AZ EN RU

Baxış fərqi və ya həyata fərqli baxışlar

Hərdən belə ifadəni çox işlədirik:" Dünyada nə qədər insan varsa o qədərdə fikir var" .

Ancaq fikirlərin üst- üstə düşdüyü məqamlar da az deyil. Bəs insanlarda eyni hadisəyə müxtəlif cür yanaşmaları nələr formalaşdırır? Məsələn, bəzilərimiz gözəl və rəngarəng güllərin olduğu mənzərəyə baxsaq da  orada ancaq tikanları görürük, bəzilərimiz isə ancaq tikanların olduğu kolluqda gizlənmiş çiçəyi görməyi bacarırıq. Yəni, bəzi insanlar pozitivə, bəziləri isə daim neqativə köklənir. İnsanları müxtəlif cür düşünməyə vadar edən və buna təsir göstərən  bir çox amillər mövcuddur. Bu amillərə düşünmə bacarığı, xasiyyət, xarakterlər, eyni zamanda  daha çox təsir edə bilən isə istək və meyillər daxildir.

Öncə düşünmə bacarığı  haqqında danışaq. Allah insana möhtəşəm düşüncə gücü və qavrama bacarığı verib.  Ancaq bir çox insan bu həyati bacarıqlardan lazımi şəkildə istifadə etmir. Sadəcə bu insanlar həyatını davam etdirəcək və işlərini həll edə biləcək qədər səthi düşünməkl kifayətlənirlər.  Onlar bu həyat formasının verdiyi itkinin və məhrum qaldıqları gözəlliklərin şüurlu şəkildə fərqində  deyillər. Halbuki Allah bir çox gözəlliyi dərin düşüncənin içində gizlətmişdir. Çox dərin düşünən insanların dünyadan və həyatdan aldıqları həzz, bu vasitə ilə əldə etdikləri nemətlər, yaşadıqları komfort, düşünməyi tərk edən və ya özünü yormadan səthi düşünən insanların həyatından çox fərqlidir. Düşünmək bəzi insanlara rahatlıq və mövcud çətinlikdən qurtuluş kimi gələ bilər. Bu cür insanlar nə qədər az düşünsələr, o qədər az yorulacaqlarına, başlarını o qədər az ağrıdacaqlarına və daha rahat yaşayacaqlarına inanırlar. Halbuki düşünmək, ağıldan istifadə etmək insanı rahatladır. Bunlar yorğunluq yaratmır, əksinə insana rahatlıq verir, hərəkətləndirir, daha aktiv olmasına və canlanmasına səbəb olur. Başqa sözlə desək, düşünmək ruhun qidasıdır və ya ruhun nəfəs almasıdır.

  İnsan öz ruhunu tənəffüsdən və ya yersiz fasilələrdən  azad edərsə daxili iztirabı çoxalar. Adətən, düşünməyən insanlar bir sıxıntı ilə qarşılaşdıqda , başqalarının onların əvəzinə düşünüb tədbir almalarını və problemlərini onların həll etməsini istəyirlər. Ya da əvvəlcədən əzbərlədikləri vasitələri tətbiq edməklə düşünməkdən qaçmağa çalışırlar. Düşünməklə vaxt itirəcəkləri qənaətində olan bu insanlar həmin vaxtda müxtəlif əyləncə və məşğuliyyətlərdən istifadə edərək daha çox ləzzət yaşayacaqlarına inanırlar. Əslində isə həyatdan daha çox ləzzət almaq və ən mükəmməl şəkildə yararlanmaq ancaq və ancaq düşünməklə mümkündür. Hz Peyğəmbərimiz (s) "düşünmək ibadətdir və düşüncəsiz heç bir ibadətin də xeyri yoxdur" ifadəsini söyləməklə məsələnin əhəmiyyətini vurğulamışdır.

 Baxış fərqini yaradan 2-ci amil isə xasiyyət və xüsusiyyətlərimizdir. İnsanlar müxtəlif, bəzən oxşar xasiyyət və xüsusiyyətlərə malik olur. Müxtəlif  xasiyyətlər də öz növbəsində 3-cü amil olan meyl və istəkləri yaradır. Yəni hər kəs öz xarakterinə uyğun meyl və istəklərə sahib olur. Çox vaxt obyektiv olduğumuzu zənn etsək də, əslində bizim fikirlərimizə meyl və istəklərimizin çox böyük təsiri vardır. Ona görə bu ifadə həqiqəti əks etdirir ki, Hz Əli (a.s) buyurur: "Danış ki, görüm sən kimsən". Yəni fikirlərimizdən baxış və yanaşmamızdan istək və meyillərimizi, həmin istək və meyillərdən isə xasiyyət və xarakterlərimizi müəyyən edib, bizim ruhən portretimizin, yəni həqiqi kimliyimizin şəklini çəkmək olar. Biz elə fikirləşirik  ki, pozitiv düşünməyən və neqativə köklənən insana bir kəlmə "pozitiv düşün" deməklə həmin şəxs dəyişəcək. Əslində xasiyyətin dəyişməsi bir qədər uzun və çətin prosesdir, amma mümkündür və bir insan daim buna çalışmalıdır ki, özündə olan mənfi xasiyyət və xarakterləri, eyni zamanda  bu xasiyyətlərdən yaranan mənfi vərdiş və  istəkləri tərk etsin. Çünki yaradılmış canlılardan yalnız insan dəyişməklə yanaşı dəyişdirmək istedadına da malikdir. Doğrudan da insan dəyişə bilər. Buna görə də daha real və obyektiv yanaşma, daha doğru baxış bucağına sahib olmağın yalnız bir yolu vardır ki, o da insanın öz üzərində işləməsidir. Bunun üçün ilk addım isə insanın özünü tanıması, hansı  mənfi xasiyyət və xüsusiyyətlərə sahib olduğunu qəbul etməsidir. Əgər biz öz mənfilikərimizi görməzdən gələrək, özümüzü ideal zənn etsək və daim obyektiv olduğumuzu düşünsək,  ən böyük zərər çəkən də elə məhz özümüz olacağıq.

Zeynəb Xəlilova

Naxçıvan Dövlət Universitetinin Jurnalistika

 ixtisasının II kurs tələbəsi 

Nəşr edilib : 25.04.2022 15:44