AZ EN RU

Baxmaqdan savayı gözə nə qaldı...

    Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu öz təbiəti, qədim mədəniyyəti ilə diqqət cəlb etməkdədir. Bu məkanın mənfur qonşularımız da bir vaxtlar, demək olar, ən gözəl guşələrində məskən salmışdılar. Tarixdən məlum olduğu kimi, XIX əsrin əvvəllərində çar Rusiyasının qərarı ilə ermənilərin Şimali Azərbaycana köçürülməsi çox ciddi və Azərbaycan əleyhinə yönəlmiş siyasət idi. Bu da qanlı qırğınlarla həyata keçirilir, sürətlə erməni milləti Şimali Azərbaycanda yerləşdirilirdi. Çar Rusiyası erməniləri Azərbaycanda özünə dayaq, etibar mənbəyi olaraq görürdü. Onlardan çox tez-tez öz hakimiyyətinin əleyhinə yönəlik olan məqamlar haqqında məlumat almaq məqsədilə casus kimi istifadə edirdi. Beləliklə, Azərbaycan üçün baş bəlasına çevrilən erməni tayfaları zaman ötdükcə əsl təhlükə, hiylə, məkr və bunlardan doğan faciə törədicilərinə çevrildilər... 
    Zaman-zaman erməni tayfaları, demək olar ki, Azərbaycanın ən gözəl, ən bəhrəli, məhsuldar torpaqlarında yerləşdirildi. Yerli azərbaycanlılara qarşı törədilmiş qırğınlardan sonra Naxçıvan ərazilərinə də ermənilərin böyük bir hissəsini köçürdülər. Belə məkanlardan biri də Ordubad rayonudur. Hansı ki Qərbi azərbaycanlıları öz doğma yurdlarından qovarkən onlar məhz Şimali Azərbaycanda kütləvi məskən salmış ermənilərin yaşadıqları kəndlərdə yerləşdirilirdilər. Ümumiyyətlə, Azərbaycanda, o cümlədən Ordubadda yaşayan ermənilər buradan çıxarkən bu proses sivil şəkildə həyata keçirildi: onlar rahat şəkildə yaşadıqları mənzillərini, mal-heyvanlarını pula dəyişərək Qərbi Azərbaycana – indiki Ermənistana üz tutdular. Ancaq həmyerlilərimiz isə məcburi şəkildə, demək olar ki, öz canlarını güclə götürüb gələ bilmişdilər...
    Mehri rayonunun Aqarak qəsəbəsinin azərbaycanlı sakinlərindən olan Mustafayevlər ailəsi də digər soydaşları kimi doğma ocaqlarını tərk etməkdə böyük tərəddüd etmişdi. Bu haqda yayılmış məlumatların ciddiliyini heç cür qəbul edə bilməyən sakinlər çaşqınlıq içərisində qalmışdılar. Baxmayaraq ki, qalacaqları evlərini tərk etməyəcəkləri təqdirdə erməni qonşuları Mustafayev Əmiri və Qəhrəmanova Asyanı – ailənin başçılarını övladlarını öldürəcəkləri ilə hədələyirdilər. O vaxt ailə məsələnin ciddiliyinə inanmamış, öz doğma ocaqlarını qətiyyən tərk etmək istəməmişdi. Lakin məsələnin kəskinləşdiyini onlara məhz qonşuları Sosik adlı erməni bildirdikdən sonra ailə doğma ocağını tərk etmək məcburiyyətində qalır. Və beləliklə, onlar Naxçıvan ərazilərinə üz tuturlar...
    Mustafayev Əmir Səlimxan oğlu həyat yoldaşı Qəhrəmanova Asya Həsənqulu qızı ilə Mehri rayonunun Aqarak qəsəbəsində yaşayarkən ailə qurub. Ailənin Sevda, Arzu, Sədaqət və Tovuz adlı dörd qız övladı da burada dünyaya göz açıb böyüyüb. Orta təhsillərini buradakı məktəblərin birində almaqda ikən qondarma torpaq iddiası irəli sürən mənfur qonşularımızın məkrli siyasəti nəticəsində hər şeyi yarımçıq buraxaraq məcburi köçkünlük həyatına məhkum olublar. Və həyatlarının digər hissəsi Ordubad rayonu ilə bağlıdır. Hazırda 6 nəfərlik ailənin üç üzvü həyatda yaşayır: Sevda Mustafayeva Bakı şəhərində, Sədaqət və Tovuz Mustafayevalar isə Ordubad şəhərində məskunlaşıblar... 
