AZ EN RU

Batabat yaylağından Qərbi Azərbaycan Olimpiadası qaliblərinin təəssüratları

"Qərbi Azərbaycana qayıdış"  festival-konqresində iştirak edən və burada mükafatlandırılan Qərbi Azərbaycan Olimpiadasının birinciləri Batabat yaylağından öz təəssüratlarını "Şərq qapısı" qəzeti ilə bölüşdülər:
Vəliyev Kənan: – Olimpiadaya Cəlilabad rayonundan qatılmışam və 9-cu sinifdə  oxuyuram. Bu gün burada birinci yerə layiq görülərək qızıl medalla mükafatlandırıldım. 
Medal alan və almayan hər kəsi təbrik edirəm. Təbii ki, burada hər kəs qalibdir. Bu festivalda iştirak etməyin özü çox sevindiricidir. Dayandığımız ərazi Qarakilsə rayonuna ən yaxın ərazidir və Qərbi Azərbaycanı canlı hiss edirik. Bundan savayı həm də Naxçıvanın gəzməli yerləri ilə də tanış olduq, çox möhtəşəm məkandır. 
Baxışəliyeva Aytac: – Cəbrayıl rayonundan olimpiadaya qatılıram. Bu olimpiada Azərbaycanda ilk dəfə keçirilir. Xoşbəxtəm ki, mən də bu olimpiadada ilk dəfə qızıl medal alan şagirdlərdənəm və çox həyəcanlıyam. Bilirdim, nəticəm yüksək olacaq, çünki bunun üçün çox çalışmışdım. Buradan müəllimlərimə təşəkkürümü bildirirəm, onların mənim üzərimdə əməkləri böyükdür. 
Məmmədov Ramal: – Bakı şəhərindəki "Dünya" məktəbindən gəlmişəm. Olimpiadada birinci yerə çıxdığım üçün çox sevincliyəm. Mən özüm də əslən qərbi azərbaycanlı olduğum üçün bu gün burada olmaq mənə ikiqat sevinc verdi.  Valideynlərimə və bütün müəllimlərimə təşəkkürümü bildirirəm. İnanıram ki, gələcəkdə də bu cür olimpiadalara qatılıb uğurlu nəticələr əldə edəcəyəm.

Nəşr edilib : 22.06.2024 21:06