AZ EN RU

Bayram gəlir elimizə

    Təbiət oyanır, ağaclar çiçək açır, çəmənlər yaşıllaşır, torpaq şumlanır, insanların zəhmət dolu günləri başlayır. Bir sözlə, elimizə-obamıza bahar bayramı olan Novruz gəlir. Novruz təbiətin oyanışını, gecə ilə gündüzün bərabərləşməsini, əkinçilik həyatının başlanğıcını özündə təcəssüm etdirir. İnsanlar qışın ətalətini üzərindən atır, ev-eşik təmizlənir, həyət-baca bellənir, hər şey yenilənir, təzələnir. Deyərlər ki, tut sovuşanacan, gilas ağaranacan Novruzdur…  

    Bu bayram milli dəyərlərimizin, adət-ənənələrimizin yaşadıldığı, müxtəlif mərasimlərin yerinə yetirildiyi bolluq, bərəkət və firavanlıq rəmzidir. Yeni gün mənasını ifadə edən Novruz dünyəvi bayram kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınıb. Dövlət səviyyəsində qeyd etdiyimiz Novruz milli müstəqilliyimizin bizə bəxş etdiyi ən gözəl, ən dəyərli bayramdır. Uşaqdan-böyüyə hər kəsin sonsuz sevinclə qarşıladığı bu bayram uzaqlarda yaşayan və qəlbləri Azərbaycanla birgə döyünən soydaşlarımız tərəfindən də qeyd edilir. Bu gün Novruz bayramı 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda şən əhvali-ruhiyyə ilə keçirilir, tonqallar qalanır, səməni cücərdilir, yurd yerlərimizdə milli dəyərlərimiz yaşadılır. 

    Minillik yaddaşımızdan süzülüb gələn Novruz bayramının üzərindəki qadağaların ortadan götürülməsi məhz Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə mümkün oldu. Bu bayram, sadəcə, mərasim kimi deyil, məhz milli-mənəvi dəyərlərin əhəmiyyətli bir hissəsi kimi yenidən öz mahiyyətinə qovuşdu, insanlar kütləvi şənliklərlə bayramı qeyd etməyə başladılar. Ulu Öndər Heydər Əliyev 21 mart 2000-ci il tarixdə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.

    Qədim adət və ənənələrlə zəngin Novruzda süfrələr müxtəlif naz-nemətlərlə bəzənir, qohumları, böyükləri bir-bir ziyarət edib, onların xeyir-duasını alır, səmimiyyət, xoş əhvali-ruhiyyə, üzlərdə gülüş yaranır. Bayrama hazırlıq işləri bir həftə-on gün qabaqcadan həyata keçirilir. İlaxır çərşənbə axşamı süfrəyə müxtəlif cür yeməklər, salatlar, şirniyyatlar, çərəzlər düzülür. Bu çərşənbə Ordubadda “yeddiləvin” kimi maraqla qeyd edilir. Belə ki həmin gün süfrəyə yeddi adda nemət düzülür, evlərdə buğda qovrulur, plov bişirilir, yumurta boyanır, gözəl süfrə açılır. Həmin axşam Novruzun əsas rəmzi olan tonqal üzərindən atlayıb deyirlər: “Ağırlığım, uğurluğum odlara, tonqaldan atlanmayan yadlara”. Sonra hamı süfrə arxasına keçir, yeyib-içir, deyib-gülür, şənlənir. Belə bir inancı da xatırlatmaq yerinə düşər ki, bayram necə əhvali-ruhiyyə ilə qarşılansa eyni əhvali-ruhiyyə ilin sonuna qədər davam edər. 

