AZ EN RU

Baytarlıq təbabətinin inkişafı ilə bağlı tədbirlər davam etdirilir

    Naxçıvan Muxtar Respublikasında baytarlıq xidmətinin səmərəli təşkili xüsusi diqqətdə saxlanılan məsələlərdən biridir. Ötən müddətdə bu sahədə maddi-texniki bazanın gücləndirilməsi, sahibkarlara subsidiyaların verilməsi və süni mayalanmanın tətbiqi istiqamətində həyata keçirilən tədbirlər baytarlıq xidmətinin davamlı inkişafını təmin etmişdir. Görülən işlər muxtar respublikada epizootik vəziyyətin sabit saxlanılmasına və əhalinin keyfiyyətli ət və süd məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə şərait yaratmışdır. Əldə edilən uğurların əsasında dayanan ən  mühüm faktorlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrasıdır.

    Proqramda nəzərdə tutulan tapşı­rıqların icrası cari ilin ilk yarısında da davam etdirilmiş, bu sahədə bir sıra tədbirlər həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri fevralın 22-də Kəngərli Rayon Baytarlıq İdarəsinin yeni binasının istifadəyə verilməsi ilə bağlı tədbirdə iştirak etmişdir. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binada müasir iş şəraiti yaradılmış, o cümlədən burada fəaliyyət göstərən baytarlıq laboratoriyası lazımi avadanlıqlarla təmin edilmişdir. Bununla yanaşı, iyunun 13-də Dövlət Baytarlıq Xidmətində Ali Məclis Sədrinin iştirakı ilə baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə səyyar müşavirə keçirilmiş, yeni avtomobil və laboratoriya avadanlıqlarının təqdimatı olmuşdur. Görülən işlər onu deməyə əsas verir ki, muxtar respublikada baytarlıq xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər ardıcıl olaraq davam etdirilir. Bu tədbirlərin uğurla həyata keçirilməsi isə əhalinin sağlamlığının qorunmasına şərait yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Epidemioloji vəziyyətin sabit olması üçün iki əsas sahə diqqətdə saxlanılmalıdır: sağlam mühit və sağlam qida. Bunlar vacib sahələrdir. Ona görə ki, əhalinin sağlamlığı bu sahələrin inkişafından asılıdır. Sağlam mühit və sağlam qida olmadan insanların sağlamlığı təmin oluna bilməz. Ona görə də muxtar respublikada həm gigiyena və epidemiologiya, həm də baytarlıq təbabəti sahələrində lazımi iş şəraiti yaradılıb, avadanlıqlar və laboratoriyalar istifadəyə verilib, Dövlət proqramları qəbul olunub. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində lazımi ixtisaslar açılıb və kadr hazırlığı aparılır. Bütün bunlar da imkan verəcək ki, muxtar respublikada hər iki sahə inkişaf etdirilsin və kadr potensialı yaradılsın”.

