AZ EN RU

Bayram ovqatlı, bahar təravətli yarmarka

    Daha bir bahar bayramının astanasındayıq. Elimizə-obamıza isti nəfəsli günlərin həyatımızı rövnəqləndirməsinin, torpağın, suyun yeni vüsətlə oyanmasının soraqçısı bahar təravətli Novruz gəlir. Yazın gəlişi əsrlər boyunca xalqımız tərəfindən bayram əhvali-ruhiyyəsi ilə, Novruz ənənələri ilə qarşılanır. Novruzun özünəməxsus adət-ənənələri və simvolları xalqımızın həyat tərzinə, məişətinə hopub, bu gün də qorunub yaşadılır. Bu əziz bayramın əsas atributlarından biri də bayram süfrəsidir. Bir neçə ildir ki, Naxçıvan şəhərindəki Mərkəzi Bazarda təşkil olunan ənənəvi bayram yarmarkası da süfrələrimizdə əsl bayram bolluğu yaradır, Novruzu gülərüz, şən əhvali-ruhiyyə və  könülxoşluğu ilə keçirməyə imkan verir. Təsadüfi deyil ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri fevralın 25-də muxtar respublikada təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə İqtisadiyyat Nazirliyinə  martın 20-nə qədər Naxçıvan şəhərində və rayon mərkəzlərində bayram yarmarkalarının təşkil edilməsi ilə bağlı xüsusi tapşırıq vermişdir. 

