AZ EN RU

Bədii fikrin qoca vulkanı

    Ulu Öndər Heydər Əlİyеv: Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir.

 

    Xalq şairi Məmməd Araz XX əsr Azərbaycan şeirinin yeni inkişaf yolunu müəyyənləşdirən və onun zirvəsini təşkil edən məharətli söz ustadı, qüdrətli bir sənətkardır. Bu görkəmli söz ustadı Azərbaycan poeziyasının inkişafı və zənginləşməsinə öz misilsiz töhfələrini vermişdir. Qırx ildən artıq bir mərhələdə özünün qeyri-adi sənətkarlıq qüdrəti, fövqəl poetik qələmi ilə Azərbaycan poeziyasının mövzu cəhətdən zənginləşməsi və poetexnikasının əlvanlaşmasına xidmət etmişdir. Milli mündəricəli ustad sənətkar çoxşaxəli və zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında istiqlal düşüncəsi və milli birliyin təbliğinə böyük cəsarət göstərmişdir. 
    Milli soykökə, mental dəyərlərə, adət-ənənələrə, xalq həyatı, düşüncəsi və yaşayış tərzinə yüksək sədaqətlə bağlı olan Xalq şairinin yaradıcılığı Azərbaycan ictimai fikri və ədəbiyyatında milli düşüncənin dərinləşməsinə təkan vermişdir. Azərbaycan xalqının milli müqəddəratı və tarixi taleyi, ailə dəyərləri onun yaradıcılığı üçün başlıca mövzu təşkil etmiş, bütün istiqamətləri ilə – insana, Vətənə, torpağa, xalqa, Vətənin təbiətinə, dəyərlərinə, tarixinə, mədəniyyətinə, ümumiyyətlə, dünyaya, insana və bəşəriyyətə sonsuz, müqəddəs və ülvi bir məhəbbət, yenilməz və əskilməz bir sevgi ifadə etmişdir. Bu mənada, heç təsadüfi deyil ki, bu görkəmli Xalq şairini istər peşəkar, istərsə də həvəskar oxucu vətəndaş-şair kimi tanıyır. Onun poeziyası vətəndaşlıq lirikası kimi səciyyələndirilir. Vətən mövzusu onun zəngin poeziyasının ali mövqeyini təşkil edir. Milli ədəbiyyatımızda vətəndaşlıq konsepsiyasının poetik təzahürünü də məhz bu görkəmli söz ustadı yaratmışdır. Dillər əzbəri olan “Məndən ötdü, qardaşıma dəydi” şeiri milli tarixi taleyin acı və kədərli təcrübəsinin nidası olaraq səsləndiyi kimi, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” kimi məşhur vətəndaşlıq konsepsiyası və poetik etirafını da məhz Xalq şairi Məmməd Araz səsləndirmişdir. Onun yaradıcılığından həmişə dik, böyük, alnıaçıq, məğrur bir Azərbaycan boylanır; tarixin keşməkeşlərindən məğrurluqla çıxan, çətin sınaqlarına sinə gərən qəlbi böyük, mənəviyyatı zəngin, vətənpərvər bir Azərbaycan... 
    O bütün yaradıcılığı ilə xalqın milli oyanış, mücadilə və birlik carçısı idi. Onun əsərlərindən azadlıq və birlik yanğısı bütün maneələri dağıdan, aşıb-daşan qoca bir vulkan kimi püskürürdü. “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”, –  deyən qoca sənətkar “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”, – deyə məhəbbətini bütün aydınlığı, çılpaqlığı ilə ortaya qoymuşdu. Onun qələmi də “Xətainin qılıncından” doğulmuşdu. “Qələm gəldi əlimə, Araz gəlir dilimə”, – deyən şair “məqamı gələndə Araza bənd” olandı. Xudafərin harayından qalan şair yaradıcılığı ilə Araz kimi ikiyə bölünmüş xalqın arasından dərdli və coşqu ilə axıb keçərək həm də körpü rolunu oynayır. “Bütün keşməkeşləri”, “sel boğan dərələri” Vətən adı ilə keçən ləyaqətli insan, sədaqətli vətəndaş, Xalq şairidir Məmməd Araz. Hər zaman yaşamağa haqqı olan bir qüdrətli söz ustadı Məmməd Araz! 
