu idman növü ilə məşğul olmaq mənə çoxlu dostlar qazandırıb. Mənimlə bərabər burada iştirak edənlərin hər birinə uğurlar arzulayıram”.
    Yarışa övladlarına dəstək üçün gələn valideynlərdən Bakı şəhər sakini Liliya Novruzova bildirdi ki, qızı Amina Novruzova 10 yaş kateqoriyası üzrə mübarizə aparır. Bakı Şəhər Gimnastika Məktəbini təmsil edir: “İnanıram ki, qızım bu yarışdan qələbə ilə ayrılacaq. Balacalıqdan bu idman növünə böyük marağı olub. Biz də valideynlik borcumuzu yerinə yetirib ona hər cür dəstək göstəririk”.
    Humay Alıkişiyeva da Bakıdan gəlib: “Qızım Röya Alıkişıyeva 12 yaş kateqoriyasında mübarizə aparır. O hər zaman qələbələri ilə bizi sevindirib. İnanıram, bu gün də qaliblər sırasında yer alacaq. Qızımın müəllimlərinə və bu yarışın təşkilatçılarına dərin minnətdarlığımı bildirirəm”.

Ceyhun MƏMMƏDOV
Bülbül Quliyeva

Nəşr edilib : 21.09.2023 20:03