    Qərbi Azərbaycanda – indiki Ermənistandakı yaşayış səviyyələri və vəziyyətləri ilə bağlı söhbət əsnasında Tovuz və Sədaqət Mustafayeva bacıları əvvəllər ermənilərlə münasibətlərində ciddi problem olmayacağını düşündüklərini söyləyirlər. Lakin sonradan başa düşürlər ki, onlar lap əvvəllərdən öz xislətlərinə uyğun olaraq gizlin və üstüörtülü təbliğatlarını həyata keçirməkdə olublar. O vaxt bütün bunları digər Qərbi azərbaycanlılar kimi Mustafayevlər ailəsi də anlamırdı. Çünki ermənilərin xislətlərinə xas olan cəhətlərdən birisi də onların hər işə hiylə ilə yanaşmalarıdır. 
    Bəli, öz doğma yurd-yuvasından çıxmaq məcburiyyətində qalan Mustafayevlər ailəsi Ordubad rayonuna yeni gəldikləri vaxtlarda, özlərinin də dediyi kimi, acınacaqlı şəraitdə yaşayırlar. Lakin Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra digər həmyerliləri kimi Mustafayevlər ailəsi də mənzillə təmin olunur. Həyat şəraitlərinin tədricən düzəlməsinə baxmayaraq, ailə üzvləri hər zaman qəlblərində Vətən həsrətini daşıyıblar. Dövlətimizin himayəsi və qayğısı sayəsində hər iki xanım Sədaqət və Tovuz Mustafayevalar mənzillə təmin olunublar. Yerli sakinlərdən də olduqca razılıq edən  bu ailənin əsas dərdi doğma el-obaya qayıtmaqdır. Sədaqət xanım birinci qrup əlildir. Doğma el-obasından çıxarkən keçib gəldiyi zülmlü yollarda müxtəlif zədələr alması sağ qolunun amputasiya olunması ilə nəticələnib. İndi Sədaqət xanımın dostu, həmdərdi təkcə övladı, bacısı və yaşadığı mənzilin dörd küncüdür... Həm Vətən dərdi, həm Vətəndən ayrı düşən doğmalarının vaxtsız ölümləri, həm də fiziki məhdudiyyəti Sədaqət xanımın qəlbində ağır yara açıb. Bir gün doğma el-obasına qayıdarsa, yalnız onda xoşbəxt olacağını düşünür.
    Tovuz xanım isə Azərbaycan qadını adını elə şərəflə yaşadır ki, həqiqətən də, bu qədər fədakarlıq, vətənpərvərlik yalnız Azərbaycan-türk insanına aiddir. Bacısı Sədaqət xanım fiziki məhdudiyyətə düçar olan andan Tovuz xanın ona gecəli-gündüzlü qulluq etmiş, onun yenidən fiziki və mənəvi baxımdan həyata dönməsinə vəsilə olmuşdur. Tovuz xanım doğma el-obasını, ev-eşiklərinin qoxusunu oradan çıxarkən özü ilə götürə bildiyi gəlinciyindən alır. Ona bir insan kimi dəyər verir, onu qoruyub doğma yurddan ən əziz xatirə kimi saxlayır...
    Tovuz xanım xatırlayır ki, məktəbdə sinif yoldaşları olan erməni uşaqları azərbaycanlı şagirdlərə “türk” deyə müraciət edirdilər. Ermənilər bu sözü, ümumilikdə, ən pis söz olaraq formalaşdırmaq üçün çox çalışırdılar. Lakin onlar özləri də dərk etmədən qədim tarix və mədəniyyət sahiblərinin yadigarları olan Azərbaycan türklərinin varlığını, möhtəşəmliyini bu müraciət vasitəsilə hər dəfə ifadə etmiş olurdular. Yenə də öz xislətlərinə uyğun olaraq öz bəsit ənənələrinə xas olaraq “türk” sözünü xoşagəlməz söz kimi qabardırdılar. Və tədricən də türk sözü onların arasında təhqir xarakteri daşımağa başlamışdı. Onların bu iyrənc addımlarının arxasında təbii ki, məkrli bir siyasət dayanırdı. 
    Tovuz xanım doğma yurdlarında keçirilən milli mərasimlərimizi də çox yaxşı xatırlayır, bunlardan Novruz bayramının onların doğma məkanlarında böyük coşğuyla qeyd olunduğunu söyləyir. Və bu coşğunu həsəd və paxıllıqla qarşılayan qondarma tarix və bəsit mədəniyyət sakinləri olan ermənilər Novruzu azərbaycanlıların “dəli bayramı” adlandırırdılar.
    Tovuz xanım ermənilərin toy mərasimlərində yalnız Azərbaycan musiqilərinin səsləndiyini, erməni musiqiçilərinin Azərbaycan musiqilərinin bəzilərini olduğu kimi, bəzilərini də mənşəyi bilinməyən erməni dilinə çevirərək ifa etdiyini söyləyir. Məsələn, “Papirosum yana-yana” misrası ilə başlayan musiqi ermənilərin toy mərasimlərində ən çox səslənən musiqilərimizdən idi. Və bu musiqini elə olduğu kimi də – azərbaycanca da ifa edirdilər:

