AZ EN RU

Bayram ovqatlı, xoş əhvali-ruhiyyəli “Novruz qatarı”ndan bahar təravətli söhbətlər

Novruz bayramı xalqımızın lap qədim zamanlardan üzübəri qeyd etdiyi milli bayramlardan biridir. Böyük mənəvi gücə malik olan bu bayram ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olmaqla bərabər, həm də Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Xalqımız özündə humanistlik, mənəvi paklıq, birlik və bərabərlik ovqatı daşıyan Novruzu sevir və böyük təmtəraqla qeyd edir. Xüsusən gənc nəsil arasında daha çox sevilən bu bayramın yaddaqalan olması istiqamətində, o cümlədən gənclərimizə milli bayramlarımızın tarixi əhəmiyyətinin aşılanması mövqeində ölkəmizdə, habelə muxtar diyarımızda bir sıra uğurlu layihələr icra edilir. Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl qəzetimizdə elanını verdiyimiz, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən təşkil edilən “Novruz qatarı” da gənclərimizi 22 mart tarixində Ordubad rayonunda təşkil edilən rəngarəng, maraqlı bayram şənlikləri ilə yaxından tanış etmək imkanı qazandırıb. Biz də elə bu bayram ovqatlı səfərdən istifadə edərək tur iştirakçıları – bir neçə fəal gəncimiz ilə söhbət edib, onların zəngin təəssüratlarını öyrəndik.  

İlk həmsöhbətimiz, fəal gənc Altay Cəfərli xalqımızın qədim bayramı olan Novruz haqqında məlumat verərək deyir: bayramlarımız içərisində ən əziz, ən doğma, ən sevimlisidir Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram, xalqımızın, elimizin, bir sözlə bizlərin ən sevdiyi milli bayramımızdır. Bütün gənclərimiz hələ orta məktəbdə oxuduğu illərdə öyrənib ki,  Novruz “Yeni gün”, “yeni il” deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar. Ordubad rayonunun isə, demək olarki, hər bir güşəsində bu sadaladığız bayram ab-havası böyük coşğu ilə qeyd olunur. Qeyd etmək isdərdim ki, bu səfərimlə artıq ikinci dəfədir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşəbbüsü ilə təşkil edilən “Novruz qatarı”nda iştirak edirəm. Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz bayramının bu cür möhtəşəm keçirilməsi hər birimiz üçün, xüsusən də biz gənclər üçün çox sevindirici haldır. Səfərimiz çox maraqlı, faydalı və səmərəli keçdi. Səyahət boyunca canlı və milli musiqilərimiz gənclərimizin müşayiəti ilə səsləndirilməsi əsl bayram ovqatı yaratdı. Son dayanacağımız Azərbaycanın incisi sayılan, qədim tarixə malik olan Ordubad şəhəri idi. Uzun illərdir burada təşkil edilən meydan tamaşasına – “Xanbəzəmə” mərasiminə şahid olduq. Səfər ərzində iştirakçılarımıza hər cür diqqət göstərildi. Bütün iştirakçılar adından səfərin təşkil edilməsində əməyi keçən hər kəsə, o cümlədən Naxçıvan Muxtar Respublikası Gənclər Fonduna və onun səmimi kollektivinə  öz dərin minnətdarlığımı bildirirəm. 

AMEA Naxçıvan Bölməsinin əməkdaşı Mirsəlim Eminov turla bağlı maraqlı fikirlərini bizimlə bölüşərək deyir ki, ekskursiyanın təşkil olunmasında əsas məqsəd Naxçıvanda fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan və dərslərində müvəffəqiyyət qazanan tələbələrin Novruz bayramı tətilində asudə vaxtlarının mənalı təşkili, onların Ordubad rayonunda keçirilən el şənliklərində iştirakının təmin edilməsidir. Həmçinin Ordubadda turizmin təbliği və bu ekskursiya vasitəsilə ictimai nəqliyyat növü olan dəmir yolundan istifadə edilməsinə marağın artırılmasıdır. Hesab edirəm ki, bu tur bütün gənclərimiz üçün faydalı və maraqlı oldu. Yol boyunca masalarımızın üzərində bir-birindən maraqlı Novruz atributları, o cümlədən səməni, boyanmış bayram  yumurtaları, müxtəlif növ şirniyyatlar, habelə milli musiqilərimizdən rəngarəng ifalar bizlərə mənəvi zövq verdi. Novruz qatarının bir digər üstün məqamı da ondan ibarətdir ki, bu səfər sayəsində gənclərimizin bir-birləri ilə sosiallaşması və səmimi münasibətləri də yaranır. Ordubad rayonunda təşkil edilən tamaşa ilə bağlı fikirlərimə gəldikdə isə qeyd edim ki, bu şəhər lap qədim zamanlardan Azərbaycan tarixinin öyrənilməsində böyük rol oynayıb. Çox sevindirici haldır ki, milli-mənəvi təşəkkülümüzün daşıyıcı olan Novruz bayramı da məhz bu qədim diyarda böyük təntənə ilə qeyd olunur. Hesab edirəm ki, bizim timsalımızda olan bütün gənclərimiz bu gözəl səfərdən faydalanmalıdır.