    Biz də bu bayram ərəfəsində – mart ayının 14-dən başlayaraq Mərkəzi Bazarda keçirilən yarmarkaya üz tutduq. Burada gördüyümüz qələbəlik, insanların simalarındakı məmnunluq deməyə əsas verirdi ki, onlar bu tədbirin təşkilindən çox razı­dırlar. Biz də bayram sovqatları almağa gələn bir neçə nəfərlə görüşüb həmsöhbət olduq. 
    Naxçıvan şəhər sakini Zeynəb Bədirbəyli bildirdi ki, bayram üçün almaq istədiyimiz məhsulların hamısına burada rast gəlmək olar. Qiymətlər də münasibdir. Sevindirici haldır ki, belə keyfiyyətli məhsulların hamısı yerli istehsaldır. Bu da o deməkdir ki, builki Novruz bayramında da süfrələrimizi öz məhsullarımız bəzəyəcək.
    Digər bir alıcı İsmayıl Əliyev də fikirlərini bizimlə bölüşərək yarmarkadan razı qaldığını və öz torpağımızın məhsulunun dadına və keyfiyyətinə görə heç bir yerdə yetişən məhsulla əvəz olunmadığını dedi. Müsahibimiz qiymətlərin münasibliyindən, bazarda məhsul bolluğu olduğundan söz açdı. O, yarmarkanın təşkilində əməyi olanlara minnətdarlığını bildirdi.
    Yarmarkada olduğumuz müddətdə müxtəlif rayonlardan kənd təsərrüfatı məhsulları gətirmiş torpaq mülkiyyətçiləri, ailə təsərrüfatçıları ilə də görüşüb söhbət etdik. Ləziz təamları ilə seçilən Ordubad rayonunun yaşayış yerlərindən yarmarkaya xeyli məhsul çıxarılmışdı. Həmin rayonun Vənənd kənd sakini, ailə təsərrüfatçısı Yaqut Babayeva yarmarkada məşhur Ordubad paxlavası, şəkərburası, bir-birindən ləziz şirniyyatlar, Ordubad limonu, bir sözlə, 50 çeşiddə məhsulu piştaxta üzərinə səliqə ilə düzmüşdü. Piştaxtanın önü alıcılarla dolu idi. Təsərrüfat başçısının sözlərinə görə, Ordubadın brendinə çevrilən belə məhsulların Naxçıvanla yanaşı, ölkə­mizin müxtəlif bölgələrində də alıcıları var. Keçirilən belə yarmarkaların təşkilindən sonra alıcılarımızın sayı daha da artır. Bu tədbirləri təşkil edənlərə təşəkkür edirəm. 
    Digər satıcı isə Şahbuz rayonunun Qızılqışlaq kənd sakini, ailə təsərrüfatçısı Məmməd Məmmədovdur. Təsərrüfatçı yarmarkaya mürəbbələr, turşular, müxtəlif çeşiddə meyvə quruları, kompotlar, doşab, üzüm yarpağı, cemlər, can dərmanı otlar çıxarıb. Bu məhsulları özünün həyətyanı və pay torpağının bir hissəsindən istifadə etməklə hasilə gətirib, ehtiyac duyulan bəzi məhsulların xammalını rayonun digər torpaq mülkiyyətçilərindən alaraq emal edib. Məmməd Məmmədov bu məhsullara alıcılar tərəfindən böyük maraq göstərildiyini deyir. 
    Şirzad Əkbərov isə Şahbuz rayonunun Yuxarı Qışlaq kəndindən öz ailə təsərrüfatında istehsal etdiyi heyvandarlıq məhsulları gətirib. Piştaxtadakı camış qatığı, qaymağı, şoru, pendirindən tutmuş, yumurta və beçəyə qədər bir çox məhsulların istehsalında ailə üzvlərinin hər birinin zəhməti olduğunu dedi. Müsahibimiz bayramqabağı belə yarmarkaların təşkilinin bolluq, əlverişli və mədəni ticarətin təşkili baxımından əhəmiyyət daşıdığını qeyd etdi.  Həmsöhbətim ailə təsərrüfatlarında yetişdirilən məhsulların təbliği və satışında festivallarla yanaşı, belə yarmarkaların keçirilməsinin də böyük əhəmiyyəti olduğunu diqqətə çatdıraraq qeyd etdi ki,  burada istehsalçılardan rüsum alınmır, onlar elektron tərəzi ilə təmin olunurlar. Bütün bunlar satıcıların ürəyincədir. Yarmarkaya gətirdiyi məhsulun çoxunu sataraq yaxşı qazanc əldə edə bilib. 
    Yarmarkaya Culfa rayonunun Yaycı kəndindən 20 çeşiddən çox məhsulla – alma, armud, alana, sucuq, ərik və tut quruları, cəviz, fındıq, mürəbbə və süfrələrin bəzəyi sayılacaq digər nemətlərlə gələn Sona Hüseynova burada kənd zəhmətkeşləri üçün əlverişli şəraitin yaradıldığını bildirir və əlavə edir ki, bayram yaxınlaşanda kəndlinin bazara çıxarmağa məhsulu yoxdursa, demək, o, bayramaqədərki müddətdə tənbəllik edib. Çünki yazda, yayda, payızda toplanan məhsulun bir qismini istənilən kənd adamı Novruz azuqəsinə çevirə bilər və bu azuqəni bayramda yarmarkaya çıxararaq yaxşı gəlir əldə edər. 
    Alıcılardan biri, şəhər sakini, təqaüdçü-müəllim Zenfira Qurbanova ilə elə piştaxta önündəcə həmsöhbət olduq. O dedi ki, ötən illə müqayisədə qiymətlərdə artım yoxdur. Bazarda təklifi artırmaqla və tələbi daha dolğun ödəməklə qiymətlərin aşağı salınmasına nail olunub. Daha doğrusu, qiymətlər bazarlarda yaradılan bolluğa uyğun olaraq formalaşıb. Ona görə də bir çoxları kimi, mən də çətinlik çəkmədən ailəm üçün bayram bazarlığını etdim. Yarmarkanın təşkilində əməyi olanlara minnətdarlığımı bildirirəm.
    Kəngərli rayonunun Çalxanqala kənd sakini Vüqar Məmmədov meyvədən hazırlanan araq və çaxırlarla piştaxtaları bəzəyib. Dedi ki, öz ailə təsərrüfatında istehsal etdiyi 12 növ müxtəlif meyvə araqları və çaxırlarını gətirib. Həmin məhsullardan yaxşı gəlir əldə edir. Burada diqqətimi çəkən xar tut və gilənar çaxırı oldu. Zövqoxşayan qablaşdırma ilə satışa çıxarılan məhsullar təkcə mənim yox, piştaxta önündən keçən hərkəsin diqqətini çəkirdi. Çoxları ayaq saxlayıb həm də piştaxtadakı qeyri-adi dekorasiyaya tamaşa edirdi. Vüqar Məmmədov yarmarkada bu məhsullara alıcıların böyük maraq göstərdiyini bildirir. Belə yarmarkaların təsərrüfat sahiblərinin istehsal etdiyi məhsulları tanıtmaq baxımından əhəmiyyətli olduğunu bildirən müsahibimiz yaradılan şəraitə görə minnətdarlığını bildirdi.
    Məlumat üçün bildirək ki, şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə Naxçıvan şəhərindəki Mərkəzi Bazarda Novruz bayramı münasibətilə keçirilən bayram yarmarkası mart ayının 20-dək davam edəcək. İlk gün yarmarkaya muxtar respublikada fəaliyyət göstərən 25 istehsal müəssisəsi tərəfindən 240 çeşiddə məhsul çıxarılıb. Eyni zamanda 208 ailə təsərrüfatı subyektləri tərəfindən məhsulların satışı təşkil olunub. İki gündür, davam edən yarmarkada 76 min 700 manat dəyərində satış olub. 

Gülcamal TAHİROVA
Telli MƏMMƏDOVA

Nəşr edilib : 15.03.2022 20:26