AZ EN RU

Bayrağımızı hər şeydən üstün tutan igid

Rəhman Rasim oğlu Əjdərov

14.05.1998 – 01.11.2020

Rəhmanın bir qardaşı da var. Onları tək böyütmüşəm. Rəhman üç yaşında olanda atasını itirib. Çalışmışam ki, atasızlığı hiss etməsinlər. Öz övladım olduğu üçün demirəm, o qədər ağıllı, o qədər mehriban idi ki... Hərbçi olmaq istəyirdi. Naxçıvanda hərbi liseyi bitirdikdən sonra AHM-ə daxil oldu. Həmin məktəbi yaxşı qiymətlərlə başa vurdu... 

...Gözüm hey qapıdadır. Bəzən düşünürəm ki, bu saat qapımızı açıb içəri girəcək. O məni tək qoymaz.
Rəhmanda qadın isməti var idi. Həm də çox ifallı idi. Məzuniyyətə çıxanda onu görməyə gəlirdilər. Əl verib bir qadınla görüşməzdi. Tez çölə çıxardı ki, birdən qadınlar utanar. Həm də çox ürəyiaçıq idi. Bakıda Fatma adında bir qadın satıcı vardı. Rəhman görür ki, o qadın mənim kimi atasız uşaq saxlayır. Deyir ki, Fatma xala mənim anamın həyatını yaşayır. Bütün kursantlardan xahiş edir ki, həmin qadından alış-veriş edin. Həmin qadın hələ də bizimlə əlaqə saxlayır. Elə yana-yana ağlayır ki, sanki öz övladını itirib.
Döyüşə getdi. Nə vaxt zəng vururdum, elə deyirdi, ay ana, biz arxadayıq. Demə, qabaqda səngər qazırmışlar. Tez-tez baş leytenant rütbəsi alacağından danışırdı. Deyirdi ki, yəqin, oktyabr ayında verərlər.
Sonuncu dəfə görüntülü danışdıq. Elə bu zaman onun digər telefonuna zəng gəldi. Rəhman tez-tez “oldu, oldu”, – dedi. Demə, balam müharibədədir. Qolundan yaralanıb, yarasını da sarıtmayıb. 
Oktyabrın 31-i axşam zəng vurdu. Dedi ki, əsgərləri gətirmişəm yuyunsunlar. Çox təmiz uşaq idi. Danışanda dedim ki, Rəhman evimizin ağsaqqalı sənsən, ehtiyatlı ol. Dedi, ana, sənə Şuşadan zəng vuracağam. Noyabrın 1-də şəhid olub balam. Arzusuna çata bilmədi. Şuşanın azadlığını görmədi. Torpaqlarımızı qaytardılar, amma özləri qayıtmadılar. Nə deyim, torpağı, xalqı, bayrağı hər şeydən üstün tutaraq özləri bayraq oldular. Başımız sağ olsun!

Nəşr edilib : 24.05.2024 12:31