Naxçıvan Dövlət Universitetinin Əczaçılıq ixtisası üzrə ikinci kurs tələbəsi Sahilə Yusifova deyir: – Yəqin ki, bu səfərimizi milli-mənəvi dəyərlərə yolçuluq adlandırsaq, yanılmarıq. Hər bir kəsə məlumdur ki, Novruz bayramı, baharın yurdumuza qədəm qoyduğu, təbiətin oyandığı, ağacların çiçək açdığı – uzun sözün qısası, el dili ilə desək, insanların, canlıların bir-birinə qaynayıb-qarışdığı vaxtdır. Elə bizim Novruz səfərimiz də bu ovqatda, bayram ətirli günlərin birində baş tutdu. 22 mart tarixində, səhər saatlarında Naxçıvan dəmir yolu vağzalının önündə toplaşdıq. Hava soyuq olsa da gənclər bu qədim vağzala sanki bir qaynar həyat gətirmişdilər. Hər kəs fotoşəkillər çəkdirir, deyib-gülür, bir sözlə maraqlı anlar yaşayırdı. Bir müddət sonra zövqlə, bayram əhval ruhiyyə ilə bəzənmiş “Novruz qatarı”nda yolçuluq başladı. Qeyd edim ki, “Novruz qatarı” ideyası ilk dəfə Naxçıvanda Gənclər Fondu tərəfindən bir neçə il əvvəl reallaşdırılıb. Gənclər tərəfindən məmnuniyyətlə qəbul edilib və sevilib. Layihəyə uyğun olaraq  Naxçıvandan Ordubada xüsusi qatarda, dəmir yolu ilə səfər təşkil edilir və bayram əhval-ruhiyyəli gənclər yol boyu əylənirlər. Yolçuluğumuz başladığı andan  gördüyümüz hər şey maraqlı gəlirdi. Ətəyindən keçdiyimiz Naxçıvan dağlarının gözəlliyini sözlər ilə anlatmaq mümkün deyil. Qırmızı-qəhvəyi rəngdə gah yaxınlaşan, gah uzaqlaşan uca dağlar, duman bürümüş yamaclar və yenicə yaşıllaşmağa başlayan Culfa, Ordubad düzləri göz oxşayırdı. Bizimlə birlikdə “yol gedən”  Araz çayı da ayrı gözəllik qatırdı bu “Novruz qatarı”na. Hər daşında, torpağında tarixin sirlərini həkk eyləyən bu o tay, bu taylı yollar insanı uzaq keçmişə aparırdı. Nəhayət gəlib ünvanımıza – Ordubad rayonuna çatmışdıq. Bu qədim şəhərdə gördüklərim sanki məni orta çağların Azərbaycan şəhərinə aparır. Ulu öndər Heydər Əliyevin “Ordubad Azərbaycanın incisidir” kəlamını indi dərk edirəm, bütün bunları öz gözümlə görəndən sonra. Məscid, çinar, kəhriz və meydan. Bunlar da Ordubadın özünəməxsusluğudur. Heyrətlənməmək mümkün deyil. Bütün bunlardan sonra isə məni təəccübləndirən “Xanbəzəmə” adətidir. Novruz bayramından sonra 3 gün davam edən bu qədim ənənə nə yaxşı ki bu gün Ordubadda yaşayır. “Novruz qatarı”, etiraf edim ki, mükəmməl bir ideyadır. O,  olduqca gözəl hisslər bəxş etdi  mənə, həm ruhuma, həm də dünyagorüşümə. Bu qədər mükəmməl adət, ənənələrlə dolu olan  Novruz bizim milli bayramımızdır, təbiətimizin oyandığı, baharın müjdəçisi olan bayramımızdır, birlik, həmrəylik bayramımızdır. Bunu Naxçıvandan Ordubada gedən “Novruz qatarı” bir daha sübut etdi. 

Xalqımızın ən qədim bayramı olan Novruz tarixin bütün enişli-yoxuşlu yollarından keçərək bu gün də öz gözəlliyi, ehtişamı ilə sevilə-sevilə qeyd olunur. Milli-mənəvi dəyərlərimizin gənc nəsillərimizə aşılanması istiqamətində dövlətimizin atdığı məqsədyönlü addımların hər biri xalqımıza verilən dəyərin ən bariz nümunəsidir. Çünki gənclərimiz adıçəkilən proseslərlə yaxından tanış olduqca onları daha dərindən dərk edir, öyrənir və tariximizin yaddaşına həkk edir. Elə bayram ovqatlı “Novruz qatarı”nın gənc iştirakçıları kimi, Bir daha bayramımız mübarək olsun. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 23.03.2022 16:13