AZ EN RU

Basketbol Federasiyasının hesabat yığıncağı keçirilib

    Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının 2021-ci ilin yekunu və 2022-ci ildə görüləcək işlərə dair hesabat yığıncağı keçirilib. Federasiyanın sədri Elbrus İsayev qeyd edib ki, ölkəmizdə digər sahələrin uğurlu inkişafı ilə yanaşı, basketbol idman növünə də xüsusi önəm verilir. Vurğulanıb ki, 27 aprel 2021-ci il tarixdə açıq havada universitet tələbələrinin “XV Universiadası”nın proqramına daxil olan basketbol yarışları keçirilib. Yarışlarda 33-ü əcnəbi olmaqla, 110 tələbə iştirak edib. Naxçıvan şəhərində fəaliyyət göstərən 11 tam orta məktəbin komandaları arasında, 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin 9-11-ci sinif şagirdlərindən ibarət oğlan  komandaları arasında Naxçıvan şəhər birinciliyi keçirilib. 
    Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazir­liyi ilə birlikdə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin muxtar respublika birinciliyi, ümumtəhsil məktəblərinin oğlan komandaları arasında basketbol üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan şəhərini və muxtar respublikanın rayonlarını təmsil edən 8 komandanın iştirak etdiyi yarışlarda 80 idmançı qüvvəsini sınayıb. Elbrus İsayev qeyd edib ki, basketbol idman növü üzrə məşqlər keçirilməklə bərabər, 19 aprel 2021-ci il tarixdə  muxtar respublikada basketbol yarışlarını idarə etmək üçün ictimai hakimlər və məşqçilər hazırlamaq məqsədilə 15 nəfərin iştirakı ilə iki həftəlik seminar təşkil olunub. Respublika dərəcəli hakim Füzuli Salmanovun rəhbərliyi ilə aparılan seminarda hazırlanan hakimlər sonrakı dövrlərdə təşkil olunmuş yarışları idarə ediblər. Bildirilib ki, müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqini təmin etmək məqsədilə ötən il federasiyanın internet saytının təqdimatı olub. 
    Elbrus İsayev deyib ki, hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində və uşaq idman məktəblərində 42 basketbol klubu fəaliyyət göstərir ki, bu klublarda 536 şagird bu idman növü ilə məşğul olur. Naxçıvan Dövlət Universitetində isə 47 nəfər olmaqla, 3 basketbol qrupu fəaliyyət göstərir.
    Bildirilib ki, Naxçıvan Dövlət Universitetinin Məşqçilik ixtisasında basketbol seçmə ixtisas fənni kimi tədris olunur. Bu fənnin tədrisinin keyfiyyətini yüksəltmək məqsədilə basketbola aid dərs vəsaiti və proqramlar hazırlanıb. Vurğulanıb ki, 2002-ci ildə yaradılan Basketbol Federasiyası idmanın bu növünün inkişaf etdirilməsini, yeniyetmə və gənclərin idmana cəlb olunmasını, idman yarışlarının kütləviliyinin artırılmasını daim diqqətdə saxlamalıdır. Elbrus İsayev diqqətə çatdırıb ki, gələcəkdə də Basketbol Federasiyası Gənclər və İdman Nazirliyilə birgə işini günün tələbləri səviyyəsində qurmalı, eyni zamanda komandaların tərkibinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görməli və bu idman növünün kütləvi hal alması üçün bütün zəruri tədbirlər həyata keçirilməlidir.     
    Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı çıxış edərək müasir dövrdə muxtar respublikada idmanın inkişafı üçün dövlət səviyyəsində keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Vurğulanıb ki, Basketbol Federasiyası öz işini 2021-ci ildə verilmiş tapşırıqlara əsasən qurub. Naxçıvan şəhəri və bölgələrdə federasiyanın bölmə və qrupları fəaliyyət göstərir ki, həmin bölmələrdə, ümumilikdə, 12 qrup üzrə 148 yeniyetmə və gənc idmanla məşğul olur. Diqqətə çatdırıb ki, nazirliklə federasiyanın birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqlar yerinə yetiriləcək, bu sahənin inkişafı yolunda yeni uğurlar əldə olunacaq.
    Sonda muxtar respublika məktəblərinin basketbol üzrə məşqçiləri Fəxri fərman və hədiyyə ilə mükafatlandırılıb. 

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 28.01.2022 19:56