    Bayram hazırlıqlarından biri də təndirlərdə bayram çöçəsinin bişirilməsidir. Analarımız, nənələrimiz, qohum-qonşular bir yerə yığışır, köməkləşib bayram üçün cəvizli və yağlı çöçə təndirə yapırlar. Bişirilən çöçədən uzaqda yaşayan övladlarına pay göndərir, bayram süfrəsinə də qoyurlar. 
    Bayram axşamı – martın 20-də təmtəraqlı Novruz süfrəsinə – paxlava, şəkərbura, badambura, tort, qoğal, halva növləri, çərəzlər və sair düzülür. Qovurğa süfrənin əsas çərəzlərindəndir. Əsasən, buğdadan, həmçinin qarğıdalı və noxuddan da hazırlanır. Sacda qovrulmuş buğdaya küncüt, cəviz, fındıq, badam ləpəsi (qovrulmuş halda) qatılır. Buğda, arpa, mərcidən hazırlanan səmənilər nəinki süfrəyə, bütün evə gözəllik, xoşbəxtlik bəxş edir. Bayramın əsas atributlarından biri olan yumurta Novruzun dörd çərşənbəsinin əlamətlərini özündə daşıyır. Belə ki, yumurta qabığının dairəviliyi torpaq mənasında olan dünyanı, pərdəsi bir növ havanı, ağı suyu, sarısı isə odu simvollaşdırır. Qırmızı və müxtəlif rənglərdə boyanan yumurtalar süfrəyə yaraşıq verir. Novruz bayramında keçirilən oyun-əyləncələrdən ən maraqlısı yumurta döyüşdürməkdir. Bu zaman həm bişmiş, həm də çiy yumurtadan istifadə olunur. Yumurta döyüşdürənlər əvvəlcə onların bərk-boşluğunu dişə vurmaqla müəyyənləşdirir, döyüşmədə yumurtası sındırılmış adam öz təzə yumurtasını qazanana verir. Novruz bayramında süfrəyə həm də gülab qoyulur. Keçmişdə naxçıvanlılar qızılgüldən gülab (gül suyu) çəkiblər. Bir sıra şirniyyatlar, eləcə də bayram paxlavasının şərbətində gülabdan istifadə ediblər. Bir sıra bölgələrimizdə, eləcə də Naxçıvanda bayramlaşma zamanı bir-birinin əlinə gülab suyu səpmək adəti bu gün də davam etdirilir. 
    Qədim zamanlardan insanlar təbiətin oyanmasının və bitkilərin canlanmasının rəmzi olaraq qablarda buğda göyərdib, bayram süfrəsi üçün səməni bişirərdilər. Bu ənənə qədim xalqların şifahi poeziyasında da bolluq, səadət arzusunu ifadə edib. Yunan tarixçisi Plutarx (bizim eranın, təxminən, 46-127-ci illər) göstərib ki, qədim Azərbaycanda (Midiyada) buğda çox müqəddəs hesab edilib, yazın əvvəllərində midiyalılar buğdanı cücərdiblər. Maraqlıdır ki, bu adət bu günə səməni göyərtmək şəklində gəlib çıxıb. Səməni həm də əkinin, məhsul bolluğunun rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Səməni göyərtməklə sanki ümidini, arzusunu, ruzisini göyərdirdi əkinçi nənə-babalarımız: 

        Səməni, ay səməni,
        İldə göyərdərəm səni.
        Sən gələndə yaz olur,
        Yaz olur, avaz olur...

