AZ EN RU

Batabat yaylağında növbəti “Xalq yaradıcılığı” festivalı keçirilib

    Azərbaycan xalqının mədəniyyət və incəsənətinin, xalq yaradıcılığının yaşadılması üçün əvəzsiz xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Ramazan bayramına həsr olunmuş Batabat yaylağında keçirilən “Xalq yaradıcılığı” festivalı qədim diyarımızda bu sahəyə böyük diqqət və ehtiramın ifadəsi idi. 
    Naxçıvan təbiətinin incisi, gözəlliyi dillər əzbəri olan Batabat yaylağında bu qəbildən festivalların keçirilməsi artıq ənənə halını almışdır. Şahbuz rayonunun özfəaliyyət kollektivlərinin bir-birindən gözəl musiqi, rəqs və folklor qruplarının ifa və çıxışları, milli mətbəximizin ləziz təamları və qadınlarımızın əl işlərinin sərgilənməsi Batabat yaylağına xüsusi bir gözəllik bəxş etmişdi. Tədbirdə iştirak edən insanların bir neçəsi ilə həmsöhbət olub festival haqqında təəssüratlarını öyrəndik. 
    Bu müqəddəs torpaqlarda göylərə ucalan başıqarlı dağların vüqarındandır övladlarının igidliyi, mərdliyi... Bu igidlərdən biri də festival iştirakçılarından müsahibimiz, şanlı Zəfəri bizə bəxş edənlərdən biri, 44 günlük Vətən müharibəsi qazisi İsa Yavərsoylu oldu. Şahbuz rayonunun Keçili kəndindən olan qazimiz döyüş xatirələrindən söz açaraq başladı söhbətə. 44 günlük müharibə zamanı Şuşaya, Böyük Zəfərə gedən yoldan qürurla danışdı. Vətən torpaqları uğrunda şəhid olan döyüş yoldaşlarını da xatırlayaraq onların müharibə zamanı qanları-canları bahasına böyük şücaət göstərmələrindən söz açdı. Qeyd etdi ki, bu cür el şənliklərinin təşkili hər kəs tərəfindən böyük fərəh hissi ilə qarşılanır. Qazimiz deyir ki, bizim kimi oğulları olan Vətənin bu cür toy-bayram etməyə haqqı var!..
    Festival nə qədər bayram əhvali-ruhiyyəsində keçsə də, bizi bir qədər kövrəldən bir şəxslə həmsöhbət olduq. Bu şəxs üzü nurani bir baba idi. Bəli, baba! Bu kəlməni eşitməyə çox ehtiyacı var idi. O, Şahbuz Şəhər Ahıllar Evinin sakini Şamil Şirinov idi. Ahıllar Evinin digər sakinləri kimi o da tədbirə dəvət olunmuşdu. Şamil baba ilə uzun söhbətdən sonra bir ağsaqqal kimi bu cür festivalların keçirilməsinə münasibətini, xalqımız üçün arzularını öyrənmək istədik. O bildirdi ki, bu cür tədbirlər, xüsusən də xalq yaradıcılığı günlərinin ənənəvi formada keçirilməsi biz yaşlı nəslin ürəyincədir. Dövlətimiz var olsun ki, belə əhəmiyyətli tədbirlərin təşkilinə böyük önəm verir. Ölkəmizin, ulu diyar Naxçıvanın ucalardan uca olmasını, xalqımızın xoşbəxt, firavan, sülh, əmin-amanlıq içində yaşamasını arzulayıram. Şamil baba Naxçıvana həsr olunmuş şeir parçasıyla söhbətini yekunlaşdırdı:

    Gətirmisən elə barı-bəhəri,
    Yaşa səni, Naxçıvanım.
    Batabatın gur suları,
    Əlincənlə, Haçadağın
    Xan Arazla, Heydər bağın,
    Gül çiçəkli Naxçıvanım.

