AZ EN RU

Baydendən ermənipərəst konqresmenlərə tərs şillə Supergüc Azərbaycanın dəyişdirdiyi reallığı qəbul edir

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian PoZer” sərgilərinin açılış mərasiminin iştirakçılarına ABŞ Prezidenti Cozef Baydenin ünvanladığı məktub bu gün siyasi arenada ən çox müzakirə olunan məsələlərdəndir. Məktubun məzmunu keçirilən tədbirin əhəmiyyətini ortaya qoymaqla yanaşı, həm də Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallığın qəbulu və qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məlumdur ki, 44 günlük Vətən müharibəsindən, bir günlük lokal xarakterli antiterror əməliyyatından sonra ABŞ siyasiləri, ən başda isə Dövlət Departamentinin rəsmiləri məlum hadisələrə reaksiyalarında Azərbaycanın ünvanına bu səviyyədə xoşməramlı fikirlər söyləməmişdilər. Hətta bir çox hallarda  Azərbaycanın beynəlxalq hüququn tələb etdiyi çərçivədə atdığı addımları görməzdən gələrək erməniyönümlü açıqlamalar da vermişdilər. Amerika xarici siyasətinin informasiya təbliğatı üzrə mühüm fiqurlarından biri, ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelin ən son Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə narahatlıqlarını ifadə edən fikirlərini də unutmamışıq. Doğrudur, sonradan departament rəhbəri Entoni Blinken müəyyən mənada balanslaşdırıcı münasibət ortaya qoysa da, bunun diplomatik jestdən fərqli bir şey olduğuna indi də inanmırıq. Amma Baydenin bu dəfəki məktubu Azərbaycana yanaşmada tamam fərqli mənzərəni ortaya qoyur. ABŞ Prezidenti ilk dəfə olaraq bildirir ki,  Bakı və İrəvan arasında sülh sazişi Cənubi Qafqazı dəyişəcək, eyni zamanda, Azərbaycanın da regiondakı rolunu əsaslı şəkildə dəyişəcək. ABŞ bu cəhdi dəstəkləməyə hazırdır. Biz gələcək nəsillərə borcluyuq ki, sülh və firavanlıq bizim başlıca prinsiplərimiz olaraq qalsın.

Supergüc rəhbəri bu fikirləri ortaya qoyarkən vasitəçilik məsələlərindən əsla bəhs etmir və iki ölkə arasındakı sülh razılaşmasında əsas tərəflərin də Azərbaycan və Ermənistan olacağını qəbul edir. Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemianın bu məktubu oxumasından sonra bir çox ekspertlər bunu ABŞ-ın bu işə “xeyir-duası” kimi də dəyərləndirirlər. Kimin necə qiymətləndirməsindən asılı olmayaraq Azərbaycan indiyədək heç bir işdə kimsədən xeyir-dua gözləməyib, amma ona səmimi yanaşma sərgiləyənləri də yaddan çıxarmayıb. Burada isə məsələ tamam fərqlidir. Birinci ona görə ki, bu il Amerikada prezident seçkiləridir və indiyədək ABŞ prezidentliyinə namizədlər (Bayden ötən il ayrı-ayrılıqda həm “ABC”, həm də “NBC News”a açıqlamalarında namizəd olacağını bildirmişdir) ənənəvi olaraq erməni diasporasının və erməniyönümlü konqresmenlərin maraqlarından yararlanırlar və belə bir vəziyyətdə mövzu Azərbaycan olunca ən azından səssiz qalmağa üstünlük verirlər. Digər tərəfdən, bu yaxınlarda konqresin 26 üzvü ABŞ Dövlət Departamentinə məktub ünvanlayaraq təxribatçı müraciət də etmişdilər. Müraciətin də səbəbi o idi ki,  Azərbaycan COP29-a ev sahibliyi edə bilməz. Bunu da belə “əsaslandırırdılar” ki, Azərbaycan neft-qaz ölkəsidir və bu ölkə qazıntı yanacağı hasilatçısı olduğuna görə ekologiyaya böyük zərər vurur. Bu səbəbə görə Azərbaycanın BMT-nin iqlim dəyişikliyi kimi qlobal sammitini keçirməyə haqqı çatmır. Bayden isə Bakıya göndərdiyi məktubda buna belə yanaşma ortaya qoyur: “COP29 Azərbaycana neft-qaz sektorundan metan emissiyalarının məhdudlaşdırılması və “təmiz enerji” keçidinin inkişafı kimi əsas qlobal təşəbbüsləri irəlilətmək üçün unikal imkan yaradır. Azərbaycan enerji tarixi ilə bağlı növbəti fəsli yazmağa hazırlaşarkən, “təmiz enerji”yə, metanın azaldılmasına artan diqqət və öhdəlik məni ruhlandırır. Xəzər dənizinin külək enerjisinin əhəmiyyətli potensialı gələcəkdə Azərbaycanın “təmiz enerji” ixracının neft-qaz ixracını üstələməsi ilə nəticələnə bilər”. ABŞ Prezidentinin bu fikirləri həm də ermənipərəst konqresmenlərə vurulan tərs şillədir.

Beləliklə, Baydenin Bakıya ünvanladığı məktubdan aşağıdakı nəticələr ortaya çıxır:

ABŞ regional sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın Vaşinqton üçün prioritet məsələlərdən biri olduğunu hər kəsə bəyan edir və burada Azərbaycanın roluna xüsusi yer ayırır.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına müsbət yanaşır və burada ABŞ da daxil olmaqla üçüncü ölkələrin vasitəçiliyinə lüzum görmür. Bununla da Azərbaycanın təqdim etdiyi sülh gündəliyinin şərtlərinin alternativsiz olduğunu bir daha təsdiq edir.

COP29-un bütün dünya, o cümlədən ABŞ üçün çox mühüm məsələ olduğunu diqqətə çatdırır, Azərbaycanın “yaşıl enerji” layihələrini təmənnasız dəstəkləyir və Cənubi Qafqazın lider ölkəsinin bunun öhdəsindən layiqincə gələcəyinə böyük ümid bəsləyir.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 05.06.2024 12:16