AZ EN RU

Başlıbel faciəsi: soydaşlarımıza, tarixi-mədəni irsimizə qarşı vandalizm aktı və soyqırımı siyasətinin növbəti təzahürü

Başlıbel faciəsindən 30 il ötür 

Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kənd­lərindən biridir. İki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşən kənd Azərbaycan türklərinin məskəni olub. Müxtəlif illərdə aparılan arxeoloji qazıntılar zamanı qəbirlərdən tapılan insan sümükləri, bəzək əşyaları, dəmir sikkələr də bunu sübut edib. Kəlbəcər Diyarşünaslıq Muzeyinə təhvil verilən belə tarixi eksponatların böyük bir hissəsi Kəlbəcərin işğalı zamanı dağıdılıb. 

Kəlbəcər rayonunun işğalı və Başlıbel kəndində
 törədilən qətliam

    1993-cü il aprelin 2-də Kəlbəcər Azərbaycan Xalq Cəbhəsi rəhbərliyinin səriştəsizliyi, yarıtmaz fəaliyyəti, xəyanəti nəticəsində ermənilər tərəfindən işğal edildi, minlərlə kəlbəcərli öz doğma yurdlarından qovulub, didərgin salındı. Həmin dövrdə Başlıbel kəndində də ermənilər tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınlar törədildi. Bu cinayət zamanı ermənilər içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisini müxtəlif işgəncələrə məruz qoymaqla kütləvi şəkildə qətlə yetirmiş, bəzilərini diri-diri yandırmışdı. Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilmişdi. Kənd əhalisi qəhrəmancasına düşmənə müqavimət göstərmiş, doğma torpaqlarını tərk etmək istəməyən 62 nəfər kahalara – təbii mağaralara sığınmışdı. Lakin erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayaraq bir hissəsini qətlə yetirmiş, 19 nəfər kənd sakini girov götürülmüş, düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib 113 gün mühasirə həyatı yaşamışdı. Sonralar sağ qalan 29 nəfər Daşkəsən ərazisinə keçərək canlarını qurtara bilmişdi. Düşmənə qarşı döyüşlərdə qəhrəmanlıq göstərmiş 9 nəfər şəhid, 4 nəfər sağlamlığını itirərək əlil olub. İtkin düşən 2 nəfər kənd sakinindən indiyədək heç bir məlumat yoxdur. 

    İşğal zamanı kəndin fərdi yaşayış evləri, məktəbi, uşaq bağçası, xəstəxana, mağazaları, hamamı, çörək sexi, klub, mədəniyyət evi, kitabxanası və digərləri ermənilər tərəfindən dağıdılıb və ya qarət edilib.

Başlıbel faciəsi şahidlərin dili ilə

Ötən müddət ərzində bu faciənin araşdırılması, tədqiqi dövlətin daim diqqət mərkəzində saxlanılıb. 2017-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” layihəsi əsasında eyniadlı kitab nəşr edilib. Azərbaycan və ingilis dillərində çap olunan nəşrdə Başlıbel kəndində törədilmiş qırğın haqqında canlı şahidlərin fikirləri, mühasirədə qalanları xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri yer alıb. 
    Şahidlərin bir neçəsinin müxtəlif xəbər portallarına verdikləri müsahibəni təqdim edirik: 
    113 gün Başlıbel kəndində Ermənistan ordusunun mühasirəsində qalmış 62 nəfərdən ibarət dəstənin  üzvü Elşad Əzizov deyib: “Qəfil çovğun başlayandan sonra, gecə saat 1-in yarısında silahlı erməni quldurlarının əsas hissəsi “Portda” kahalarının ətrafından geri çəkilib kəndə tərəf qayıtmağa başladılar. Amma köməksiz vəziyyətdə kahalara sığınmış dinc sakinlərə qarşı törətdikləri vəhşiliklərdən doymamışdılar. Girov götürdüklərini qabaqlarına qatıb aparan quldur dəstələri həmin gecə Başlıbel kənd orta məktəbinin binasını yandırdılar. “Portda”da isə atışma davam edirdi. Hələ sağ qalanların kahalarda gizləndiyindən şübhələnən 4 quldur PK pulemyotu ilə atəş açaraq irəliləyirdi. Kahada sağ qalan əliyalın sakinləri qorumağa çalışan zərdablı Vüqar əsil qəhrəmanlıq göstərirdi. O, son nəfəsinə qədər döyüşərək ermənilərə kahada gizlənənlərin yerini müəyyənləşdirməyə imkan vermirdi. Bir an içərisində cəsarətlə kahanın ağzına çıxan Vüqar Abdullayev quldurların dördünü də yerə sərdi. Yenidən əvvəlki mövqeyinə doğru qaçarkən quldurlardan birinin atdığı qumbara onu kahanın 3-4 metrliyində haqladı. Vüqar da həmin gecə şəhid oldu”. 
    Həmin dəhşətli qətliamdan danışan, Birinci Qarabağ müharibəsində tankçı olmuş Məzahir Abbasquliyev: “Sonda səkkiz döyüşçü ilə birlikdə qaldıq və 62 mülki şəxsi dağlarda sığındıra bildik. Düşmənə müqavimət göstərərkən erməni quldurları tərəfindən 27 mülki şəxs öldürüldü. Onlar yaşlı Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağayevi işgəncə ilə qətlə yetiriblər. Yaşlı şəxslərdən, qadınlardan və uşaqlardan ibarət 19 nəfər kənd sakini isə Ermənistan hərbçiləri tərəfindən girov götürüldü. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilərək daha 113 gün mühasirə həyatı yaşadı. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə bilib. Amma 1 nəfər – I və II Dünya müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bu günədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur”.