    Xalq şairi Məmməd Araz özünün Vətənə həsr olunan şeirləri, əsərləri ilə Azərbaycançılıq məfkurəsini təbliğ etmiş və Azərbaycan istiqlalına görkəmli xidmət göstərmiş sənət adamıdır. Onun “Ana torpaq”, “Şeirə gətir”, “Məndən ötdü, qardaşıma dəydi”, “Azərbaycan, dünyam mənim”, “Ana yurdum, hər daşına üz qoyum”, “Qarabağ düzü”, “Vətən mənə oğul desə”, “Vətən mükafatı”, “Bizi vətən çağırır” və digər çoxsaylı əsərləri şairin Vətən məhəbbəti və vətəndaşlıq düşüncələrini qabarıq əks etdirən ən gözəl poetik nümunələrdəndir. Ümumiyyətlə, milli müqəddərat və birlik məsələsi, həmrəylik ideyası Məmməd Araz yaradıcılığının başlıca qayəsini təşkil etmişdir. “Ayağa dur, Azərbaycan!” və başqa şeirləri Azərbaycanın milli müstəqillik uğrunda apardığı mücadilə dönəmində böyük mənəvi güc rolunu oynamışdır. Bütün mücadilə aşiqləri onun şeirlərinin misralarını zümzümə etməklə döyüş meydanında sərhəd dirəyinə dönürdülər. Görkəmli şairin “Ayağa dur, Azərbaycan!” şeirində, bütövlükdə, Azərbaycan xalqının milli istiqlal idealları və düşüncəsi özünü əks etdirib. Qarabağ və digər ərazilərimizə mənfur düşmənlərin xain hücumu olanda qoca şair döyüş və mübarizə əzmi əks etdirən, yaralarımızın ağrısı olan şeirlər də yazmışdı. “Ata millət, ana millət, ağlama”, – deyib xalqının kədərini ovundurub, mübarizliyə, vətəndaşlıq əzminə səsləyən müdrik şairimiz, yəqin ki, 2020-ci ildə qazandığımız böyük, şanlı qələbədən sonra Qarabağa, Şuşaya, Kəlbəcərə, Laçına qayıdış münasibətilə böyük sevinc duyğularını ifadə edən şeirlərini yazardı. 
    Heç bir poeziya nümunəsində Məmməd Araz yaradıcılığında olan qədər bir “ata ocağı” Vətənin, ana yurdun ümumiləşmiş obrazı kimi təqdim olunmur. Onun yaradıcılığında ata ocağı, dədə yurdu Vətənin ümumiləşmiş obrazı olaraq özünə yer tapır. Halal zəhmət sahibi olan ata da, gur səsli baba da, ellərin zəkası olan nənə də, sinəsi məhəbbət və xalqın söz sərvətilə dolu ana da, kişilik təcrübəsilə zəngin əmi də, ailə birliyini qoruyub-saxlayan bacı və qardaş da, hətta gələcəyə kövrək addımlarını atan övladlar – qızlar da, “sel boğan dərələri keçdiyi bir mərd qadın” – ömür-gün yoldaşı da bir ailə olaraq məhz Məmməd Arazın yaradıcılığında əhəmiyyətli dərəcədə ümumiləşdirilmiş obraz olaraq yer alır və ali dəyərlərin təcəssümü kimi bədiiləşir, bütöv bir xalqı, onun ali dəyərlərini təcəssüm etdirir. Saf, sonsuz bir ailə bağlılığı və məhəbbəti də məhz onun yaradıcılığında özünə yer alır. Qeyrətli, sədaqətli, vəfalı, “gözdən göz izi” sezən həssas bir məhəbbət də, sevda da Məmməd Araz poeziyasında görünür. Bütün bu nailiyyətlər, bu oxunaqlı, zəngin, sənətkarcasına yazılmış poeziya nümunəsi ana dilinin üslubi imkanlarından qeyri-adi dərəcədə yararlanaraq ortaya qoyulur. Ana dili bütün zənginliyi, dərinliyi, əlvanlığı ilə məhz onun sənətkar qələmindən çıxan yaradıcılığında yenidən milli dəyər, vətəndaşlıq məhəbbəti qazanır. 
