AZ EN RU

Bayram şənliyi keçirilib

    “Naxçıvan” Universitetində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş bayram şənliyi keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan şənlikdə universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
    Universitetin rektoru, dosent Nurlana Əliyeva tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Rektor bu əlamətdar tarixin qeyd olunmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışaraq bildirib ki, Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu bəyan edib, xaricdə yaşayan azərbaycanlılarla məqsədyönlü iş aparılmağa başlanılıb. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi tələbata çevrilib. 
   Nurlana Əliyeva diqqətə çatdırıb ki, artıq iki ildir ki, Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Çünki torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü olub. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxıb. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində əldə edilib. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da yüksək dərəcədə fəallıq göstəriblər, daha sıx birləşiblər. Belə ki, Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin məkrli təxribatlarına qarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Zəfərimizə layiqli töhfə olub. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirib. Eyni zamanda bu savaşda xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaradıb.
    Rektor ölkəmiz haqqında obyektiv məlumatların yayılması, dövlət və milli maraqların qorunması istiqamətində görülən işlərə diqqət çəkərək xalqımızın parlaq gələcəyinə əminliyini vurğulayıb.
    Şənlik bədii hissə ilə davam edib. İstedadlı tələbələrin ifasında müxtəlif rəqslər, musiqi nömrələri nümayiş olunub.
    Yekunda universitetin rektoru Nurlana Əliyeva universitetin ictimai həyatında fəal iştirak edən tələbə və müəllimlərə göstərdikləri xidmətə görə təşəkkür edib. 

“Naxçıvan” Universitetinin 
mətbuat xidməti

Nəşr edilib : 27.12.2022 22:28