AZ EN RU

Baş Prokuror: Terrorçuluq və narkotiklə mübarizədə Türkiyə ilə əməkdaşlıq çox vacibdir

"Terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi bu saat bəşəriyyəti ən çox narahat edən məsələlərdən biridir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası xüsusi bir coğrafi məkanda yerləşir. Buna görə, düşünürəm ki, Türkiyə ilə bu məsələdə əməkdaşlıq çox vacibdir".

Bu fikirləri Naxçıvanda keçirilən Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı konfransından sonra jurnalistlərə açıqlamasında prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, keçirilən bu konfransın əhəmiyyəti çox mühümdür:

"Bu konfransın həm siyasi, həm də hüquqi əhəmiyyəti var. Çünki son zamanlar transmilli cinayətlərin çoxalması əməkdaşlığı zəruri edir. Təbii ki, əməkdaşlıq hüquq mühafizə orqanları arasında, xüsusilə prokurorluq orqanları arasında həm beynəlxalq, həm də regional səviyyədə həyata keçirilir. Bizim bugünkü konfransın məhz sərhədyanı prokurorların əməkdaşlığı mövzusuna həsr olunması mahiyyət etibarilə yeni bir müstəvidir. Yəni bu, iki qardaş dövlət arasında münasibətlərin hüquqi əməkdaşlıq sahəsinin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsidir. Eyni zamanda, bu, ölkələr arasında yaranmış gözəl siyasi münasibət və digər sahələrdə intensiv münasibətlərin inkişafı bizim hüquq mühafizə orqanlarında da məhz bu səviyyədə, bu dərəcədə intensiv əməkdaşlığı zəruri edir".

Nəşr edilib : 10.07.2023 16:13