    Proqramda nəzərdə tutulan mühüm tədbirlərdən biri də süni mayalanma tədbirlərinin əhatə dairəsinin genişləndirilməsidir. Muxtar respublikada süni mayalanma sahəsində həyata keçirilən tədbirlər heyvanlarda baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılmasına, eyni zamanda məhsuldarlığın artmasına səbəb olur. Dövlət pro­qramının icrası məqsədilə birinci yarım ildə 5897 baş iribuynuzluda süni mayalanma işləri aparılmış, ötən dövrdən mayalanan 7919 baş buzov və 19 baş balaq doğulmuşdur. İlin əvvəlində doğulan buzov və balaqlara görə sahibkarlara, ümumilikdə, 298 min manat məbləğində subsidiya ödənilmişdir. Cari ilin ilk yarısında Süni Mayalanma Mərkəzində 16648 doza törədici toxum istehsal edilmiş, 5211 doza toxumun süni mayalanma texniklərinə satışı təmin olunmuşdur. Görülən işlər süni mayalanma tədbirlərinin səmərəliliyinin artırılması məqsədini daşımışdır. 
    Heyvandarlıqda xəstəliklərə qarşı vaxtında və keyfiyyətli vaksinasiya işinin aparılması mal-qarada immunitet yaradaraq zoonoz xəstəliklərin yayılmasının qarşısını alır. Nəticə etibarilə, epizootik vəziyyətin sabitliyi təmin edilir ki, bu da heyvandarlıqda sağlam və keyfiyyətli məhsulun əldə olunmasına gətirib çıxarır. Dövlət proqramında da heyvan mənşəli xəstəliklərin qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin görülməsi barədə tapşırıq nəzərdə tutulmuşdur. Tapşırığın icrası məqsədilə cari ilin ilk yarısında qarayara xəstəliyinə qarşı 94 min baş iribuynuzlu, 444 min baş xırdabuynuzlu, 5078 baş təkdırnaqlı, dabaq xəstəliyinə qarşı 99 min baş iribuynuzlu, 354 min baş xırdabuynuzlu, emkar xəstəliyinə qarşı 83 min, nodulyar dermatit xəstəliyinə qarşı 75 min, pasterelyoz xəstəliyinə qarşı 74 min baş iribuynuzlu, bradzot xəstəliyinə qarşı 83 min, çiçək xəstəliyinə qarşı 347 min baş xırdabuynuzlu heyvanda, nyukasl xəstəliyinə qarşı 299 min baş quşda, quduzluq xəstəliyinə qarşı 6463 baş itdə peyvəndləmə işləri aparılmışdır. 
    Heyvan xəstəlikləri ilə mübarizədə vaksinasiya tədbirlərinin aparılması işin bir tərəfidirsə, baş verən xəstəliklərin müalicəsi üçün sahibkar­ların keyfiyyətli dərman preparatları ilə təmin olunması da məsələnin digər tərəfidir. Muxtar respublikada bir tərəfdən heyvandarlıq-arıçılıq əczaxanalarının sayı ildən-ilə artmaqda davam edir, digər tərəfdən bu əczaxanalarda satılan məhsulların keyfiyyəti daim nəzarətdə saxlanılır. Bu istiqamətdə birinci yarım ildə Dövlət Baytarlıq Xidmətinə heyvandarlıq-arıçılıq sahəsi üzrə yeni əczaxananın yaradılması ilə bağlı daxil olmuş bir müraciət müsbət qiymətləndirilmiş və müraciət edən şəxsə yeni əczaxananın açılması ilə bağlı qanunvericiliyə uyğun lisenziya verilmişdir. Əlavə olaraq yanvar-iyun aylarında baytarlıq preparatlarının, yemlərin və yem əlavələrinin, biostimulyatorların və hormonların təhlükəsizliyinə və keyfiyyətinə nəzarətin təşkili məqsədilə muxtar respublikada fəaliyyət göstərən baytarlıq əczaxanalarında 40 reyd keçirilmiş, neqativ hal aşkarlanmamışdır. 
    Dövlət proqramında nəzərdə tutulan mühüm stimullaşdırıcı tədbirlərdən biri də heyvandarlıqda sığorta işinin təşkilidir. Bu istiqamətdə sahibkarlıq riskinin və maddi rifahın zəmanətçisi kimi sığorta mexanizminin tətbiqi təsərrüfat sahibləri üçün mühüm əhəmiyyət kəsb edir. Onlar arasında cari ilin ilk yarısında heyvandarlıqda sığortanın əhəmiyyəti barədə maarifləndirmə işlərinin aparılması davam etdirilmişdir. Belə ki, fevral-iyun aylarında Naxçıvan şəhəri, Şərur, Culfa və Ordubad rayonlarında sahibkarlarla bu məqsədlə, ümumilikdə, 8 görüş keçirilmişdir. Ötən müddətdə aparılan təbliğat işinin müsbət nəticəsidir ki, birinci yarım ildə muxtar respublikada 253 baş iribuynuzlu, 1173 baş xırdabuynuzlu heyvan, 80 baş ev quşu və 204 arı ailəsi olmaqla, ümumilikdə, heyvandarlıq sahəsi üzrə 1710 sığorta müqaviləsi bağlanmışdır. 
    Proqramın icrası çərçivəsində həyata keçirilən maarifləndirmə işi, eyni zamanda yaylaqlardan düzgün istifadə olunmasını da əhatə etmişdir. Cari ilin birinci yarısında bu məqsədlə Şərur, Culfa, Ordubad və Şahbuz rayonlarında fəaliyyət göstərən sahibkar və fermerlərlə, ümumilikdə, 6 maarifləndirici görüş keçirilmişdir. Bu görüşlərdə yay və qış otlaqlarında, kəndətrafı örüş sahələrində eroziyanın və səhralaşmanın qarşısının alınması, yaylaqlarda ekoloji təmizliyə riayət edilməsi təsərrüfat sahiblərinin diqqətinə çatdırılmış, onlara yaylaqlardan istifadə qaydalarına dair, ümumilikdə, 170 maarifləndirici buklet paylanmışdır. Həmçinin bu dövrdə muxtar respublikada 12 yaylaq, 7 yurd, 1 dərə və 4 obanı əhatə edən 120 obyektdə 97 min 220 kvadratmetr sahədə hər hansı zərərvericilərin və xəstəliktörədicilərin məhv edilməsi məqsədilə dezinfeksiya işi aparılmışdır. 
    Baytarlıq təbabətinin inkişafını təmin edən mühüm amillərdən biri də bu sahədə kadr hazırlığının gücləndirilməsidir. Bu baxımdan müvafiq hami təşkilatlar tərəfindən muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində baytarlıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşlərin keçirilməsi və onların praktik vərdişlərinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Birinci yarım ildə Dövlət proqramının icrası məqsədilə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən müvafiq ixtisas üzrə Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələrlə 5, Naxçıvan Dövlət Texniki Kollecində təhsil alan tələbələrlə 8 görüş keçirilmişdir. Keçirilən görüşlərdə tələbələrə tələf olmuş heyvanın patoloji-anatomik yarılması, baytarlıq təbabətində istifadə olunan vaksinlərin saxlanılma qaydaları və bir sıra digər mövzular haqqında məlumatlar verilmişdir. Həmçinin Naxçıvan Dövlət Texniki Kollecinin müvafiq ixtisas üzrə təhsil alan dördüncü kurs tələbələrinin mart-aprel aylarında Süni Mayalanma Mərkəzində, may-iyun aylarında isə Dövlət Baytarlıq Xidmətinin struktur qurumlarında təcrübə keçmələri təmin olunmuşdur. 
    Dövlət proqramının icrası muxtar respublikada baytarlıq təbabətinin inkişafı ilə bağlı tədbirlərin davamlı xarakter almasına səbəb olmuşdur.

“Şərq qapısı”

Nəşr edilib : 26.08.2022 19:55