AZ EN RU

Baytarlıq xidmətinin inkişafı diqqətdə saxlanılır

 Dövlət proqramı icra olunur

   Muxtar respublikada ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində dövlət dəstəyinin həcminin ilbəil artması aqrar sektorun inkişafı üçün mühüm zəmin yaratmışdır. Digər kənd təsərrüfatı sahələrində olduğu kimi, heyvandarlıqda da intensiv metodların tətbiqi özünütəminat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olmuşdur. Ətlik-südlük istiqamətli təsərrüfatların yaradılması, onların müasir avadanlıqlarla təmin olunması heyvandarlığın inkişafına təkan vermişdir. Heyvanlar arasında xəstəliklərin qarşısının alınması isə baytarlıq xidmətinin təşkili ilə birbaşa bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Baytarlıq xidmətinin təşkili fədakarlıq və zəhmət tələb edir. Muxtar respublikada epizootik tədbirlərin vaxtında həyata keçirilməsinin nəticəsidir ki, heyvanlar arasında infeksion xəstəlik yoxdur”.

    Ət və ət məhsulları insanın qida rasionunda mühüm yer tutur. Buna görə də keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları istehsalında baytarlıq xidmətinin təşkili əsas vəzifələrdəndir. Bu sahədə görülən işlər həm iqtisadi artımın təmin olunmasına, həm də əhalinin sağlamlığının qorunmasına şərait yaradır. Qazanılan nailiyyətlərin əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın uğurla icra olunması dayanır.

    Proqramın icrasından gözlənilən nəticələrdən biri heyvanların cins tərkibinin yaxşılaşdırılması hesabına intensiv yolla məhsul istehsalının artırılmasıdır. Bu məqsədlə süni mayalanma tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur. Ötən müddətdə görülən işlər öz bəhrəsini vermiş, 2021-ci ildə Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılması başa çatdırılmışdır. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə mərkəzin açılışı olmuşdur. Mərkəzin tikintisi 2 hektar ərazidə aparılmışdır. Burada inzibati, karantin binaları, baytarlıq klinikası, laboratoriya otağı, toxumlama sahəsi, tövlə, yem anbarı, açıq havada yemsaxlama sahəsi vardır. Müasir avadanlıqlarla təmin olunmuş mərkəzdə toxum bankı yaradılmışdır ki, ötən il burada 35 min 678 doza törədici toxum istehsal edilmişdir. 