    Muxtar respublikamızda özünəməxsusluğu ilə seçilən festivallar sakinlərlə yanaşı, şəhərimizin qonaqlarının da diqqət mərkəzindədir. Qardaş ölkə Türkiyənin Qars şəhərindən “Xalq yaradıcılığı” festivalında iştirak etmək məqsədilə şəhərimizə üz tutan Gökhan Azizoğlu və ailəsi festival haqqında öz fikirlərini bizimlə bölüşdü. Bildirdi ki, onlar Türkiyədə yaşayan Azərbaycan əsilli ailələrdəndir. Bir neçə gün öncə sosial şəbəkələrdə festivalın keçiriləcəyini öyrənmiş, bu məqsədlə yurdumuza üz tutmuşlar. Soydaşlığımız səbəbi ilə mədəniyyətlərimiz, demək olar ki, oxşardır; rəqslərimiz, mahnılarımız, yeməklərimiz. Ancaq burada – açıq havada Azərbaycanın mədəniyyət və incəsənəti ilə yaxından tanış olmaq tamamilə fərqlidir. O qeyd edir ki, Naxçıvan onlar üçün ikinci Vətəndir və ana Vətəndə olmağın sevinci içərisindədirlər. 
    Gələn qonaqlar arasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı, Əməkdar rəssam Ülviyyə Həmzəyeva da var idi. Ülviyyə xanımla söhbət zamanı dedi ki, artıq 3 ildir ki, keçirilən festival bu il də böyük təmtəraq və coşqu ilə qeyd olunur. Burada muxtar respublikanın digər bölgələrindən olan insanları da görmək mümkündür. Festivalda nümayiş olunan milli musiqi, yallı və rəqs nümunələri də tədbirə xüsusi gözəllik qatır. Buraya istedadlı qadınlarımız tərəfindən hazırlanan əl işləri də çıxarılıb. Müsahibim sonda onu da qeyd etdi ki, ilin yaz fəslində keçirilən festivalı əsl yaylaq festivalı hesab edir. Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bu tədbir, həqiqətən, təqdirəlayiqdir. Bizim üzərimizə düşən vəzifə isə bu cür milli dəyərlərin yaşadıcısı olmaqdır.
    Təsərrüfatçı, 62 yaşlı Xuraman nənə dedi ki, Şahbuz dağlarından yığdıqları təbii bitkilərdən hazırlanan kətə bişirirlər. Yaz fəslində yetişən şomu, çiriş, qazayağı, quzuqulağı, və digər müalicəvi bitkilərdən hazırlanan kətə çeşidlərini festival iştirakçılarına təqdim edirlər. Burada hazırladıqları kətələrin təndirdə bişməyi gələn qonaqların diqqətini çəkir. Hər kəs kətələrin dadına baxmaq imkanı əldə edərək alıb evlərinə də aparır. Müsahibim onu da bildirdi ki, Şahbuzun gözəl yaylağında keçirilən bu festivalda təsərrüfatçılar həm istirahət edir, həm də öz məhsullarını sata bilirlər. 
    Hər dəfə yolunu Batabat yaylağından salan insanlar gölün ətrafında min bir əziyyətlə hazırladığı arıçılıq məhsullarını nümayiş etdirən 50 yaşlı Etibar Səfərovu görürlər. Kolanı kəndindən olan Etibar dayı buranın daimi sakinlərindəndir. O da bugünkü festivalın iştirakçısıdır. Əməksevər və zəhmətkeş müsahibimizlə söhbət zamanı bildirdi ki, ömrünün çoxunu arıçılıq təsərrüfatına həsr edib. Dədə-babadan miras qalan bu peşə ilə ailəsini dolandırır. Öz məhsulları ilə muxtar respublikada hər il keçirilən “Arıçılıq məhsulları – bal festivalı”nda ənənəvi olaraq iştirak edir. Burada bal, mum, vərəmum və digər arıçılıq məhsulları satışa çıxarıb. Etibar dayı onu da diqqətimizə çatdırır ki, buraya  həm də diyarımızın gözəl və bənzərsiz təbiətindən topladığı müalicəvi dərman bitkiləri olan mələçöyür, çaşır, dazotu, solmazçiçək, üzərlik, kəklikotu, qantəpər və qanqal da gətirib. Bu bitkilər gələn qonaqlar tərəfindən xüsusi maraqla qarşılanır. 
    Azərbaycan xalq rəqslərinin ən qədim forması, həmrəyliyimizin və birliyimizin simvolu olan yallılarımız bu festivalda da insanları heyran etdi. Nəsildən-nəslə ötürülən bu milli irsimizi ifası ilə təbliğ edən 54 yaşlı Qönçə Allahverdiyeva heç də gənc nəsildən geri qalmır. Qönçə xanım deyir ki, yallı qrupunda olduğu 11 il ərzinə bir çox tədbir və festivalda iştirak etmiş olsa da, Ümummilli Liderimizin 100 illik yubileyi və Ramazan bayramına həsr olunmuş “Xalq yaradıcılığı” festivalında rəqs etmək onun üçün daha qürurverici hadisədir. Yallı bizim milli sərvətimizdir. Zamanın tələbi belədir ki, hər şey vaxt ötdükcə unudulur. Ancaq gərək biz layiqli vətəndaş kimi öz milli-mənəvi dəyərlərimizi unutmayaq, unutdurmayaq. Çünki onlar bizim milli varlığımızı təcəssüm etdirir. Arzum budur ki, gənclərimiz də bu dəyərimizi unutmasın, qoruyub-saxlasın.
    Son olaraq onu qeyd edək ki, tarixən milli-mənəvi dəyərlərimizin böyük ehtiramla qorunduğu, yaşadıldığı qədim diyarımız Naxçıvanın dilbər guşələrindən biri olan Batabatda həmin gün, sözün həqiqi mənasında, böyük bayram sevinci yaşandı. Ulu Öndərimizin xüsusi dəyər verdiyi xalq yaradıcılığı nümunələri, mahnılar, rəqslər, digər folklor nümunələri, bir-birindən nəfis və maraqlı əl işləri buraya üz tutanlarda xoş təəssüratlar yaratdı.
    Tədbir iştirakçıları belə təəssüratları onlarda yaradanlara minnətdarlıqlarını bildirməklə Ümummilli Liderimizə həsr olunmuş tədbirdə iştirak etməyin qürurunu yaşadıqlarını dilə gətirdilər.

Aidə İBRAHİMOVA
Bülbül QULİYEVA
 Aysel YUSİFZADƏ

 

Nəşr edilib : 23.04.2023 12:00