AZ EN RU

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbirlər keçirilir

    Naxçıvan Muxtar Respublika Stadionunda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin şagirdləri (2005-2007-ci illər) arasında atletikanın yadro itələmə, nizəatma və qaçış növləri üzrə şəhər birincilikləri keçirilib.
    Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Naxçıvan Şəhər Bölməsi və şəhər Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi birincilikdə 13 tam orta məktəbdən 182 idmançı (hər komandadan          7 oğlan, 7 qız) iştirak edib.

    Yadro itələmə növündə idmançılar yadronu diametri 213,5 santimetr olan məhdudlanmış çevrə içərisindən meydanın nişanlanmış bölməsinə tullayıblar. Şəxsi xarakter daşıyan birinciliyin yekununa əsasən qızlar arasında Aysu Əliyeva (15 nömrəli tam orta məktəb), oğlanlar arasında Əli Rzayev (1 nömrəli tam orta məktəb) qalib adını qazanıblar.
    Nizəatma növündə keçirilən birinciliyin yekununa əsasən qızlar arasında Günayə Həsənova (9 nömrəli tam orta məktəb), oğlanlar arasında İsmayıl Abbaslı (15 nömrəli tam orta məktəb) birinci olublar.
    Qaçış növündə isə qızlar arasında Aminə Novruzzadə (14 nömrəli tam orta məktəb) 100 metr, Şənay Hüseynova (14 nömrəli tam orta məktəb) 200 metr, Ülviyyə Hüseynova (15 nömrəli tam orta məktəb) 400 metr, Sevinc Əliyeva (15 nömrəli tam orta məktəb) 800 metr, Fatimə Məmmədova (17 nömrəli tam orta məktəb) 1500 metr məsafədə, oğlanlar arasında isə Rəhman Abbasov (14 nömrəli tam orta məktəb) 100 metr, Suat Həsənli (5 nömrəli tam orta məktəb) 200 metr, Əliabbas Səfərov (15 nömrəli tam orta məktəb) 400 metr, Əmir Əliyev (7 nömrəli tam orta məktəb) 800 metr, Turan Hümbətov (8 nömrəli tam orta məktəb) 1500 metr məsafədə hamıdan güclü olublar.
    Komanda hesabında isə 15 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. 14 nömrəli tam orta məktəbin komandası ikinci, 17 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
    Sonda yer tutan komanda və idmançılara təşkilatçıların diplomları təqdim edilib.
*   *   *
    Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə boksçular arasında muxtar respublika birinciliyi keçirilib. 
    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Naxçıvan Boks Federasiyası tərəfindən birgə təşkil olunan yarış muxtar respublikada boksun inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və perspektivli boksçuların aşkar edilərək yığma komandaya cəlb edilməsi məqsədi daşıyıb. 
    Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi birincilikdə 12 çəki dərəcəsi üzrə görüşlər keçirilib.  Yekun nəticəyə əsasən İlham Əliyev (Naxçıvan, 46 kiloqram), Kamran Rəsulov (Naxçıvan, 48 kiloqram), Məhəmmədəli Qasımov (Naxçıvan, 50 kiloqram), Elbrus Kərimli (Naxçıvan, 52 kiloqram), Ayxan Heydərov (Naxçıvan, 54 kiloqram), Elgün Rzalı (Ordubad, 57 kiloqram), Sərvan Abdullayev (Sədərək, 58 kiloqram), Turqay Paşayev (Kəngərli, 60 kiloqram), Gülay Hümbətova (Naxçıvan, 63 kiloqram), Əli Abdullazadə (Naxçıvan, 66 kiloqram), Lalə Namazlı (Şərur, 70 kiloqram) və Kənan Allahverdiyev (Naxçıvan, 80 kiloqram) öz çəki dərəcələri üzrə birinci olublar.   
    Qalib və mükafatçılara diplom və hədiyyələr təqdim edilib. 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 02.03.2022 19:24