AZ EN RU

Bayraq sevdalısı şəhidim

Fərmin Fərman oğlu Əliyev

20.03.1996-29.09.2020

Fərmin balaca vaxtlarından sevilən uşaq olub. Atası ilə nəfəs alırdı. Ondan heç ayrılmırdı. Qoymazdı ki, atası bir ağır iş görə. Məktəbdə də, kənddə də çox sevilirdi. Atası çox istəyirdi ki, mülki ixtisas üzrə ali təhsil alsın. Amma Fərmin dedi, yox, ata mən hərbçi olacağam. Məqsədi hərbçi olmaq idi. Birinci il imtahan verdi qəbul ola bilmədi. Boyu balaca olduğu üçün götürmədilər. İkinci il yenidən imtahan verdi və qəbul oldu. Sevincinin həddi-hüdudu yox idi. 

Hərbi liseyi bitirdikdən sonra Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu və oranı uğurla bitirdi. Təyinatı Mingəçevirə verildi. Sonra bura gəlib evləndi. Millətini, xalqını, bayrağını sevən balam toyunda çiyninə bayrağımızı salaraq oynadı. Maşınlar, evimiz, mağar, hər tərəf bayraqlarla bəzəndi. Bayrağına sevgisi o qədər sonsuz idi ki, hətta toy gününü 9 noyabr bayraq gününə təyin etmişdi. 
2020-ci ilin mart ayında gəlmişdi Fərminim. Pandemiya olduğu üçün ailəsini burada qoyub, özü xidmətə getdi. İnanın ki, apreldə xidmətə qayıdanda təyyarə yox idi. Zorla özünə bilet tapıb getdi. Getdi və bir daha Fərmini görə bilmədik. 
Müharibədən qabaq atasına zəng vurmuşdu. Dedi, Fatiməni (yoldaşını) hər şeyə hazırlamışam. O hər şeyə hazırlıqlıdır. Siz də mətin olun. Onu sizə əmanət edirəm. 
Sonuncu dəfə sentyabrın 28-i telefonla danışdıq. Atası dedi vəziyyət necədir? Dedi, vəziyyətdir də. Soruşdu,  oğul, qorxmursan? Dedi, ata, qorxmaq nədir. Heyəti saxlaya bilmirik. Hər kəs döyüşmək istəyir. Qorxu söhbəti yoxdur. 
Fərminimiz şəhid olduqdan sonra bir oğul payımız oldu. İndi Fərmin olmasa da, onun iki yadigarı bu evdə yaşayır. Övladı və şəhidliyinə alışdırdığı Fatiməsi. Hər ikisi bizim övladımızdır. Bayraq sevdalısı Fərminimiz indi çox sevdiyi Vətən torpağında rahat uyuyur. Çünki onun azad görmək istədiyi Vətən torpağı düşmən işğalından azad edilib. Bu gün Xankəndi başda olmaqla bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Vətən sağ olsun!

Nəşr edilib : 06.06.2024 22:27