Tarixi qələbə – Kəlbəcərin işğaldan azad olunması

    1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi Azərbaycanın müstəqilliyi və dövlətçiliyinin qorunub saxlanılmasında əsas oldu. Ulu Öndərin yolunu ləyaqətlə davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Vətən müharibəsində xalqımız böyük Zəfər qazandı. 2020-ci ildə müzəffər Ordumuz cəmi 44 gündə ermənilərin möhkəmləndirdiyi və keçilməz elan etdikləri mühafizə sədlərini darmadağın edərək düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Beləliklə, sərt iqlimə və mürəkkəb coğrafi relyefə – hündür dağlara malik Kəlbəcər rayonu bir güllə atılmadan, şəhid vermədən düşmən tapdağından azad edildi. Ötən müddət ərzində Kəlbəcərin Baş Planı təsdiq olunub, kəlbəcərlilərin öz doğma yurdlarına qaytarılması üçün tikinti-quruculuq işləri həyata keçirilməkdədir.

Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətdən
 qaça bilməyəcək 

Ermənistanın dinc soydaşlarımıza qarşı törətdiyi cinayətlər gözlərimizin önündə canlanır. Uzağa getməyək. 44 günlük Vətən müharibəsində artıq məğlubiyyətlərini dərk edən erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi terror aktları yaddaşlardan çıxmayan faktlardır. Ermənistan ordusunun cəbhədən xeyli uzaqda yerləşən Gəncə şəhərinə ayrı-ayrı vaxtlarda 5 dəfə raket hücumu nəticəsində kişi, qadın və uşaq da olmaqla, 26 nəfər dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib, 175 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətən müharibəsi zamanı təkcə Gəncə deyil, eyni zamanda Bərdə, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızın da ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulması nəticəsində soydaşlarımız həlak olub, yaralanıb. Bu gün hər bir fakt dövlətimiz tərəfindən qeydə alınır, ciddi araşdırılır və cinayət işləri qaldırılır. 

Ölkə başçısı Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin taleyini daim diqqətdə saxlayır

Başlıbeldə 2021-ci ilin aprel ayında aşkar olunan kütləvi məzarlıq, ötən il Edillidə tapılmış insan sümükləri Ermənistanın hərbi cinayətlərinin bariz nümunələridir. Başlıbeldə qətlə yetirilən 12 nəfərin cəsədinin DNT analizləri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib. Ötən il Xocalı rayonunun Fərrux kəndində insan qalıqlarının aşkar edildiyi kütləvi məzarlıq, Xocavənd rayonunun Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanan azərbaycanlı hərbçilərin olduğu kütləvi məzarlıq, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyindən hələ də xəbər olmaması ermənilərin insanlıq əleyhinə növbəti cinayətlərindən xəbər verir. 
    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən 2021-ci ildə  BMT-nin baş katibinə ünvanlanan Kəlbəcərin Başlıbel kəndində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinin məqsədyönlü şəkildə qətlə yetirməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan cinayət işinin ilkin nəticələrinə dair məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Baş katibin diqqətinə çatdırılıb ki, aparılan araşdırmalar zamanı digər rayonlar ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Kəlbəcər rayonunun Başlıbel kəndinin mülki əhalisinə qarşı xüsusi amansızlıq və qəddarlığın nümayiş etdirildiyi müəyyən olunub. Kənd sakinlərinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyi, girov götürülən şəxslərə isə işgəncələr verildiyi, həmçinin həmin kəndin tamamilə dağıdıldığı və yer üzündən silindiyi bildirilib. Başlıbel faciəsinin Ermənistanın Azərbaycana qarşı təcavüzü çərçivəsində həmin qondarma dövlət tərəfindən törədilən çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdən yalnız biri olduğu qeyd edilib. Ədalətin təmin olunması və müharibə sonrası barışıq üçün bütün bu cinayətlərin hərtərəfli araşdırılmasının vacib olduğu vurğulanıb.
    Prezident cənab İlham Əliyev 2021-ci ilin sentyabrında BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxışı zamanı Başlıbel qırğınını xüsusi vurğulamaqla kütləvi məzarlıqlar mövzusunu BMT səviyyəsinə qaldırıb. Dövlət başçısı bildirib ki, Ermənistan itkin düşən şəxslərin taleyi ilə bağlı bizə məlumat verməlidir. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır... Həmçinin ölkə başçısının “Xocalı soyqırımının 30-cu ildönümü haqqında” 2022-ci il 28 yanvar tarixli Sərəncamında qeyd edilir ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edilib, 20 min vətəndaşımız qətlə yetirilib, 50 min nəfərdən artıq adam yaralanıb və əlil olub. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qalıb...
    Beynəlxalq hüququn norma və prinsiplərini pozaraq müxtəlif təxribatlar, soydaşlarımıza qarşı çoxsaylı cinayətlər, qətliamlar törətməkdə təqsiri olan şəxslərin  hüquqi məsuliyyətə cəlb edilərək ədalət mühakiməsi qarşısında cavab verəcəyi gün yaxındadır.

 Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 17.04.2023 21:21