    Papirosum yana-yana
    Od düşüb şirin cana,
    Vallah qoyub gedərəm, ay gülüm,

    Qalarsan yana-yana (Bu misranı zümzümə edərkən Tovuz xanım yanıqlı-yanıqlı ağlayır).
    Bu barədə Tovuz xanımın söylədiyi faktlardan biri də erməni musiqiçilərinin toy mərasimlərində Azərbaycan mahnılarının çoxunun bəndini öncə azərbaycanca, sonra isə ermənicəyə çevirib oxumaları idi...
    Mustafayeva bacılarının valideynləri ilə bağlı ağır nisgilləri də var. Valideynləri qəlblərində Vətən həsrəti, qubarı dünyadan köçdülər. Onların son arzusu da elə Vətən idi. Tovuz xanım xatırlayır ki, anası Asya xanım həmişə xalq mahnılarımızı zümzümə edib oxuyarmış. Xüsusən də onlardan ikisi Asya xanımın Vətən dərdini sanki ovudarmış və zümzümə etdikcə də Vətən həsrətli göz yaşları tökərmiş:

    Simavər almışam silənim yoxdu,
    Bir dərdə düşmüşəm, bilənim yoxdu,
    Gedənim gedibdi, gələnim yoxdu...

    Və bir də:

    Yığdım bu dünyanın malın-dövlətin,
    Əllini aşırdım yüzə nə qaldı?
    Ayaq getdi, əl gətirdi, diş yedi
    Baxmaqdan savayı gözə nə qaldı?
    Nə qaldı, nə qaldı, baxmaqdan savayı gözə nə qaldı....

    Bu mahnılar televiziya ekranlarında səsləndirilərkən də Asya xanım həsrətli göz yaşı tökər, doğma yurdun özləmi ilə yanıb qovrularmış...
    Xatirələrini bir-bir gözləri önündə canlandıraraq öz doğma yurduna qovuşmaq arzusunu da ifadə edən Mustafayeva bacıları – Sədaqət xanım və Tovuz xanım nisgillərinə son qoyulacağı o günü səbirsizliklə gözləməkdədirlər.

    Biz də inanırıq ki, bu belə də olacaq! Necə ki otuz il həsrətində olduğumuz doğma torpaqlarımız mənfur düşmən tapdağından xilas edilib özümüzə qaytarıldı, eləcə də Qərbi Azərbaycandan zorla qovulmuş, öz doğma yurd-yuvalarına qayıtmaq arzusunda olan həmyerlilərimizin arzuları tezliklə çin olacaq!

Aytən CƏFƏROVA
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu 
Folklorşünaslıq şöbəsinin müdiri, dosent  
Qərbi Azərbaycan İcmasının Ordubad nümayəndəsi 

Nəşr edilib : 18.09.2023 19:47