    Görkəmli söz ustadı Məmməd Araz adına bütün həyatının mənası, amalı hopan, yaradıcılığında öz ifadəsini tapan, qayəsi, məqsədi bütün dolğunluğu ilə əks olunan bir sənətkar – şəxsiyyətdir. Şeirə, yaradıcılığa bütün ruhu ilə bağlanan, səmimiyyətini ifadə edən şair, bəlkə də, doğmalarının bilə bilmədiyi “sirləri” böyük məmnuniyyətlə misralarında etiraf edib, oxucuları ilə bölüşüb. Bütün bu sevgiyə, xalqa bağlılığına görədir ki, Məmməd Araz şeiri axan bir su, qaynayan bir bulaq təsiri bağışlayır. Sözün axıcılığı, misranın dərinliyi, fikrin canayaxınlığı Məmməd Araz şeiriyyətində əsas səciyyəvi xüsusiyyətdir. Bu misralar öz məna gücü və poetik dərinliyi ilə oxucunu özünə bağlayır və oxucu düşüncəsini öz təsir gücü ilə cəzb edərək özü ilə birlikdə uca zirvələrə, dərin mətləblərə aparır, ülviliyə, müqəddəsliyə qovuşdurur. 
    Xalq şairi Məmməd Arazın yaradıcılığı hər zaman sevilən və seviləcək bir dəryadır. Hər zaman özünə böyük bir oxucu məhəbbəti, maraq cəlb edən Xalq şairi Məmməd Araz yaradıcılığını Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də çox sevmiş, olduqca yüksək dəyərləndirmişdir. Buna görə də hələ sağlığında şair Ulu Öndər Heydər Əliyevin qayğısı ilə əhatə olunmuşdu. “Xalq şairi Məmməd Araz dövrümüzün sənət zirvəsində durur”, –  deyən dahi lider onun yaradıcılığına ən yüksək qiyməti vermişdir. Məmməd Araz Azərbaycanın “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” adlarına layiq görülmüş, dövlət mükafatı almış, “İstiqlal” ordeni ilə təltif edilmişdir. 
    Bu görkəmli söz ustadının indi də xatirəsi əziz tutulur. Azərbaycan ədəbiyyatında daşıdığı şərəfli ada, tutduğu layiqli mövqeyə və Azərbaycan xalqı qarşısında göstərdiyi əvəzsiz xidmətlərə görə “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 27 sentyabr tarixli Sərəncamı görkəmli şairə Azərbaycan dövlətinin göstərdiyi ehtiramın və qayğının, eləcə də el məhəbbətinin ən bariz nümunəsi kimi razılıq doğurur. Sərəncamda Xalq şairinə və onun sənətinə yüksək qiymət ifadə edilərək deyilirdi: “Müasir Azərbaycan ədəbiyyatının inkişafında Məmməd Arazın özünəməxsus yeri və rolu vardır. Onun dərin fəlsəfi məzmunlu lirikası zəngin ənənələrə malik milli poeziyamızı keyfiyyətcə yeni mərhələyə qaldıraraq daha da zənginləşdirmişdir. Məmməd Arazın gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən ədəbi fəaliyyəti mənsub olduğu xalqa layiqli şair-vətəndaş xidməti nümunəsidir. Doğma Vətənə bağlılıq, istiqlalçılıq, vətəndaşlıq hisslərinin tərənnümü, fikir dərinliyi və sadəlik, poetik təfəkkürün genişliyi kimi yüksək keyfiyyətlər Məmməd Araz yaradıcılığına uzunömürlülük bəxş etmiş, onun qələminə məxsus əsərlər geniş oxucu kütləsinin rəğbətini qazanmışdır”. Bu cəhətdən Xalq şairinin Vətəni Naxçıvanda görkəmli sənətkarın yubileyləri böyük təntənə ilə qeyd edilmiş, doğma kəndi Nursuda ev-muzeyi yaradılmış, “Naxçıvan” jurnalının bir nömrəsi və “Məmməd Araz: taleyi və sənəti” kitabı ona həsr olunmuş, əsərləri yenidən çap edilmişdir. 
    Taleyi adına yazılmış Xalq şairi Məmməd Arazın ölməz əsərləri hər zaman bölünmüş Vətən torpaqlarını birləşdirən bir körpü rolunu oynayır, birlik və xoşbəxtlik idealına xidmət edir. 

Ramiz QASIMOV
filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 30.11.2023 17:43