    2021-ci ildə Dövlət proqramının icrası istiqamətində muxtar respublikada 12 min 52 baş iribuynuzlu heyvanda səyyar süni mayalanma işləri aparılmışdır ki, bu da 2020-ci illə müqayisədə 211 baş çoxdur. Bütün bunlarla yanaşı, süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyaların ödənilməsi də davam etdirilmişdir. Ötən il bu məqsədlə 6 min 601 sahibkara 1 milyon 282 min 400 manat məbləğində subsidiya verilməsi heyvandarlığın inkişafına göstərilən dövlət dəstəyinin ən mühüm təzahürlərindən biridir.
    Qeyd olunan sahəyə göstərilən dövlət qayğısı yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır. Baytarlıq sahəsində maddi-texniki bazanın gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər də keyfiyyətli ət və süd məhsullarına olan tələbatın ödənilməsinə yönəlmişdir. Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə keçirilən tədbirlərdə 9 kənd mərkəzində baytarlıq məntəqələri istifadəyə verilmişdir. Eyni zamanda ötən il tikintisi davam etdirilən Kəngərli Rayon Baytarlıq İdarəsi üçün yeni inzibati binanın cari il fevralın 22-də açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Epidemioloji vəziyyətin sabit olması üçün iki əsas sahə diqqətdə saxlanılmalıdır: sağlam mühit və sağlam qida. Bunlar vacib sahələrdir. Ona görə ki, əhalinin sağlamlığı bu sahələrin inkişafından asılıdır. Sağlam mühit və sağlam qida olmadan insanların sağlamlığı təmin oluna bilməz. Ona görə də muxtar respublikada həm gigiyena və epidemiologiya, həm də baytarlıq təbabəti sahələrində lazımi iş şəraiti yaradılıb, avadanlıqlar və laboratoriyalar istifadəyə verilib, Dövlət proqramları qəbul olunub”.
    Əhalinin sağlamlığının qorunmasında keyfiyyətli ət və süd məhsullarının istehsalı ilə yanaşı, tələf olmuş heyvan cəsədlərinin ətraf mühitə atılmasının qarşısının alınması da mühüm rol oynayır. Bu tədbirlərin davamlı xarakter alması müxtəlif xəstəliklərin yaranması ehtimalını minimuma endirir. Ötən il muxtar respublikada 36 baş iribuynuzlu, 161 baş xırdabuynuzlu, 15 baş quş və 2 baş təkdırnaqlı yoluxmayan daxili xəstəliklərə və digər müxtəlif səbəblərə görə tələf olmuşdur. Ölmüş heyvanların cəsədləri xüsusi ayrılmış ərazilərdə texniki vasitələrlə qazılmış xəndəklərdə dərmanlanaraq basdırılmışdır. 
    Təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı zərurəti heyvan xəstəliklərinin xüsusi nəzarətdə saxlanılmasını şərtləndirir. Bu məqsədlə həyata keçirilən planlı analiz və müayinələr epizootik sabitliyi təmin edir. Digər tərəfdən heyvanlarda profilaktik vaksinasiya tədbirlərinin aparılması baş verə biləcək xəstəliklərin vaxtında qarşısını almağa imkan yaradır. Ötən il proqramın icrası məqsədilə muxtar respublikada fəaliyyət göstərən baytarlıq laboratoriyalarında bruselyoz xəstəliyinə qarşı 21 min 379 baş iribuynuzlu, 71 min 133 baş xırdabuynuzlu, 29 min 733 baş qoçdan qan nümunələri götürülərək yoxlanılmışdır. Diaqnostiki olaraq vərəm xəstəliyinə görə 28 min 780 baş iribuynuzlu, epididimitə görə 29 min 733 baş qoç, manqo xəstəliyinə görə 1633 baş təkdırnaqlıda müayinələr aparılmışdır. Bu dövrdə qarayara xəstəliyinə qarşı 165 min 567 baş iribuynuzlu, 999 min 871 baş xırdabuynuzlu, 5 min 430 baş təkdırnaqlı, dabaq xəstəliyinə qarşı 253 min 738 baş iribuynuzlu, 499 min 109 baş xırdabuynuzlu, bruselyoz xəstəliyinə qarşı 479 baş iribuynuzlu, 299 min 451 baş xırdabuynuzluda peyvəndləmə işləri aparılmışdır. Eyni zamanda emkar xəstəliyinə qarşı 198 min 851, nodulyar dermatit xəstəliyinə qarşı 83 min 613, aueski xəstəliyinə qarşı 8 min 975, leptospiroz xəstəliyinə qarşı 19 min 891, pasterelyoz xəstəliyinə qarşı 162 min 271 baş iribuynuzlu, bradzot xəstəliyinə qarşı 249 min 352, çiçək xəstəliyinə qarşı 359 min 360 baş xırdabuynuzlu heyvan, nyukasl xəstəliyinə qarşı 898 min 24 baş quşda vaksinasiya tədbirləri həyata keçirilmişdir. Bu tədbirlərin aparılmasını yerində yoxlamaq məqsədilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında, ümumilikdə, 31 reyd keçirilmişdir. 
    Heyvan xəstəlikləri ilə mübarizə sahəsində xüsusi önəm kəsb edən məsələlərdən biri də baytarlıq preparatlarının əlçatan olmasıdır. Bu məqsədlə həyata keçirilən maarifləndirmə tədbirləri nəticəsində muxtar respublikada heyvandarlıq – arıçılıq əczaxanalarının sayı artmaqda davam edir. Ötən il yeni əczaxanaların açılması üçün müraciət etmiş 4 şəxsə müvafiq lisenziyalar verilmişdir. Eyni zamanda baytarlıq preparatlarının, yemlərin, yem əlavələrinin, biostimulyatorların, hormonların təhlükəsizliyinə və keyfiyyətinə nəzarətin təşkili də diqqətdə saxlanılmış, muxtar respublikada fəaliyyət göstərən əczaxanalarda 88 reyd keçirilmişdir. 
    Qabaqlayıcı tədbirlər içərisində ekoloji təmizliyə nəzarətin təşkili və dezinfeksiya işlərinin vaxtında aparılması da xüsusi yer tutur. Dezinfeksiya tədbirləri xəstəlik törədicilərinin və zərərvericilərin məhv edilməsinə yönəlmişdir. Dövlət proqramının icrasına uyğun olaraq yaylaqlarda bu istiqamətdə işlərin aparılması davam etdirilmişdir. Ümumilikdə, 2021-ci ildə muxtar respublikada 6 yurd və 16 yaylağı əhatə edən 719 min 46 kvadratmetr ərazi dezinfeksiya olunmuşdur.
    “Həkimlər yalnız insanların müalicəsi ilə məşğuldurlar. Baytarlar isə bütün bəşəriyyəti xəstəliklərdən xilas edirlər” ifadəsi digər sosial-iqtisadi sahələrdə olduğu kimi, baytarlıq sahəsində də təhsil amilinin mühüm əhəmiyyətə malik olduğunu aydın şəkildə göstərir. Peşəkar kadrların yetişdirilməsi yaradılan infrastrukturdan maksimum istifadə olunmasına və qida təhlükəsizliyinin təmin edilməsinə gətirib çıxarır. Proqramın icrası məqsədilə ötən ilin fevral və aprel aylarında Türkiyədən dəvət olunan mütəxəssis tərəfindən muxtar respublikada fəaliyyət göstərən 19 süni mayalanma texnikinə praktik dərslər keçilmişdir. İl ərzində Dövlət Baytarlıq Xidməti əməkdaşlarının müvafiq ixtisasda təhsil alan Naxçıvan Dövlət Universitetinin tələbələri ilə 8, Dövlət Texniki Kollecinin tələbələri ilə 12 görüşü təşkil olunmuşdur. Həmçinin ilin müxtəlif dövrlərində müvafiq tədbirlər planına uyğun olaraq tələbələrin xidmətdə və Süni Mayalanma Mərkəzində istehsalat təcrübəsi keçmələri təmin edilmişdir.
    Kənd təsərrüfatında sığortanın tətbiqi heyvandarlıq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən subyektlərin də gəlirlərinin mühafizə olunması deməkdir. Bu istiqamətdə müqavilələrin bağlanması müvafiq sahədə fəaliyyətin uzunmüddətli olmasına imkan verir. Ötən il Dövlət Proqramının icrasına uyğun olaraq heyvandarlıq üzrə 3 min 4 sığorta müqaviləsi bağlanmışdır. 
    İcrası davam etdirilən Dövlət proqramı çərçivəsində görülən işlər bir daha təsdiqləyir ki, dövlətin əsas məqsədi hər bir vətəndaşın sağlam və təhlükəsiz həyat tərzinə, əhalinin qəbul olunmuş normalara uyğun ərzaq məhsulları ilə təminatına nail olmaqdır.

“Şərq qapısı”

Nəşr edilib : 11.03.2022 18:36