    Onlar “Səməni, saxla məni, ildə göyərdərəm səni”, – deyə vəd edərək səmənini hər il göyərdəcəklərinə, bolluq yaradacaqlarına da söz verirdilər. Bayram bitib səməni saralınca o, təmiz, axar suya axıdılmalıdır. Belə bir inanc var ki, onu suya atarkən niyyət edən insan növbəti ilədək arzusuna çatır. Bu ənənə uzun illərdən bəri bir çox bölgələrimizdə, xüsusilə də Ordubadda bu gün də qorunub saxlanılır.  
    İnanclar, əsasən, Novruz fallarında da qorunur, yaşadılır. Qulaq falı, qapı­pusma hər bir bölgəmizdə, eləcə də Naxçıvanda geniş yayılıb. Bu fallar, xüsusilə ilaxır çərşənbə axşamı icra edilir. Hava qaralandan sonra ürəkdə niyyət tutub gizlincə qohum-qonşunun qapısına gedir, qapı dalında durub, ayağın altına açar atıb, içəriyə qulaq asırlar. Eşidilən ilk söz niyyətin yerinə yetib-yetməyəcəyinə işarə edir. Əgər bu söz xoş, yaxşı bir istəyə bağlıdırsa, niyyətin baş tutacağına, narazılıq, nigarançılıq bildirən söz eşidilərsə, onda istəyə çatmağın çətin olacağına inanılır. İlaxır çərşənbə axşamı yerinə yetirilən mərasimlərdən biri də üzüksalmadır. Bu vaxt subay qızlar üzüklərini bir qabın içərisinə salır, növbə ilə bayatı deyilir. Bayatı oxunub başa çatandan sonra tasın içindəki üzüklərdən biri götürülür. Kimin üzüyü qabdan çıxarılsa, onun diləyi həmin bayatıdakı mətləbə yaxın bir axarda yozulur. Novruz axşamı arx kənarına bir yumurta, iki rəngli qələm, yaxud karandaş qoyulur və hər hansı bir iş üçün niyyət edilir. Səhər gedib arxın kənarına qoyulan yumurtaya baxılır. Əgər yumurtanın tən ortasından qırmızı xətt çəkilərsə, bu, niyyətlərinin baş tutacağına işarədir, qara xətt çəkilərsə isə əksi düşünülür. Ümumiyyətlə, Novruz falları ilə bağlı inanclar say və məzmunca zəngindir. Məsələn, kuzə, açar, qıfıl, alma, iynə, qovurğa, ulduz və digərləri maraqlı olmaqla yanaşı, bir çoxu əski təbiət kultları ilə bağlı təsəvvürləri özlərində əks etdirirlər.
    Ata-babadan qalma adətlərdən biri də qəbir üstünə getmə adətidir. Bayram günündən bir neçə gün qabaq hamı qəbiristanlığa gedir, dünyadan köçən doğmalarını, yaxınlarını ziyarət edərlər. Həmçinin cücərtdikləri səmənidən, bayram çöçəsindən qəbir üstünə aparır, ölənlərinin ruhlarına dualar oxuyurlar.
    Xoş arzuları, gözəl istək və diləkləri tərənnüm edən Novruz həm də Kosası, Keçəli, Bahar qızı ilə əlamətdardır. Kosa və Keçəl bayrama xüsusi rəng qatırlar. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir, gözübağlıca, kəndirbaz oyunlarında Keçəl öz məharətlərini sərgiləyir. Bu obrazlar bayram günlərində insanların üzündə gülüş, səmimiyyət doğurur. Cavanların və uşaqların ən sevdiyi və çox yayılmış oyunlardan biri – “Kosa-kosa” oyunu bayrama xüsusi maraq atır. Cavanlar bir yerə toplaşıb, kosanı hazırlayıb bu mahnını oxuyurlar:

        Ay kosa-kosa, gəlsənə,
        Gəlib salam versənə,
        Çömçəni doldursana,
        Kosanı yola salsana...

    Baharın gəlişini, Novruzu tərənnüm edən xalq mahnılarımız da xeylidir. Hansı ki oxunanda qəlbimizdə sevinc, üzümüzdə gülüş yaranır. Bir mahnıda deyildiyi kimi:

    Bayram gəlir elimə, elimizə,
    Nəğmə düşür dilimə, dilimizə.
    Könül gülür, elim gülür,
    Gülür gözəl diyarım.
    Çalır tarım, çalır sazım,
    Gülür, ellər gülür…

    Yurdumuza Novruz bayramı gəlir!.. Arzu edirik ki, gəlişi ilə yalnız gözəl günlər, əmin-amanlıq, xoşbəxtlik, bol ruzi-bərəkət, cansağlığı gətirsin!..
    Bayramınız mübarək olsun! 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 16.03.2023 22:56